"New York Post" Trampın sülh planının təfərrüatlarını açıqlayıb

   "New York Post" Trampın sülh planının təfərrüatlarını açıqlayıb
  22 Aprel 2025    Oxunub:513
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Ukraynada davam edən gərgin müharibənin sülh yolu ilə həlli planını ictimaiyyətə təqdim etmək niyyətindədir. Bu barədə siyasətçi açıqlama verib. Onun sözlərinə görə, yeni təşəbbüs tərəflərin mümkün atəşkəsə əməl etmələri üçün Avropa hərbi qüvvələri də prosesə cəlb edilə bilər.
Bu fikirlər "New York Post"da dərc olunan məqalədəndir.

Tramp jurnalistlərə deyib: “Yaxın üç gün ərzində sizə tam məlumat verəcəyəm. Amma bir şeyi deyə bilərəm ki, bizim Ukrayna məsələsi ilə bağlı çox yaxşı görüşlərimiz oldu... Görək, bundan sonra necə olacaq”.

Tramp Kiyevin Krımdan imtina etməsini gözləyir - "WSJ"
Rəsmi şərtlər cəmiyyət, media üçün qeyri-müəyyən qalsa da, adminstrasiyanın yüksək səviyyəli rəsmilərindən biri nəşrə bəzi detalları açıqlayıb. O deyib ki, nəzərdə tutulan plan Ukrayna üçün təhlükəsizlik təminatları sisteminin bir hissəsi sayılan “davamlı qüvvələr” adlı hərbi kontingentin proseslərdə tətbiqini əhatə edəcək.

"Məsələnin ən çətin bölümü təhlükəsizlik qüvvələrinin necə görünməsidir. Biz onları sadəcə "müqavimət qüvvələri" adlandırırıq",- adı açıqlanmayan ABŞ rəsmisi qeyd edib.

Atəşkəs rejiminə əməl olunmasına nəzarət edəcək ayrıca sülhməramlı missiyanın -birgə komissiyanın yaradılması ideyası da nəzərdən keçirilir. Bu komissiya Rusiya, Ukraynaya yaxın, NATO-ya isə üzv olmayan neytral, üçüncü ölkələrin nümayəndələrindən ibarət olacaq.

Amerikalı rəsmi qeyd edib ki, sülh təklifinin digər mümkün komponenti ABŞ-nin proseslərdə birbaşa hərbi iştirak kimi deyil, “üçüncü tərəflə birlikdə maliyyə gücü” kimi iştirakı nəzərdə tutulur. Yəni, Ağ Ev ölkədə yerləşdiriləcək sülh missiyalı hərbi kontingentə sadəcə maddi dəstək göstərəcək.

"The Wall Street Journal" yazıb ki, müqavilədə Krımın Rusiya ərazisi kimi tanınması bəndi də ola bilər. Maraqlıdır ki, Tramp administrasiyası əvvəllər ABŞ-nin digər prezidentləri kimi bu varianta qarşı çıxmışdı.

Bir neçə gün öncə “The Wall Street Journal”da (WSJ) da oxşar mövzuda diqqət çəkən məqalə dərc edilmişdi.
Nəşr yazıb ki, ABŞ prezidenti Donald Tramp Kiyevdən Krımın Rusiya ərazisi kimi tanınması və Ukraynanın NATO-ya üzvlük iddiasından imtinası ilə bağlı cavab gözləyir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   ABŞ   Ukrayna   Sülh  





Xəbər lenti