Adil Qeybulla: `Milli Şura qaranlıq məqsədlərə xidmət edir`
- İctimai Palataya üzv olmuşdunuzmu?
- Mən İctimai Palataya deputatlığa namizəd olaraq üzv idim. İctimai Palatanın bütün iclaslarında olmasa da müəyyən bir hissəsində iştirak etmişəm.
- Bu gün də İctimai Palatanın üzvüsünüzmü?
- İctimai Palata yarandığı gündən onun hədəfi parlament seçkilərindən sonra ədalətin bərpası uğrunda mübarizə idi. Fərqi yox idi ki, bu, hansı formulada baş verəcəkdi. Amma hər halda bu, bir hədəf idi. Amma təəssüf ki, İctimai Palata həcminə və gücünə adekvat olmayan bir yol seçdi. Onun siyasi xətti ortaya qoyduğu gücə qətiyyən adekvat deyildi. Ona görə də İctimai Palatanın sonunda da bunlar baş verdi. Mən buna iflas deyərdim. O zaman İctimai Palatanın komissiyaları formalaşdırılarkən mən də Səhiyyə Komissiyasının sədri idim. Mən ora səhiyyə islahatları ilə bağlı xeyli sənəd təqdim etmişdim. Amma özünüz də gördünüz ki, İctimai Palatanın bu gün ortaya qoyduğu bir dənə də sənəd yoxdur. Əgər bu qurum parlementin alternativi idisə, ortaya sənədlər qoyulmalı, mütəxəssislər olmalı idi. Biz dəyişikliklərə nail olmaq istəyiriksə, ən azından ortaya intellektual güc qoymalıyıq.
- Buna görə də İctimai Palata özünü sübut edə bilmədi və kölgəyə çəkildi. Ortaya yeni - Milli Şura ideyası çıxdı...
- Məsələ burasındadır ki, bütün siyasi proseslərin dünyada yayılan təcrübəsi onu göstərir ki, hər hansı bir adda yaranan siyasi qurumlar tarixdə bir dəfə yaranıb və daha sonra öz missiyasını bitirib. Milli Şura da vaxtilə Azərbaycanda olub. Özü də iki dəfə. Bu gün Milli Şura adlanan qurumun öz adına nə qədər adekvat olması sual altındadır.
- İctimai Palata var idi. Milli Şura niyə yarandı?
- Bunu belə bir arqumentlə əsaslandırdılar ki, Milli Şura müxalifətin geniş spektrını, koalisiyasını öz ətrafında birləşdirir, bu, cəmiyyətdən gələn sosial sifarişdir, insanlar deyirlər ki, müxalifət niyə birləşmir və s. Müxalifətin birləşməsi ifadəsi öz-özlüyündə absurd ifadədir. Çünki Azərbaycan müxalifətinin içərisində siyasi oriyentasiyası müxtəlif olan qüvvələr var. Bunlar necə bir ola bilər? Bunların birliyi yalnız konyuktur məqsəd daşıya bilər. Konyuktur məqsəd daşıyan bir qurumun hakimiyyət perspektivi necə ola bilər? Axı onlar komanda yaratmalı, siyasi hakimiyyəti idarə etməlidirlər. Konsensusun olmadığı, psixoloji fərqlərin olduğu, siyasi oriyentasiyaların fərqli olduğu, şəxsi münasibətlərin kifayət qədər ziddiyyətli, nifrət həddində olduğu bir yerdə hansı perspektivdən danışmaq olar? Ona görə də Milli Şuraya ilk münasibətimdə də bu qurumun perspektivinə inanmamışam və ona ciddi bir qurum kimi baxmamşıam. Baxmayaraq ki, orada olan xeyli sayda insanı yaxşı tanıyıram, onlarla normal şəxsi münasibətlərim var. Bir insanın fərd olaraq cəmiyyətdə faydalılıq əmsalı müxtəlif ola bilər. Amma qurum olaraq məqsəd nədir? Siz diqqət edin. İkili vətəndaşlığı olan bir şəxsin namizədliyi irəli sürülür. Rüstəm İbrahimbəyova bir Azərbaycan ziyalısı kimi böyük hörmətim var. Amma axı siyasi proseslər başqa parametrlər və xarekter tələb edir. Bu, qeyri-ciddi görünür. İkili vətəndaşlığı olan bir şəxs vahid namizəd kimi necə çıxış edə bilər?
- Sizcə, onun namizəd kimi irəli sürülməsində məqsəd nə idi?
- Belə çıxır ki, Milli Şuranın məqsədi müxalifəti oyundan kənarda saxlamaq və filic etmək idi. Məqsədləri kənara qoyuram. Ortada olan nəticə budur axı.
- Bu insanları neçə ildir tanıyırsınız. Burada maraqlı bir mənzərə var. Bir neçə siyasi partiya birləşir, komanda yaradır, qərargah yaradır, seçkilərə hazırlaşırlar. Amma heç kim vahid namizədin sənədlərinin Azərbaycan Konstitusiyasına və seçki qanunvericiliyinə uyğunluğu ilə bağlı məsələni araşdırmır. Bu ən azı qeyri-peşəkarlıq deyilmi?
- Təəssüf ki, siyasi hakimiyyət təcrübəsi olan oturuşmuş müxalifətdə bu cür siyasi qeyri-peşəkarlıq var. Bu, zaman-zaman olub, bu, özünü Milli Şurada da göstərdi. Belə bir duruma düşmək çox acınacaqlıdır. Bu gün müxalifət oyundankənar vəziyyətdədir. Seçkilərə necə gedəcəyik? Müsavat kimi bir partiyanın seçkilərdən kənarda qalması ən azı ədalətsizlikdir. Müxalifəti bu vəziyyətə kim gətirib çıxarıbsa, həmin şəxsin üzərinə böyük bir məsuliyyət düşür.
- Ana müxalifət olan Müsavat kimi bir partiya, böyük yol keçmiş, siyasi təcrübəyə malik olan, insanların idarə etdiyi bir qurum bu cür qüvvələrin təsiri altına düşdü. Prosesmi onları bu istiqamətə yönləndirdi?
- Təbii ki, Azərbaycanın müstəqiliyi ilə assosiasiya olunan Müsavat kimi bir siyasi orqanizmin belə bir duruma düşməsi təəssüfləndirici haldır. Mən bu fikirlərimi Müsavat Partiyasının rəhbərliyində olan şəxslərə də demişəm. Amma onlar belə bir arqument gətirir ki, biz Milli Şuraya üzv olmasaydıq, deyəcəkdilər ki, Müsavat müxalifətin bu birliyini pozur. Belə bir təbliğat zaman-zaman gedib. Hesab edirəm ki, Müsavat Partiyasının bu qəlibə, bu duruma düşməsi yalnız bu faktla bağlıdır.
- Milli Şuranın yaradılmasında məqsəd nə idi?
- Milli Şuranın yaradılmasında məqsəd müxalifətin geniş koalisiyasını yaratmaq idi. İctimai Palatanın son sessiyalarında “Yol xəritəsi” yaradılmışdı. O, hakimiyyətə təqdim olunan guya siyasi bir platforma idi ki, ümumiyyətlə münasibətlər necə formalaşdırılmalıdır, avtoritar rejimdən demokratik rejimə keçid necə olmalıdır v s. Orada yumşaq keçidin 10 əsas prinsipi göstərilmişdi. O “Yol xəritəsi”ndə elə məqamlar var idi ki, hakimiyyət hər halda onları qəbul etməyəcəkdi. Çünki bəzi məsələlər çox sərt qoyulmuşdu. Amma hər halda bir plan idi. Müzakirə oluna bilərdi. Həmin “Yol xəritəsi” İctimai Palatanı Milli Şuranın bir strategiyasına transfer etdi. Düzdür, Pənah Hüseyn deyir ki, biz yazmadığımız ssenaridə rol oynayırıq. Söhbət ondan gedir ki, Milli Şura üçün arzuolunmaz bir stuasiya yaranıb. Biz bu gün həmin situasiyanın girovuyuq.
- Kim yaratdı bu situasiyanı? Eldar Namazovmu? Eldar Namazov bütün müxalifət qüvvələrini yığdı bir bankaya, ağzını bağladı və İbrahimbəyovla oturdular o bankanın üstündə. Bu qapaq da İbrahimbəyovun pasportu oldu...
- Eldar Namazovun da bu işlərdə müəyyən “xidmətləri” var. Mən vətəndaş cəmiyyətinin bəzi nümayəndələrinin səmimi xidmət göstərməklərinə heç vaxt inanmamışam. İbrahimbəyovun namizədliyini israrla irəli sürənlər var idi. Məsələ sanki əvvəlcədən həll olunmuşdu. Bu qüvvələr də Milli Şuranın yaradılmasında kifayət qədər maraqlı idilər. Son proseslər də onu göstərir ki, Milli Şuranın yaradılması qətiyyən ölkədə demokratik seçkilərin keçirilməsinə deyil, tamamilə qaranlıq məqsədlərə xidmət edir.
