Maliyyə Nazirliyinin nümayəndə heyəti PEMPAL proqramının plenar iclasında iştirak edib

Maliyyə Nazirliyinin nümayəndə heyəti PEMPAL proqramının plenar iclasında iştirak edib
  29 Mart 2025    Oxunub:829
Avstriyanın paytaxtı Vyanada Dünya Bankının “Dünya maliyyəsinin idarəedilməsi üzrə təcrübə mübadiləsi (PEMPAL) proqramı”nın dövlət xərclərinin idarə edilməsi üzrə plenar iclası keçirilib.
AzVision.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, üzv ölkələrin maliyyə nazirlərinin, dövlət xəzinədarlığının rəhbərlərinin, Avropa Komissiyası (AK) və Dünya Bankının yüksək səviyyəli rəsmilərinin, PEMPAL katibliyinin təmsilçilərinin və ekspertlərin iştirak etdiyi tədbirdə ölkəmizi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə Nazim Qasımzadə “PEMPAL ölkələrində xəzinədarlıq funksiyalarının rəqəmsallaşdırılması və genişləndirilməsi” mövzusunda təqdimatla çıxış edib, maliyyə sahəsində Azərbaycanda aparılan islahatlar, xəzinədarlığın elektron təşkili, xəzinə informasiya sisteminin müasirləşdirilməsi və digər məsələlər haqqında geniş məlumat verib.

Plenar iclasda keçirilən səsvermənin nəticəsinə əsasən, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadə PEMPAL proqramının Xəzinədarlıq Cəmiyyətinin İdarə Heyətinin yeni sədri seçilib. Proqram çərçivəsində növbəti tədbirin mayın sonunda Gürcüstanın paytaxtı Tbilisidə keçirilməsi qərara alınıb.

Xatırladaq ki, PEMPAL proqramı 2005-ci ildə Dünya Bankı tərəfindən təsis edilib, hökumət xərclərinin idarə edilməsi üzrə dövlət fiskal orqanlarının şəbəkəsidir və özündə Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropanın 21 ölkəsini birləşdirir. Proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır. PEMPAL Proqramına üzv olan ölkələrin nümayəndələri, beynəlxalq ekspertlər mütəmadi olaraq əldə etdikləri müsbət təcrübəni bölüşür, fikir mübadiləsi aparırlar.

AzVision.az


Teqlər: Vyana   PEMPAL  





Xəbər lenti