Nüfuz agentlərinin kütləyə təsiri: Yalnış yolda olan siyasətçilərin beyinləri necə işləyir?

Nüfuz agentlərinin kütləyə təsiri: Yalnış yolda olan siyasətçilərin beyinləri necə işləyir?
  07 Aprel 2018    Oxunub:4621
Sənan Nəcəfov

Sosial şəbəkələrdə son vaxtlarda başlanan söyüş yağışı, xaricdə yaşayanlardan bir qrupunun mənəviyyatsız davranışı, psixoloji basqılar, yersiz ittihamlar, təzyiqlərdə təkrarçılıq, ola bilsin ki, çoxlarına nizamsız hücum, yöndəmsiz fəaliyyət, başıpozuqların özfəaliyəti kimi gələ bilər. Amma əminliklə deyirik ki, bu sadalananlar nizamsız döyüş deyil, bu başıpozuq insanların çərənləməsi deyil, özünə imic qazanmaq istəyənlərin PR kampaniyası da deyil, bu xaos mühəndislərinin eyni mərkəzdən qidalandığı, informasiya müharibəsi texniklərinin hazırladığı, rejissor pultu arxasından vicdansızca idarə olunan prosesdir. Yaxın zamanlarda təqdim edəcəyimiz yazılarda bunları sübut etməyə çalışacağıq. Hələliksə deyəcəklərimiz var.
Başlayaq facebook-da idarəolunan manipulyasiya və kütləyə təsir mexanizmlərindən. Bildiyimiz kimi, facebook-u açdığımızda son zamanlarda yaradılan alqoritm bizə özəl zaman xətti ilə xəbərlər təqdim edir. Yani, bizim maraq dairəmizə daxil olan və ya olmayan beynimizi yükləyir. İstəsək də, istəməsək də budur- deyir facebook. Daha doğrusu deyirdi. Əslində bu prosesin 2016-cı ilə qədər necə həyata keçirildiyindən bir müddət xəbərsiz olduq, çünki şirkət sirri hesab edilirdi. 2016-cı ilin martında facebook məcbur olub ilk açıqlamanı verdi ki, bizə təqdim olunan “xəbər lenti” təkcə “alqoritmin işi” deyilmiş. Sən demə, facebook-un Nyu- Yorkda qurduğu bir departamentdə çalışan 25 nəfərlik jurnalist heyətinin bu işdə rolu var imiş. Onlar, mediada yayımlanan xəbərləri seçərək alqoritmə “yardımçı” olurmuşlar.

Belə baxanda, redaktorların bizə təqdim olunan “məzmunun” (kontent) keyfiyyətini artırmaq üçün addım atmasında qeyri-adi heç nə yoxdur. Amma... məsələ ondadır ki, həmin 25 nəfərin hamısı “liberal” düşüncəli insanlar olublar. Və bu o deməkdir ki, ABŞ prezident seçkiləri kampaniyasında demokratları- daha dəqiqi xanım Klintonı dəstəkləyiblər. Və bir daha təbii ki, xəbərləri seçərkən, öz fikirlərinə yaxın olan xəbərlərin yayılmasına üstünlük verirmişlər.

Bir jurnalist bu ədalətsiz “tərəfkeşliyi” araşdırması ilə ortaya çıxardan kimi Facebook-un üzrü üzr dalınca gəldi və dərhal şöbəni bağladı, jurnalistləri isə ofisdən çıxardı. Sonra isə Trumpı dəstəkləyən başqa bir qrup jurnalistin könlünü almaq üçün facebook-un “Silikon Vadisi”ndəki ofisinə dəvət etdi. Ardınca Zuckerberg fiaskodan qaçmaq üçün bu mexanizmin necə işlədiyini açıqladı. Nəyi açıqladığı yuxarıda artıq qeyd etdik. O zaman söz verildi ki, bundan sonra xəbərlər insan əli dəymədən alqoritmlərə əmanət olunacaq.

Bu hadisədən 8 ay sonra Trump ABŞ prezidenti seçildi. Və indi də şahidi olduğumuz casus ovu, Rusiyanın seçkilərə müdaxiləsi söhbətləri “demokratiya qazanında” qaynamağa başladı. Hadisədən xəbəri olanlar əmin idilər ki, Trumpın qələbəsində facebook-da yayılan saxta xəbərlərin (“fake news”) böyük təsiri olub. Bəs, bu xəbərlər necə yayıldı?