- Hansı məqsədlərə?
- Mən bəzi qurumların, xüsusilə də Müsavatın bunları bilə-bilə Milli Şurada olduğunu düşünmürəm. Sadəcə olaraq bəzi qurumlar bu situasiyanın girovuna çevrilib. Milli Şuranın seçkilərdə iştirak etməyə həvəsi görünmür. Bu gün vahid namizəd qeydə alına bilmirsə, alternativ namizədin seçilməsinə bu qədər müqavimət varsa, deməli, burada bəzi məsələlər əvvəlcədən ölçülüb-biçilib. Yaxşı, bu qədər qüvvənin içində ikinci bir alternativ şəxs yoxdurmu ki, namizəd olsun, təcili olaraq seçilsin, qeydiyyata alınsın, seçki proseslərinə qoşulsun? Məqsəd başqadır. Məqsəd seçkilərdə iştirak etməkdən, demokratik mühit yaratmaqdan daha çox seçkidən sonra ölkədə yaranacaq qarışıqlıqdan istifadə etməkdir. Təbii ki, bu, hər kəsə aid deyil.
- Artıq avqustun 18-nə mitinq təyin edildi...
- Azərbaycanda mitinq elektoratı olan yeganə güc AXCP və Müsavatdır. Müsavat Partiyasının mitinqlərdə iştirakı say çoxluğu ilə hər zaman hiss olunub. Qalan partiyalarda isə sədrlərdən başqa arxalarında iki nəfər dayanmır. Onlarda kəmiyyət sayının keyfiyyətə çevrilməsi resursları yoxdur.
- Prezident seçkisi kampaniyasına start verilib. Namizədlər irəli sürülüb. İbrahimbəyov bir pasportdan canını qurtara bilmir. Mitinq keçirilməsinə qərar verildi. Mitinq keçirməkdə məqsəd nədir? Kimə etiraz edirlər? Pasportla bağlı situasiyaya etiraz edirlərsə, bu mitinq Moskvada keçirilməlidir. Təbliğati mitinqdirsə, o, namizəd qeydiyyata alındıqdan sonra olmalıdır ki, desinlər müxalifət təbliğata başladı. Mitinq seçkidən sonra keçiriləndə isə deyilir ki, seçkilər saxtalaşdırılıb və xalqı ayağa qalxmağa çağırırıq. İndiki situasiyada niyə mitinq keçirilir? Bu, nəyi göstərir? Kimə və nəyə etiraz edilir?
- Bu, onu göstərir ki, Milli Şuranın strategiyası yoxdur. Mitinqin keçirilməsi qərarı bunu bir daha sübut edir. Milli Şura üzvlərinin Putinə müraciət etmək istəməsi isə tamamilə qeyri-ciddidir. Putinin hansısa siyasi partiyaların müraciətinə ehtiyacı yoxdur. Putinin Azərbaycanda sadəcə olaraq geosiyasi maraqları var. Bunu da yalnız hakimiyyət təmin edə bilər. Müxalifət təmin edə bilməz. Rəsul Quliyevin məktubunun mətbuatda dərc edilməsi çox biabırçı bir faktdır.
- Adil bəy, fikir verdinizsə, məktubun fotosurəti mətbuatda dərc olunandan sonra Rəsul Quliyev heç təkzibə də cəhd etmədi...
- Yəni bu, nə yolla olursa-olsun hakimiyyətə gəlmək istəmək çox təhlükələi bir tendensiyadır. Azərbaycanın siyasi hakimiyyəti kiminsə xoşuna gəlməyə, ona düşmən obrazında baxa bilər. Amma Azərbaycanın müstəqilliyini və gələcəyini sual altında qoyan, ona təhdid yaradan situasiyaya heç kim yol verə bilməz. Bu, cinayət tərkibi yaradan bir hadisədir. Ona görə də siyasi müxalifət öz mövqeyini ortaya qoymalıdır. Onlar Milli Şuradan ayrılmalıdır. Nə qədər gec deyil, onlar bu addımım atmalıdır.
- Hesab edirsiniz ki, Müsavat və AXCP Milli Şuradan ayrılmalıdır?
- AXCP haqqında bir şey deyə bilmərəm. Bir partiya üzvü kimi deyə bilərəm ki, Müsavat Partiyası bu gün yaranmış situasiyaya görə Milli Şuradan dərhal çıxmalıdır. Bu, mühim şərtdir.
- Necə çıxsın? Bunun mexanizmi varmı?
