Beynəlxalq hesabatlarda irəli getməyimizin səbəbi – TƏHLİL

Beynəlxalq hesabatlarda irəli getməyimizin səbəbi – TƏHLİL
  09 Fevral 2018    Oxunub:6503
Beynəlxalq maliyyə və iqtisadi qurumları tərəfindən ölkəmizin mövqelərinin yüksək qiymətləndirilməsi davam edir. Bugünlərdə Azərbaycanın “2018 İqtisadi Azadlıq” indeksi üzrə də bir pillə irəliləyərək, 180 ölkə arasında 67-ci yerdə qərarlaşdığı məlum oldu.
Son on il ərzində həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində ölkəmizin Asiya-Sakit Okean regionunda 43 ölkə arasında 14-cü yeri tutduğu qeyd olunub. Bundan əlavə, sözügedən indeks üzrə Azərbaycan Fransa, İtaliya və Yunanıstan kimi inkişaf etmiş ölkələrlə müqayisədə ön sıralarda yer tutaraq, Rusiya da daxil olmaqla bir sıra MDB ölkələrini qabaqlayıb.

Bəs bu, nə deməkdir və bizə nə verəcək?

Əvvəla, ABŞ-ın "The Heritage " Fondu tərəfindən ənənəvi olaraq hazırlanan sözügedən illik hesabatda iqtisadi azadlıq indeksinə görə 1 pillə irəliləyərək 67-ci sıraya yüksəlməyimiz son vaxtlar “İnklüziv İnkişaf indeksi 2018”, “2018 Doing Business” və “Qlobal Rəqabətlilik İndeksi” kimi göstəricilər üzrə də irəli pillələr tutmağımızın bir növ davamı kimi qiymətləndirilməlidir.

İkincisi, qeyd olunan indeks üzrə Azərbaycanın Fransa, İtaliya və Yunanıstan kimi inkişaf etmiş ölkələr ilə müqayisədə ön sıralarda yer tutması mühüm hadisədir. Çünki “Qanunun Aliliyi”, “Dövlət payı”, “Səmərəli tənzimləmə” və “Bazarların açıqlığı” kimi amillərə görə qiymətləndirmə ciddi yanaşma tələb edir. Bunlar mülkiyyət hüququ, hökumət bütövlüyü, məhkəmə effektivliyi, dövlət xərcləri, vergi yükü, fiskal sağlamlıq, biznes, əmək, pul, ticarət, investisiya və maliyyə azadlığı kimi məsələləri əhatə edirlər. Məsələn, dövlət xərclərində inkişaf, başqa sözlə, son üç il ərzində bu göstəricinin ÜDM-in 36,8%-ni təşkil etməsi müsbət qiymətləndirilib. Bundan əlavə, vergi yükünün azaldığı (ümumi gəlirin 15 %-dək) da qeyd olunub.

Ölkədə son 3 ildə yeni iqtisadi modelə transformasiya sahəsində böyük addımlar atılır. Ümumiyyətlə, hökumətin 2016-cı ilin əvvəlindən etibarən həyata keçirməyə başladığı tədbirlər - yəni, iqtisadiyyatı idarəetmə sistemini təkmilləşdirməsi ilə yanaşı, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətinin dəyişdirilməsi, o cümlədən, pul-kredit siyasətinin sərtləşdirilməsi öz nəticəsini verdi.

Keçən il ərzində ticarət və tədiyyə balansında müsbət saldo əldə olundu. Bu, valyuta bazarında sabitlik yaranması üçün əsas şərt sayılırdı. Qeyri-neft sektorunda 2,5%, qeyri-neft sənaye sahəsində 3%-dən, aqrar sektorda isə 4%-dən çox inkişaf əldə olundu. Neftin qiymətinin aşağı düşməsinin ÜDM-in həcminə mənfi təsir etdməsinə baxmayaraq, qeyri-neft sektoru onun 70%-ini təşkil edir. Ölkənin ixrac potensialından səmərəli istifadə olunması istiqamətində görülən işlər uğurlu nəticələr verməyə başlayıb. Belə ki, qeyri-neft məhsulları üzrə ixracın həcmi getdikcə artır. Və bu, artan dinamika üzrə inkişafı göstərir.

Ümumiyyətlə, 2017-ci ildə iqtisadiyyatımızda stabillik yarandı. Və bunda neftin dünya bazar qiymətlərinin sabitləşməsi də mühüm rol oynadı. Eyni zamanda, hökumətin bir sıra antiböhran addımları da böyük əhəmiyyət daşıdı. Məsələn, bank sektorunda çöküş ortada qalsa da, Beynəlxalq Bankın (ABB) könüllü restruktizasiyasına gedildi. Və bu bank özəlləşdirilməyə hazırlanır.

Həmçinin, ötən ildən etibarən, manatın da dəyəri möhkəmlənməyə başladı. 2016-cı ildə bütövlükdə əlavə olaraq 15% də dəyər itirən milli valyutamız 2017-də 4%-dən çox dəyər qazandı. Belə ki, valyuta bazarında təklifin tələbi üstələməsi nəticəsində manat ilin əvvəlindən 4% möhkəmlənməklə, inflyasiya gözləntilərinə və dollarlaşmaya cüzi də olsa azaldıcı təsir göstərdi.

Yeri gəlmişkən, dövlət gəlirlərimiz neft ixracından əldə olunan qazancdan asılı olduğundan, 2014-cü ilin iyun ayından dünya bazarlarında qiymətlərin enməsindən bir çox mövqeləri itirməli olmuşduq.

Məlum olduğu kimi 2015-ci ildə 2 dəfə devalvasiya baş verdi və hələ bununla bərabər, Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarından 15 milyard itirdi, üstəlik, bank sektorunda da çöküş ortaya çıxdı - ən böyük sistem əhəmiyyətli bank olan Beynəlxalq Bank az qala bağlanmaq məcburiyyəti qarşısında qaldı. Və bütün bunlar da, demək olar, bütün beynəlxalq reytinq və hesabat qurumları tərəfindən mövqelərimizin aşağı salınması ilə nəticələnmişdi...

Odur ki, “2018 İqtisadi Azadlıq” indeksi və yaxud bu cür digər hesabatlara münasibətdə, o cümlədən, beynəlxalq maliyyə və reytinq qurumlarının rəylərinə dair açıqlamalarımda da qeyd etmişəm ki, bütün bunlar məhz ölkədə aparılan islahatların nəticəsidir. Belə ki, əksər beynəlxalq reytinq agentlikləri tərəfindən ard-arda ölkə iqtisadiyyatının real vəziyyəti haqqında müsbət mövqe nümayiş etdirməsi təsadüfi deyil. Bütün hesabatlarda Azərbaycanın adının yüksəlməsini müşahidə edirik.

Bu da aydın məsələdir. O mənada ki, bütün bunlar ölkədə investisiya şəraitinin durmadan yaxşılaşdırıldığını göstərir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün müvafiq stimulverici tədbirlər həyata keçirilir. Hökumət qeyri-neft sektorunun inkişafı üçün durmadan işləyir, biznes, investisiya, bazar və əmək şəraitinin əlverişliliyinin təmin edilməsi və genişləndirilməsi məqsədilə addımlar atır. Bu isə investisiya axınlarının təmininə, kredit cəlbi və sair kimi məsələlərin həllinə ciddi təsir göstərir. Nəticədə də hər şey beynəlxalq hesabatlarda öz qiymətini alır.


Pərviz Heydərov
AzVision.az üçün





Teqlər:





Xəbər lenti