Layihə üzrə işlərə 2010-cu ilin noyabrında başlanılmışdı. Rayonun su təchizatı sistemlərinin yenidən qurulması üçün mühəndis-axtarış işlərinin işçi layihələndirmə səviyyəsində dəqiqləşdirilməsi və işçi layihələrin işlənməsi Azərbaycan-Türkiyə Konsorsiumu tərəfindən icra olunmuşdu.
Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən müsbət rəy alınan layihə Oğuz rayonunun əhalisinin 2031-ci ilə qədər olan artım proqnozu nəzərə alınaraq işlənmişdi. Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edəcək.
Layihəyə əsasən şəhərin 9 min, kəndlərin isə 11 minə qədər əhalisinin – ümumilikdə 19 min 739 nəfərin su ilə fasiləsiz təmin olunması nəzərdə tutulub. Layihəyə əsasən su tələbatı saniyədə 47 litrdən bir qədər çox olmalı idi. Hazırda isə Sazur və Almalıq su mənbələri hesabına faktiki təchizat saniyədə 103 litrdir. Tikintisi başa çatdırılan su mənbələrinin potensialı 50 min insanın suya olan tələbatını tam ödəyəcək. Bu isə 2031-ci ildə Oğuz rayonunun əhalisinin içməli su ilə tam təmin olunması deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiqləyib.
Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər üç mərhələdə aparılır. Birinci mərhələdə Sazur və Almalıq su mənbələrindən magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılıb. Bu mərhələdə hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən Sazur və Almalıq bulaqları ərazisində yeraltı suların yığılması və süzülməsi üçün üfüqi suyığıcı qurğu tikilib, 315 millimetr diametrli polietilen borulardan su anbarlarına qədər 2,3 kilometr uzunluqda magistral su xətti çəkilib. Suqəbuledici qurğular meydançasında tikilən keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları avadanlıqla təchiz edilib. Hər birinin həcmi 1000 kubmetr olan iki yeni su anbarı tikilib. Bundan başqa, həcmi 200 kubmetr olan su anbarı bərpa edilib.
Suqəbuledici qurğular meydançasında transformator yarımstansiyası və generator quraşdırılıb. İkinci mərhələdə şəhərin üç zonasında su anbarları sahəsi yaradılıb. Hər birinin həcmi 250 kubmetr olan altı su anbarı, həmçinin şəhərin su və kanalizasiya şəbəkələri, yerli “Sukanal” İdarəsi üçün inzibati bina və istehsalat bazası inşa olunub. Bu mərhələdə içməli su şəbəkəsində müxtəlif diametrli 112,9 kilometr uzunluqda, o cümlədən anbarlararası xətlərdə 8,2 kilometr, şəhər magistral su xətlərində 57,7 kilometrlik, abonent qoşulmalarında isə 47 kilometrlik boru xətti çəkilmişdir. Şəhərdə 4014 abonentin su sayğacı ilə təmin edilməsi nəzərdə tutulub.
Şəhərin kanalizasiya xəttinin ikinci mərhələsində də işlər uğurla başa çatdırılıb. Üçüncü mərhələ çərçivəsində gün ərzində məhsuldarlığı 2500 kubmetr olacaq çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya sisteminin potensialı Oğuz şəhərini və Bayan kəndini əhatə edir. Çirkab sutəmizləyici qurğularda müasir texnologiyalar tətbiq olunub. Çirkab sutəmizləyici qurğular kompleksinin bu ilin sonunda istismara verilməsi planlaşdırılır.