- Mexanizm ondan ibarətdir ki... Mexanizmə ehtiyac yoxdur. Milli Şurada alternativ namizəd məsələsinin müzakirə oluna bilməməsi, indiki vahid namizədin perspektivinin olmaması müxalifəti seçkilərdən kənarda qoyacaq. Müsavat yaranmış bu situasiya ilə razılaşa bilməz. Ona görə də müstəqil olub seçkilərdə iştirak etmək lazımdır.
- Siz İsa bəyin yerində olsaydınız, bu arqumentlər Milli Şuradan çıxmağınıza yetərdimi?
- Bəli.
- Adil bəy, sizin bir fikrinizə opponentlik etmək istəyirəm. Bayaq dediniz İbrahimbəyovun ikinci pasportu ola-ola namizədliyinin irəli sürülməsi qeyri-peşəkarlıqdır. Məncə, belə deyil. Bu, Milli Şurada gizli bir əlin apardığı siyasətin nəticəsi ola bilərmi? Siz də dediniz elə qüvvələr var ki, heç nəyin fərqinə varmadan ehtiyat namizədin əleyhinə çıxırlar. Bunlar haradansa idarə oluna bilərmi? Belə bir ehtimal varmı?
- Hadisələrin gedişi onu göstərir ki, Milli Şurada və ona yaxın olanlar arasında hakmiyyət ehtirası ilə yanan qüvvələr də var. Xatırlayırsınızsa, mayın 28-də Rəsulzadənin qəbri üstündə çoxlu təzə adamlar, komik fiqurlar peyda olmuşdu. Bu, onu göstərir ki, bu insanların qulağına hansısa bir səs dəyib, bu da onları səfərbər edib. O səfərbərliyin bir formulu da Milli Şuradır.
- Təsəvvür edək ki, Kreml Azərbaycan hakimiyyəti üçün ciddi təhlükə törədəcək. Söhbət yalnız zahiri dekorasiyalardan deyil, kölgədə olan fiqurlardan, “Milyarderlər ittifaqı” və s. gedir. Putin bu mexanizmi yaradır, onu İlham Əliyevə göstərir, eyni zamanda müəyyən şərtlərini qəbul etdirir. Məhz seçki ərəfəsində Putinin Bakıda təmtəraqlı qarşılanmasının şahidi olduq. Bundan sonra İbrahimbəyova pasport verilmir, ona əngəllər yaradılır. Bu, açıq-aşkar görünür. Bunu bilə-bilə bu oyunu görən qüvvələrin məsuliyyəti haqda nə deyə bilərsiniz?
- Bu prosesləri özüm üçün çox təhlil edirəm. Biz bu proseslərə bu və ya digər səbəblərdən bağlı şəxslərik. Azərbaycanın gələcəyi haqqında düşünən insanlarıq. Bu gün Azərbaycanda istər vətəndaş cəmiyyətində, istərsə də siyasi təşkilatlar arasında Qərbdən, Rusiyadan, İrandan dəstəklənən qüvvələr var. Bunları az-çox bilirik. Bunların maliyyə qaynaqları həmin ölkələrin geosiyasi maraqları ilə təmin olunur. Onlar sanki həmin ölkələrin buradakı qeyri-rəsmi vətəndaş səfirləridir. Belə bir situasiyada Qərbin də öz maraqları var. Qərb də burada hakmiyyətə pressinq etmək üçün xeyli qüvvələrə dəstək verir. Rusiya da hakimiyyətə pressinq etmək üçün müxtəlif vasitələrdən istifadə edir. “Milyraderlər ittifaqı”nda Dağıstandan olan Ramazan Abdulatipovun olmasının Azərbaycana nə dəxli var? Onun bu qurumda olmasının məzmunu və mahiyyəti nədir? Azərbaycanda qarışıqlıq yaratmaq, etnik separatizmə başlanğıc vermək istəyirlər. Bəzi məsələlər var ki, müxalifət bunu xalqa izah eləməlidir. Rusiyadakı Azərbaycan diasporunu müdafiə etməli olan bir qurum bu gün siyasi bəyanatlar verirsə, bu qurumun tərkibində olanların bəzilərinin Azərbaycana dəxli yoxdursa, artıq xeyli suallar meydana çıxır. Bu, onu göstərir ki, Milli Şuranın Rusiya ilə müəyyən əlaqələri olub. Əlbəttə, bunlar istintaqın araşdırmalı olduğu məsələləridir. Bu məsələlərə dair ciddi faktlar müəyyən edildikdə ciddi şəkildə cəzalandırılanlar olmalıdır. Başqa dövlətin xüsusi xidmət orqanları ilə, digər xüsusi güc strukturlarının orqanları ilə separat əlaqələr dünyanın hər yerində vətənə xəyanət kimi dəyərləndirilir. Bu, cinayət tərkibi törədən bir hadisədir, məsələ ictimailəşdirilməlidir, bu məsələlərdə cavabdeh olan şəxslər xalqın qarşısında cavab verməlidir. Çünki bəzi məsələlərin konturları görünməkdədir.