2017-ci ilin sentyabrında Facebook özü, Rusiyanın bir İnvestisiya qrupunun ABŞ seçicilərinə yönəlik 3,000 reklam yaydığını açıqladı. Bu bir şok xəbər! Daha sonra, 2017-ci ilin oktyabrında isə Jonathan Albright adlı tədqiqatçı müəyyən etdi ki, 6 fərqli rus mənbələrindən Facebook-da 340 milyon dəfə təbliğat xəbərləri yayımlanıb. 340 milyon dəfə! ABŞ əhalisi isə cəmi 325 milyon nəfərdi. Sual olunur, bir sosial media platformasından istifadə edilərək kütlənin düşüncəsinə necə təsir etmək olur və kütlədə düşüncə mühəndisliyi yaradıla bilərlərmi? Bilərlərsə, necə?

Məlum olur ki, ABŞ-da yaşayan 50 milyonluq facebook istifadəçisi haqda məlumatlar onların xəbəri olmadan Trumpın seçki qərargahı tərəfindən istifadə olunub. Xəbərləri olmadan! Bu necə həyata keçirilib? 2016-cı ilə geri qayıdaq. Nyu Yorkda “Cambridge Analytica” şirkətinin prezidenti Aleksandr Niks verilənlərin (data) gücü və psixoqrafika haqqında təsirli bir təqdimat etmişdi. Çıxışında çox maraqlı bir məqamlara toxunan Niks deyirdi ki, misal üçün, seçki kampaniyası zamanı seçicilərin yaş, etnik kimliyi və cinsini əsas tutaraq mesajlar hazırlanır. Bu adi texnologiyadır, hamı bilir. Amma bu aysberqin görünən tərəfidir. Yani kütləni daha çox incələmək, daha çox məlumata sahib olmaq lazımdır ki, mesajlar təsirli olsun. Yani demoqrafik və coğrafi analiz yetərli deyil, insanların psixoloji analizlərinə də ehtiyac var. Səs verərkən insanların qərarlarını nə müəyyən edir, xarakterində zəif və güclü tərəfləri nədir, yeniliyə açıqdır, ya mühafizəkardır, planlıdırmı, xarici təsirlərə düşür, ya daxili gücünə arxayındır, nəyin qayğısını çəkir və s. və i. suallar...Bir sözlə tam psixoloji portret çəkmək üçün bütün alətlər var. Yaxşı, bəs bu suallara cavabları hardan alsınlar? Facebook-dan, 2 milyard istifadəçisi olan bu platformadan! Bu platfiormada yazdığımız hər bir şey saxlanılır və qeyd edilir. Maraqlananlar üçün 2011-2012-ci ildə facebook-un bizdən xəbərsiz bizimlə keçirdiyi sınaqları oxumağı məsləhət görürəm. Dostlarla münasibətlər, bəyəndiklərimiz, təqib etdiyimiz mövzular, xəbər lentini oxuma sürətimiz, hansı videolara baxdığımız, hansında daha çox vaxt keçirdiyimiz və s.

Çıxışı zamanı Niks diqqətçəkici bir misal çəkib. O, bildirir ki, bir dəniz qırağında istirahətə gələnlərə dənizdən istifadənin təhlükəli olduğunu bildirən elan vursaq, insanlar buna əhəmiyyət verməz. Amma “Ehtiyatlı olun, köpəkbalığı var” xəbərdarlığı insanları bundan çəkindirər. Adi misal kimi gəlməsin. Nəyə işarə vurduğunu görəcəksiniz.

Çıxışdan aşağıdakı ümumi nəticə çıxır və şirkətin prezidenti də məhz bunu izah edir: psixoqrafika sahəsində yeni metodologiyanı ortaya qoyublar. Hətta Alexander Niks ABŞ seçkilərində bunu necə etdikləri haqda misal da çəkir. Nix-in sözlərinə görə, ən müxtəlif xarakterli insanlara prezidentliyə namizədin bir məsələ, tutalım, silahın sərbəst yayılması haqda qanunla bağlı fikirləri cürbəcür şəkildə təqdim edilə bilər: qorxaq adamlara silahın təhlükəsizlik qaynağı kimi, varlı mühafizəkar-ekstravertlərəsə ördək ovu kimi. “Cambridge Analytica” az sonra Trumpın özünə də yardım göstərib, özü də Niksin sözlərinə görə, cüzi bir məbləğ – 15 milyon dollar qarşılığında. İnternet istifadəçilərinin məlumatlarının analizi nəticəsində ağlagəlməz əlaqə və cizgilər tapılaraq (məsələn, Amerika istehsalı olan avtomobillərə üstünlük verənlər Trumpın hazır seçiciləridir) bundan reklam yönləndirilməsində yararlanıblar. Daha bir örnək, Mayamidə Balaca Haiti məhəlləsinin afroamerikalı sakinlərinə demokratların namizədi Hillary Clintonun Haitidəki sonuncu zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştiraka rədd cavabı verməsini göstəriblər, videoda xanım Klinton qaradərili kişiləri yırtıcılarla müqayisə edir. Bir sözlə Trumpın könüllüləri birbaşa təbliğat aparacaqları evlərin detallı profayllarını əldə ediblər.

Yekunda isə kütlənin duyğularına təsir etmək məqsədilə hər bir fərd üçün qruplaşdırılmış mesajlar verilib. Zarafat deyil, hər bir fərd haqda 4-5 min məlumata malikdilər. Ən yaxın dostdan, həyat yoldaşından, övladdan da çox məlumatlıdılar. Cənablar, bu film, nağıl deyil, bu faktdır. İnsanlardan məlumat almanın ən rahat yolu onların qorxu və ümidləridir. Bunlar isə çox zaman dilə gətirilməyən, hətta şüurunda belə əks olunmayan şeylərdir. “Köpəkbalığı var, ehtiyatlı olun” misalı. Bu texnoloqların işi vedrəni insan quyusuna rahatlıqla endirməkdir.

Bu qədər vaxtda işarə verdiyimiz nə idi? Müasir texnologiyalar bizlərin xarakterlərimizi bizdən yaxşı tanıyan hala gəlib. Böyük dövlətlərdə bu texnolgiyalardan yetərli qədər istifadə edirlər ki, bizlər, rus, özbək, rumın, həbəş, hindus, bir sözlə hər kəsi təsir texnikaları ilə idarə ediə bilsinlər. Hətta o səviyyə qədər ki, səsvermə anında düşüncələrimizi dəyişirlər. Təkcə texnologiyalarlamı? Deyil, təbii ki. Bəs, bizim düşüncələrimizi manipulyatorlardan başqa kimlər dəyişir? Bu məqamda nüfuz agentləri haqda məlumat vermək istərdik.

Hər adam nüfuz agenti ola bilməz

Nüfuz (təsir) agentləri qədimdə xüsusi hazırlanmış, əsil-nəcabətli, tanınmış nəsildən olan, bütün sahələrdə bacarıqlı, casuslara deyilirdi. Tam hazırlıqdan sonra, doğruyaoxşar “rəvayətlə” qonşu icmaya, qəbiləyə və ya dövlətə göndərilirdilər. Məqsəd agentin hakmiyyətin, cəmiyyətin, müxalifətin, kütlənin yuxarı eşalonlarına yeridilməsi və rəqibin gücünü gizli yolla zəiflətmək, ruhdan salmaq və dağıdıcılıqla məşğul olmaq idi. Makedoniyalı İsgəndərin indiki Özbəkistan və Tacikistan ərazisində vaxtilə mövcud olmuş Soqdian vilayətinə göndərdiyi 100 hazırlıqlı gənci xatırlatmaq yetərlidir.

Keçmiş SSRİ-də bu mövzu 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində tez-tez hallanmağa başladı. Heç kimə sirr deyil ki, xaricdə xüsusi hazırlıq keçmiş nüfuz agentlərinin o vaxtkı sovet hakmiyyəti rəhbərliyinə (Yakovlev, Kalugin) yeridilməsi SSRİ-nin dağılmasında müstəsna rol oynayıb. 1945-ci ildə ABŞ MKİ-nin rəhbəri olmuş A. Dalles deyirdi: "Müharibə qutaracaq, əvvəl-axır hər şey sakitləşəcək, düzələcək. Biz əlimdizdə olan bütün resurslardan istifadə edərək insanların ələ salınmasına, səfeh yerinə qoyulmasına xərcləyəcəyik. Orada xaos yaratmaqla biz onların dəyərlərini əllərindən alıb, əvəzində saxta dəyərlər verəcəyik. Necə? Bizimlə eyni düşünənləri, köməkçilərimizi və müttəfiqlərimizi tapacağıq. Bir xalqın məhv edilməsi anbaan baş verəcək, özünüdərkin məhvi geri dönməz xarakter alacaq”.

Bu gün nüfuz agentləri əvvəlki dövrlərdəki kimi “axtarılmır”, “verbovka” olunmur, sadəcə səbrlə seçilir və qayğı ilə tərbiyə olunurlar. Vəziyyətdən asılı olaraq buna aylar, bəlkə də illər sərf olunur. Sadə iş mexanizmi ilə başlayırlar: müxtəlif beynəlxalq konfransların maliyyələşməsi, oxşar tədbirlərin keçirilməsi, müsabiqələr və diqqət çəkən “obyektlərin” qalib elan olunması və s. “Obyekt”i “özününkiləşdirmək” üçün beynəlxalq tədbirlərdə iştiraka görə viza, tədbirlərdə mühazirə oxumağa dəvət, guya çağırılanın yazdığı, mənasız kitabların nəşri və buna rəğmən satışından əldən olunan yüksək qonorar və s. şirnikləndirilir. Uzun və aramla yürüdülən bu proqramla “obyekt” tam hazırlanır, öyrədilir və gələcəkdə istifadə olunur. Təbii ki, “obyekt” sonradan verilən qaydalardan kənara çıxa bilməz.

Adətən leqal, lakin özgə maraqlarını lobbiləşdirmək üçün ciddi fəaliyyət göstərirlər. Tez-tez məqalə yazır, sosial şəbəkədə aktivlik edir, hətta TV-lərdə çıxış edirlər. Nüfuz agentləri casuslardan fərqi də elə bundadır. Yani “yeni nəsil agentura” qanun çərçivəsində xidmət göstərməkləri ilə fərqlənirlər. İnsanı “mən istəyirəm Azərbaycan da Avropa kimi olsun” fikrinə görə mühakimə etməyəcəyik ki? Təbii ki, dövlət bir insanın səmimi və ya öyrədilmiş formada öz dəyərlərindən imtina edib, Qərb həyat tərzini reklam etməsinə müdaxilə edə bilməz. Amma baş verənlər, deyildiyi qədər sadə görünmür, nüfuz agentlərinin təbliğati fəaliyyəti ilk baxışdan təhlükəli deyil.

Bu sahənin mütəxəsisləri nüfuz agentlərinin xarakterik əlamətlərini qeyd edirlər.
Birincisi,
bunlar ictimai şüura, cüməiyyətə, regional qruplara təsir etməyi bacarıqları olur.
İkincisi, xüsusi şəbəkələrə qoşulurlar.
Üçüncüsü, “rəhbərliyin” qarşıya qoyduğu məqsədlərə çatmaq üçün canfəşanlıq edirlər. Müəyyən mərhələdə özlərini vətən fədailəri, vətənsevənlər, mübariz döyüşçülər kimi göstərə bilirlər. Əslində isə bu rəhbərliyin qarşıya qoyduğu məqsədə çatmaq üçün atılan növbəti xəyanətkar addım olur.
Dördüncüsü, qrup və fərdi metodlarla keçirilən təlimlərdə məcburi iştirak.
Beşincisi, “arxa plan” funksioneri rolunda oynamaqdır. Nüfuz agentləri adətən arxa plan liderləri, kölgə funksionerləri olurlar. Ən güclü agent -ən gec müəyyən olunandır.

Bunları da yaddan çıxarmayaq:
- Nüfuz agentləri, hansısa dövlət qurumuna yeridilə bilibsə (çalışırsa) maksimum dərəcədə siyasi və iqtisadi inkişafa təsir edirlər.
- Nüfuz agentləri, iqtisadi sektordadırsa bizim şirkət və müəssələrimizi xarici bank, müəssə, transmilli şirkətlərdən asılı etməyə çalışacaqlar.
- Nüfuz agenti, KİV-dədirsə (sosial şəbəkələrdə də) xarici siyasətçilərin, xüsusi xidmətin, kommersiya şirkətlərinin dağıdıcı fəaliyətini ört-bastır edəcəklər.
- Nüfuz agenti, mədəniyyət, yaradacılıq sahəsindədirsə, cəmiyyətdə inamsızlıq, ruhdan salma, bütün pisliklərlə razılaşdırma toxumu səpəcək.

Müxalifətdə necə? Məsələ bundadır ki, bu təbəqədən olanlar müxalifətdə olub sonra nüfuz agentinə çevrilmirlər, əksinə nüfuz agenti olandan sonra müxalifətdə səs salırlar. Necə ki, Siciliyada (İtaliya) jurnalist küçədə yaxınlaşıb kimdənsə mafiya haqda məlumat almaq istəsə, mafiyaya aidiyyatının olub-olmadığını soruşarsa, cavab “mən belə şeyi ilk dəfədir eşidirəm” olur, eynilə həmin prinsip bizdə müxalifətdə olan nüfuz agentlərinə də aiddir. Soruşarıqsa, yazarıqsa dərhal “niyə şər atırsan. Biz agent deyilik”. Baxmayaraq ki, bu əlamətləri özlərində bariz nümayiş etdirirlər. Azərbaycanda siyasi partiyalarda, mediada, QHT-lərdə olan nüfuz agentlərini, etdiklərini yuxarıda sadaladığımız əlamətlərə görə qruplaşdırsanız, çoxunu müəyyən edə bilərsiniz.

Bunlar dövlətə qarşı çıxış edən şəbəkənin, sistemin vintləridilər. Belələrini həbs etmək, sorğu-suala tutmaq özü başağrıdır. Qərbdəki “rəhbərləri” elə bunu gözləyirlər. İnsan haqları pozulur, “vicdan məhbusu”nu həbs etdilər, məhkəmə azad deyil və s. Belələrinin xaricə qaçıb ekran pələnginə dönməsini də çox görmüşük.

Kimləri tələyə sala bilirlər?

Öncədən deyək ki, “nüfuz agenti” kimi hər adamı qəbul etmirlər. Əvvəla, bunlar “fərqli” düşünməyi bacarmalı, təsir imkanları çox, satılmağa meyilli olmalıdılar. Fərdi keyfiyyətlərə (keyfiyyətsizlik daha uyğundur) gəldikdə isə, daha çox şöhrətpərəst, tamahkar, acgöz, mənfəət güdən, karyerist, lovğa, prinsipsiz insanları diqqətdə saxlayıb, iş aparırlar. Çünki, belələri avanturaya çox meyilli olurlar. Xarici xüsusi xidmət orqanlarının əməkdaşları, mütəxəssislər belələri ilə asanlıqla oynayıb, tələyə sala bilirlər. Əgər insanda mənfəət güdməyə, şöhrətə, rüşvətə, özünü tanıtmağa meyl varsa, işlərinə tam yarayır. Bayaq facebook misalında söylədyimiz psixoqrafika əbəs yerə deyildi. Məhz belə insanların psixoloji portreti cızılır, zəif və güclü tərəfləri müəyyən olunur, ehtiyacları dəqiqləşdirilir.

Necə iş aparılır? Soyuq müharibə dövründən bu təcrübə var ki, “dissidentlər”, “siyasi məhbuslar”, “vicdan məhbusları” ilə iş üçün xüsusi qurumlar yaradılır və adına hüquq müdafiə təşkilatları qoyulur, beynəlxalq təşkilatlar kamufulyajı geyindirilirdi. Bu cəlbetmə mexanizminin ilk pilləsində adı xeyriyyə, özü sırf “milli maraqları” (təbii ki, Qərbin) müdafiə edən təşkilatlar dayanırdı. Onları sizlər də yaxşı tanıyırsınız: Soros Fondu, Rokfeller Fondu, USAID, NED, USRF və s. Bu qurumlar, prosesin baş tutması üçün ilkin maliyyə mənbələri sayılırlar.

İkinci pillədə, yani arxa fonda qeyri-hökumət təşkilatları dayanırlar: Milli Demokratiya İnstitutu (NDI), Beynəlxalq Respublikaçılar İnstitutu (IRI), Freedom House, Transparency International, Araşdırmaçı Jurnalsitlərin Beynəlxalq Konsorsiumu (ICIJ), Helsinki qrupu və s. Bunlar isə informasiya toplamaq, səfər və mühazirə təşkil etmək, nüfuz agentlərini müəyyən edib, verbovka etmək, jurnalistlərlə və satılmağa meyilli QHT təmsilçiləri ilə əlaqə yaratmaqdır. Bu təşkilatların top-menecerləri isə adətən xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları olur. Amma yaddan çıxarmayaq ki, keçmiş “çekist” olmur.

Nəhayət, üçüncü- sonuncu pillədə nüfuz agentləri dayanır. Onlar isə qeyd etdiyimiz QHT-lərdən qidalanır, tapşırıqlar yerinə yetirir, ölkənin nüfuzunu ləkələyir, dezinformasiya yayır, fəaliyyəti ilə çaxnaşma, qarşıdurma yaradır və s.

Yazının bu hissəsində motivasiya, informasiya müharibəsi, kütlə psixologiyası haqda qeydlərimizə əsaslanıb bizə ünvanlanan suallara aydınlıq gətirmək istərdik. Sadə dillə deyək. Necə olur ki, ağılı başında olan, rasional düşüncəli insan bu təsirlərə məruz qalır.

Kütlə içində olan “beyin” niyə hər şeyə inanır?

İnsan beyni üzərində aparılan bir çox araşdırma beynimizlə bağlı önəmli gerçəkləri ortaya qoyub. Bəlli olur ki, insanlar qərarları heç bilmədikləri, fərqində olmadıqları xarici aləmin təsiri altında verirlər. Yəni, beynimizdə olan bir dartışma, birinin qulağımıza pıçıldadığı bir rəqəm, içində olduğumuz məkan, gördüyümüz reklamlar, hava durumu o an üçün rasional qərar verməyimizə əngəl ola bilər. Qərar vermək anı bir növ ağılın donması anıdır. Beyin üçün inkişafda olmaq həyacanlıdır, çünki “bitirməmək” beyini rahatsız edir.

Psixoloqlar və neyroloqlar müəyyən ediblər ki, beyin iki qərar dairəsi ilə işləyir. Yani, qərar vermək məcburiyyətində olan beyin, vəziyyəti sürətli incələdikdən sonra iki qərar dairəsindən birinin ixtiyarına buraxır.

Birinci qərar dairəsi beyinin limbik sistemi tərəfindən idarə edilir. Bu hissə sürətli qərar verir, avotmatikdir və qaçmağa üstünlük verir, çox da düşünməz, hesab sormaz, təxirə salmağa meyillidir. Gün ərzində qərar verməyə gərək olmayan işləri bu hissə idarə edir. Məsələn, maşın sürmək, yemək və s. Yemək yeyərkən təamı hansı əllə alacağımız, buruna, yoxsa qulağa aparacağımız, necə yeyəcəyimizi düşünmərik, hər halda. Beyin bunları uşaq vaxtı öyrənir, avtomatik hala gətirib birinci hissəyə tapşırar. Beyinin bu qisminə nəfsani beyin də deyilir.

Beyinin ikinci hissəsi- yani qərar vermək üçün digər hissə düşünərək doğru qərar verməyə çalışır. Ona görə də bu hissəyə gələn qərarlar üçün konsentrasiya, enerji, bilgi və çox zaman çalışmaq lazım gəlir. Adi riyazi hesablamadan tutmuş, həyati qərarlara qədər bu hissənin öhdəsindədir. Birinci hissə bu məsələlərdə “savadsız” və “tənbəl”dir. Həyatda bir çox qərarlar beyinin ikinci hissəsi ilə verilir. Beyinin bu hissəsinə “vicdani beyin” də deyilir. Vicdan düşünər, aldanmaq istəməz.

Qəribəsi budur ki, vicdani beyinin sürətli və yaxşı çalışması, nəfsani hissənin də adekvat işləməsi anlamına gəlmir. Daha maraqlısı odur ki, bir çox qərarlar vicdani deyil, nəfsani beyinlə verilir. Tutaq ki, kiməsə “qapı döyülür, zəhmət olmasa aç” təklifi gəlirsə, bunun üçün “vicdani beyini” işlətməyə ehtiyac yoxdur. Nəfsani beyin bunu rahatlıqla qəbul edib ya qapını açmağa “gedər”, ya da imtina edər. Bu zaman “vicdanı” tərpətməyə ehtiyac qalmır.

Alimlər müəyyən ediblər ki, qərar vermək məsələsini insan özü müyyən edə bilmir. Yani hansı beynin verdiyindən xəbərsizdir. Amma o məlumdur ki, insan qərarı birinci dairəyə ötürməyi sevir. Çünki bu, beyin üçün az enerji xərcləmək, daha az yorğunluq deməkdir. O səbəbdən bir çox müqəddəs kitablarda əmr olaraq “ etməyin” deyil, “yaxınlaşmayın” formasında verilir. Belə izah edilir: günahlar asanlıqla edilə biləcək işlər olduğundan insan yaxınlaşdıqda rahatlıqla aldanılır. Dedik axı, beyin belə işlərdə nəfsani beyini hərəkətə gətirər.

Beyinin 1-ci hissəsi olan “nəfsani beyin” sürətli hərəkət etdiyi üçün bir çox xətalara meyillidir. Sonradan düşündüyümüzdə “necə oldu ki, bunu etdim?” sualı və oxşar anlaşılmazlıqlar da nəfsani beyinə xas hərəkətlərin nəticələridir. Və bu xətalar insanların zəka səviyyəsindn asılı olmayaraq baş verir. Bəzən tanınmış bir insanın adının skandalda hallanması zamanı bizdə “budamı?” sualı yaradır. Səbəbin nə olduğunu yəqin ki, daha izah etməyə ehtiyac yoxdur.

İnsanlar çoxluğun etdiklərindən təsirlənirlər, buna kütlə (sürü) psixologiyası deyilir. Çoxluğa uymağın bir çox maraqlı izahı var. Daha öncə bəhs etdiyimiz kimi insan beyni tənbəldir, yani düşünməyə maraqlı olmaz. Bu səbəblə, kütlə psixologiyasının ilk əlaməti, düşünərək beynimizi yormaq yerinə, kütlənin etdiyini təkrarlamaqdır. Çünki başqasının gördüyü işi təkrarlamaq beyinə daha rahat gəlir. İkincisi, çoxluğun etdiyi işin sonu uğursuz olarsa, günahkarlıq hissinə qapılmarıq: “hamının səhvi var” alibisi cibimizdədir.

Qəzetlər və sosial media kütlə psixologiyasını idarə etməyin ən rahat yoludur. Bir xəbər gerçəyi əks etdirsə belə, xəta törətmiş insanın edib-etmədiyini soruşmadan, həmin xəbəri təkrarlamaqla nəyə nail olunur? Yaxşı, əgər xəbər yalandırsa? Xəbərin heç gerçək olmasına gərək yoxdu, sosial mediada yayılan, hamı tərəfindən paylaşılan xəbər doğru hesab edilir.

İzahı necə verilir? Beyin şüurlu qərar verərkən, beyinin prefrontal korteks bölgəsi bu işlə maraqlanır. Ancaq Berns və dostlarının araşdırmalarına görə, insanlar kütlə ilə birlikdə qərar verdikdə, beyinin prefrontal korteks bölgəsi deyil, oksipital və paryetal bölgələri işləyir (Berns, 2005). Bu bölgələr beyinin daha çox görüntü və duyğusal işləri ilə məşğul olan hissələridir. Yəni, kütlə psixologiyası ilə verilən qərarlarla beyinin düşünən hissəsi məşğul olmaz, nəyinsə doğru olub-olmadığını düşünməz, qrupa, qrupun qərarlarına uyarıq qərar verər. Kütlə psixologiyasında , doğru olanı axtarmaq yerinə ən zəhmətsiz addım qrupa uymaqdır. Bu zaman insan özünə bu təsəllini verir: Əgər nəsə pis bir şey olacaqsa, hamıya olacaq. Hamıya olacaqsa, bir yerdə nəticə çıxardarıq. Dövlət də bu cür kütləvi çöküşə bir çarə qılmağa borcludur. Nə qədər olmasa bizim qayğımıza qalmalıdır. “Vahid bank”, “muncuq”, digər piramidalarda bu halları görmüşük.

Bununla əlaqəli ən uğurlu sınağı Solomon Əş realaşdırıb. