Bulanıq suda balıq tutanlar: Ermənistanın kürü biznesinin gizlinləri – ARAŞDIRMA

Bulanıq suda balıq tutanlar: Ermənistanın kürü biznesinin gizlinləri – ARAŞDIRMA
  03 Aprel 2018    Oxunub:14291
Son dövrdə Ermənistandan xarici ölkələrə, xüsusilə ABŞ və Avropa ölkələrinə qara kürü ixracının artması, Rusiya bazarına ixracatın isə, əksinə, azalması müşahidə olunmaqdadır. Onsuz da zəif olan Ermənistan iqtisadiyyatının getdikcə tənəzzülə uğraması zəminində bu strateji məhsulun dünya bazarına çıxarılmasına əsas gəlir mənbələrindən biri kimi baxılır.
Ermənistanda qara kürü istehsalının yaxın 5-7 ildə 150 tona çatdırılması nəzərdə tutulub, halbuki, region dövlətlərindən Rusiyada bu miqdar 27 ton, İranda isə 80 ton təşkil edib. Ermənistanın əsas balıq və kürü istehsalçısı olan Rusiyanın “Yunifiş” şirkətinin Ermənistandakı filialı yaxın zamanlarda ölkənin qara kürü sahəsində dünya liderləri sırasında ola biləcəyini deyir.

Xəzərsahili ölkələr indiyədək nərə kvotası ilə bağlı öz aralarında razılığa gələ bilməyiblər. Bu da kürü ixracına mane olan əsas səbəblərdən biridir. Məsələn, Qazaxıstan Xəzəryanı ölkələrə nərə balığının tutulmasına 10 illik moratorium qoyulmasını təklif edir. Bundan başqa, CITEC təşkilatı (Nadir heyvan və bitki növlərinin beynəlxalq ticarətinə dair BMT Konvensiyası) Xəzər nərəkimilərinin kürüsünün ixrac edilməsinə Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün tətbiq olunan qadağanın müddətini uzadıb. Nərə kürüsü ixracatına qadağa qoyulmayan yeganə Xəzəryanı ölkə İrandır. Səbəb beynəlxalq təşkilatın tələblərini yerinə yetirməsidir. Lakin təsdiq olunmuş kvota İranın təklif etdiyi miqdardan 5 ton azdır.

Bundan əlavə, BMT-nin adıçəkilən qurumu əsas idxalçıların, ilk növbədə, Avropa Birliyi ölkələrinin və İsveçrənin üzərinə də bir sıra öhdəliklər qoyub. Həmin dövlətlərə öz ərazilərinə qaçaqmalçılıq yolu ilə daxil olan məhsulun satışına imkan verməmək barədə xəbərdarlıq edilib. Buna görə də, hazırda Avropada istehlak olunan kürünün əksər hissəsi Avropa və Amerikada yetişdirilən süni kürüdür. Onun qiyməti isə təbii kürünün yarı qiymətinədir.

Rusiyanın “Yunifiş” Açıq Səhmdar Cəmiyyəti təkcə MDB məkanında deyil, eləcə də, bütün dünyada ən böyük nərə istehsalı şirkəti hesab olunur. Onun Ermənistandakı eyniadlı filialı 2002-ci ildə yaradılmış “Miavar” şirkətinin əsasında fəaliyyət göstərir. “Yunifiniş”in Sevan gölü yaxınlığında nərə və ala balıq istehsalı ilə məşğul olan zavodu fəaliyyət göstərir. Onun məhsullarının nümunələri 2006-cı ildən etibarən Rusiya, İtaliya və s. ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilib. 2010-cu ildən başlayaraq Almaniya və Danimarkadan olan mütəxəssislər bu proseslərə cəlb ediliblər. “Yunifiş”in Ermənistandakı filialı bölgədə adıçəkilən balıq növlərini yetişdirən ən böyük müəssisələrdən biridir. O, Yaponiyanın “Daykin” şirkətinin texnologiyasından, o cümlədən, süni şaxtayaratma vasitələrindən istifadə edir. Hazırda müəssisə tərəfindən ildə 1500 ton balıq və balıq məhsulları istehsal olunur.

Rusiyanın “Rosselxoznadzor” idarəsinin nümayəndələri Ermənistanda məhsulun istehsal şəraiti ilə tanış olduqdan sonra RF-ə ixracına icazə veriblər. Nəticədə, 2013-cü ilin yanvar-sentyabr aylarında Ermənistanda 2,6 ton, 2014-cü ilin eyni dövründə isə 14,5 ton qara kürü istehsal edilib və məhsulun hamısı Rusiyaya göndərilib. Lakin 2014-cü ilin sonlarından etibarən, “Yunifiş” Rusiyaya balıq ixracatını dayandırıb. Əsas səbəb rublun məzənnəsinin aşağı düşməsi fonunda bu ölkəyə məhsul ixracatının əlverişsiz olmasıdır. Öz növbəsində, Rusiya hökumətinin qiymət artımını ciddi nəzarətdə saxlaması və bəzi malların qiymətinin bahalaşmasına məhdudiyyət qoyması erməni istehsalçıları narazı salıb.

Yaranmış şəraitdə, çıxış yolu olaraq, alternativ satış bazarı kimi Ermənistanın İqtisadiyyat Nazirliyi və “Yunifiş” rəhbərliyi ABŞ və Avropa bazarına çıxmaq istiqamətində səylərini artırıblar. Bu məqsədlə, 2015-2017-ci illərdə Ermənistanda istehsal olunan balıq məhsullarının Avropa Birliyinin ekspertizasına göndərilməsi nəzərdə tutulur.

Şirkətin ABŞ-dakı rəsmi distribütoru cari ildə “Yunifiş USA” vasitəsilə ABŞ-a 4-5 ton qara kürü ixrac etmək planlarının olmasını açıqlayıb. Hazırda “Yunifiş USA” ayda 500 kq. kürü məhsulunun ABŞ-a göndərilməsi barədə sifarş alıb. Adıçəkilən məhsul Çin, Avstraliya, Malayziya, Sinqapur, Birləşmiş Ərəb Əmirliklərində də sınaqdan keçirilərək müsbət rəy alıbr və Ermənistanın gələcəkdə bu ölkələrlə müvafiq sahədə əməkdaşlıq edəcəyi gözlənilir.

Bundan başqa, ermənilər diasporanın yardımıyla işğal etdikləri Dağlıq Qarabağ ərazisində də süni yolla kürü istehsal etməyə, bu yolla varlanmağa çalışırlar. Məsələn, erməni əsilli isveçrəli milyarder Vardan Sermakeş son dövrlərdə Dağlıq Qarabağın iqtisadiyyatına iri investisiya yatıran sahibkarlardan biridir.

Drmbon (Heyvalı) dağ-mədən ərazisində yerləşən “Beyz Metls” şirkəti və Ağdərənin Mataqis adlandırılan sərhədyanı kəndindəki qara kürü zavodu da V.Sermakeşin vəsaiti hesabına yaradılıb. Mataqis kürü zavodu “İmnakar” ASC tərəfindən inşa edilib. Zavod Dağlıq Qarabağda fəaliyyətə göstərəcək ən iri istehsal müəssisələrindən biridir. Burada yaradılmış vətəgədəki 350 hovuzda balıq və balıq məhsulları istehsal etmək planlaşdırılır. Layihəyə əsasən, tezliklə “DQR”-in iri balıq məhsulları ixracatçısına çevrilməsi, 50-60 yeni iş yerinin açılması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi üçün 30 milyon avro vəsait tələb olunur. 2018-ci ildən etibarən nərə balığının, 2019-cu ildən kürü istehsalının başlanılması planlaşdırılır. Ermənilər 2022-ci ildən sonra adıçəkilən müəssisənin ildə 30 ton qara kürü istehsal edəcəyinə ümid bəsləyirlər. Xüsusilə, kənd təsərrüfatı, dağ-mədən sənayesi, hidroenergetika, bank sistemi və s. sahələrə onun külli miqdarda sərmayə qoyduğu bildirilir. Bu məbləğin hətta bir neçə milyard dramı ötməsi qeyd edilir.

V.Sermakeş 1959-cu ildə İstanbulda anadan olub. 1976-cı ildə İsveçrəyə köçüv. O, hazırda İsveçrənin brend saatlar istehsal edən “Frank Müller Watchland” şirkətinin rəhbəridir. Adıçəkilən şirkət indiyədək Ermənistan iqtisadiyyatına 1 milyon 300 min dollardan artıq sərmayə qoyub. Həmin məbləğin 1 milyon dolları adıçəkilən şirkətdə istehsal edilən mexaniki saatlar üçün qızıl korpuslar düzəldilən müəssisəyə sərf edilib. Saat korpuslarından əlavə, “Frank Müller” Ermənistanda qızıldan zərgərlik məmulatları da hazırlamaqla məşğuldur. Bu müəssisə V.Sermakeşə 300 min dollara başa gəlib. V.Sermakeşin oğlu Sasun Sermakeş isə İsveçrənin Cvstos” saat firmasının baş direktorudur. “Frank Müller” şirkətinin rəsmi nümayəndəliyi yalnız Ermənistanda fəaliyyət göstərir.

V.Sermakeşin Ermənistan hökuməti ilə müqavilə əsasında “Köhnə Yerevan” layihəsi çərçivəsində 150 milyon dollar vəsait yatırmaqla Yerevan şəhərində restavrasiya işləri həyata keçidiyi məlumdur. Həmin layihə çərçivəsində erməni iş adamı paytaxtın bir sıra küçələrində yerləşən ümumilikdə 14 memarlıq abidəsinin və köhnə binaların bərpasında iştirak edib.

Ermənistan parlamentinin keçmiş sədri O.Abramyan 2011-ci il oktyabr ayının 18-də İsveçrə Konfederasiyasına səfəri zamanı ölkəsinin Cenevrədəki səfirliyində V.Sermakeşlə görüşərək, prezident S.Sarkisyanın adından Ermənistanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə onu “Vətən qarşısında xidmətlərə görə” medalının 1-ci dərəcəsi ilə təltif edib. V.Sermakeş isə daima Ermənistanın mənafeyi üçün çalışacağına söz verib.

V.Sermakeş 2011-ci ilin dekabr ayının 1-də Fransanın Marsel şəhərində açılmış Ermənistan baş konsulu təyin edilmişdi. Separatçı rejimin başçısı B.Saakyan İsveçrə və Fransaya səfərləri zamanı V.Sermakeşlə görüşərək, onu mükafatlandırmışdı.

Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: Ermənistan   qara-kürü  





Xəbər lenti