- Azərbyacanda kifayət qədər tanınmış insan kimi sizin addımlarınız necə olacaq?
- Azərbaycanda demokratik mübarizə aparıb seçkilərdə qələbə qazanan bir quruma yalnız dəstək verə bilərəm. Amma separatçılıqla ölkədə qarışıqlıq salan, ölkənin milli təhlükəsizliyinə təhdid yaradan bir hadisəyə bir vətəndaş kimi qarşı olacam. Əlimdən gələn etirazımı bildirəcəyəm.
- Bir siyasi fəal kimi öz partiyadaşlarınıza, silahdaşlarınıza, partiya rəhbərliyinə son sözünüz nə olardı?
- Son sözüm odur ki, birinci olaraq Müsavat Partiyası Milli Şuranı dərhal tərk eləməlidir. Bir müsavatçı kimi bunu demək mənim hüququmdur.
- Yaranan son situasiya ilə bağlı konkret olaraq İsa Qəmbərlə danışmısınızmı?
- Partiya rəhbərləri ilə ara-sıra danışmışam. Amma son situasiya yaranandan sonra İsa Qəmbərin özü ilə danışmamışam.
- İsa bəylə bu haqda danışmağı ehtiyac hiss edirsinizmi?
- Bəli. Çox guman ki, bunula bağlı bizim görüşümüz olacaq. Hesab edirəm ki, Azərbaycanın müstəqilliyində yer almış bir insanın bu gün belə bir avantürüst qurumda olması qəbuledilməzdir.
- Dediyiniz kimi, Milli Şurada olanların bəzilərinin cilovu müxtəlif əcnəbi əllərdədir. Özünü qəfildən müxalifətçi adlandırıb Milli Şurada peyda olanlar var. Məntiqlə belə çıxır ki, onlar bu gün əslində İlham Əliyevin hakimiyyətdə qalmasına çalışır. Müxalifətçi qiyafəsindədirlər, lakin işi elə qururlar ki, nəticə yenə də İlham Əliyevin hakimiyyətdə qalması olsun. Sizcə, məntiqi nəticə bu deyilmi?
- Bu proseslər bu şəkildə davam edərsə, siyasi müxalifətin reabilitiasiyasi çox çətin olacaq. Bu isə minlərlə müsavatçının, cəbhəçinin, xalq hərəkatı üzvünün taleyi deməkdir. Bunu unutmaq lazım deyil. Mən hesab edirəm ki, biz siyasi partiya olaraq təbii ki, hakimiyyət uğrunda demokratik, Azərbaycan qanunları çərçivəsində mübarizə aparırıq. Hər hansı imkan yaransa belə əgər bu, Azərbaycanın təhlükəsizliyinə, suverenliyinə, ərazi bütövlüyünə təhdid yaradacaqsa və xalqımız bundan əziyyət çəkəcəksə, heç kim bu məsuliyyətin altına girməməlidir. Bu, çox ciddi bir vəziyyətdir. Regionda ciddi proseslər gedir. Rusiya az qala Gürcüstanı işğal edirdi. Bir anlığa təsəvvür edin ki, ölkədə qarışıqlıq düşsə, vəziyyət necə olar. Rusiya Ermənistanın arxasında duraraq separatçılığın güclənməsinə imkan yaradacaq. İranın öz məqsədləri var. Belə vəziyyətdə diqqətli olmalıyıq. 1993-cü ildə Rusiyanın əli ilə bu cür proseslərdə iştirak edənlər bu gün çox pis durumdadır. Hər kəs bundan nəticə çıxarmalıdır.
- Adil bəy, belə görünür ki, siz Milli Şuranın fəaliyyətini Azərbaycan üçün təhlükə hesab edirsiniz...
- Görünən budur. Xeyli gizli məqamların olması bu məntiqi nəticəyə gəlməyə imkan verir. Müsavat kimi bir partiya Milli Şurada qala bilməz. Müsavat mövqe bildirib seçkilərdə tək iştirak etməlidir. Vaxta az qalır.