İranla anlaşmanın altında nə gizlənir? – TƏHLİL

İranla anlaşmanın altında nə gizlənir? – TƏHLİL
  04 Aprel 2015    Oxunub:10687
Bu həftə bəzilərinin “əsrin anlaşması”, bəzilərinin isə özündə gizli təhlükə daşıyan bir qərar hesab etdikləri hadisə baş verdi – İsveçrənin Lozanna şəhərində İranın nüvə proqramı ilə bağlı razılıq əldə olundu. Beləliklə, 10 ildir ki davam edən, bəzi hallarda müharibə həddinə qədər artan gərginlik çözüldü. Amma bu çözüm nəyə gətirib çıxaracaq - əsas sual bax, budur.

İranın nüvə proqramının hərbi xarakter almağa başlaması haqda ilk xəbərlər 2002-ci ildə yayılmışdı. 2003-cü ildə MAQATE bəyan etmişdi ki, İranda saflaşdırılmış uranın miqdarı dinc məqsədlər üçün lazım olan səviyyəni aşır. Bundan sonra aydın oldu ki, İran – nüvə dövləti olmağa istiqamət götürüb. Ardınca müxtəlif formatlarda Tehranla danışıqlar aparılsa da, heç bir nəticə vermədi və 10 il əvvəl – 2005-ci ildə Amerika Tehrana qarşı ilk sanksiyaları tətbiq etdi.

Nüvə riorikası populist prezident Mahmud Əhmədinejatın vaxrtında daha da gücləndi. `Əgər bu, pis şeydirsə, niyə onlarda var; yox, əgər yaxşı şeydirsə, niyə bizi qoymurlar?!`,- deyən Əhmədinejat ölkənin nüvə proqramını xeyli genişləndirdi. 2006-cı ildən 2010-cu ilə qədər təkcə BMT İrana sanksiyalarla bağlı 4 qətnamə qəbul edib. Bura ABŞ və Avropa Birliyinin ayrılıqda tətbiq etdikləri sanksiyaları da artırmaq lazımdır.

Həmin sanksiyalar nəticəsində İran təxminən 815 milyard dollarlıq qazancdan məhrum oldu, Qərb banklarında 100 milyard dollara yaxın vəsaiti donduruldu, ölkədə işsizlik 25 faizi keçdi, rial 80 faizə yaxın ucuzlaşdı. Amma ölkə uranı hərbi məqsədlərə yararlı səviyyədə saflaşdırmaq iddialarında vaz keçmədi. Əksinə, buna xidmət edən sentrifuqaları daha da artıraraq, 19.000-ə çatdırdı. Bu, açıq-aşkar hərbi proqram kimi görünsə də, indi sual yaranır: görəsən, möhtəşəm bir blef deyildi ki?!

Lozanna anlaşması elə bir diplomatik hiyləgərliklə qurulub ki, onu hər tərəf özünün qələbəsi kimi təqdim edə bilər. İranda hətta bununla bağlı bayram keçirilir. Sadə əhalini başa düşmək asandır: sanksiyalar ən çox onlara ziyan vermişdi. Amma dövlət siyasəti baxımından götürəndə, bu 10 illik gərginlik nəyə lazım idi? İran dinc nüvə proqramını davam edə bilmək üçün mütləq hərbi proqramamı başlamalı idi? Axı onsuz da onun dinc məqsədlə nüvə araşdırmaları aparmasına heç kim nəinki etiraz etmirdi, hətta Rusiya, Fransa, İsveçrə İranda Atom Elektik Stansiyası tikməyə yardım göstərirdilər.

BMT-nin 5 daimi üzvü və Almaniyadan ibarət `Altılıq` ölkələrilə Tehran arasında əldə olan razılaşmaya görə, İran özünün 19 min sentrifuqadan 6014-nü saxlayacaq, bunlardan da 5000-i köhnə aparatlar olacaqlar. Ölkədəki 10 ton uran ehtiyatından cəmi 300 kiloqram qalacaq. Nüvə mərkəzlərindən yalnız elmi-tədqiqat məqsədləri üçün istifadə ediləcək, onlar da monitorinqə tam açıq olacaqlar. Əvəzində İrana qarşı sanksiyalar dayandırılacaq.

Yəni İran nüvə proqramını ləğv etmir, heç bir obyektini bağlamır, sadəcə olaraq, bunu dinc məqsədlər relsinə keçirir. Başqa sözlə desək, atom bombası yaratmaq iddiasından əl çəkir. Bəs həmin iddia doğrudan da var idimi? İndiyə qədər İran rəsmilərinin dəfələrlə dediyinə görə, belə iddia heç vaxt olmayıb. O halda farsların məşhur məsəli yada düşür: `Xər həmin xər əst, çulu digər əst`. Və bütün oyun da həmin o çulun üstündədir.

İçində şeytan gizlənən detallardan biri budur ki, Lozanna anlaşmasıma yaxın şərtlərlə razılığa gəlmək 3 il əvvəl də, 5 il əvvəl də mümkün ola bilərdi. Amma İranı çərçivədə saxlamaq, Yaxın Şərqdə və dünya siyasətinin digər istiqamətlərində əl-qol açmasına imkan verməmək üçün Qərb diplomatiyası özü gərginliyin, dolayısı ilə də sanksiyaların uzanmasına şərait yaradırdı. İndi isə aydındır ki, İrana qoyulan sansiyaların ləğvi ilə bir tərəfdən dünyanın neft və qaz bazarlarında yeni konyunktura yaranacaq. Qiymətlər düşə, Avropa üçün yeni mənbə peyda ola bilər. Digər tərəfdən, İran Yaxın Şərqdəki proseslərə - Suriya böhranına, İŞİD məsələsinə, İraq və Yəməndəki hadisələrə daha aktiv müdaxilə edəcək. Yaxın Şərqin dini-siyasi xəritəsində son illərdə xeyli zəifləmiş şiə faktoru yenidən güclənə bilər. Tehranın himayəsində olan müxtəlif dini-hərbi-siyasi qruplaşmalar fəallıqlarını artıracaqlar. İrana qarşı dirənən İsrail ilə başda Səudiyyə Ərəbistanı olmaqla, şiə ərəb dövlətlərinin birliyi daha da sıxlaşacaq. Yəni Lozanna anlaşmasının bir çox istiqamətlərdə xeyli uzağa gedən nəticələr verəcəyi qaçılmazdır.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti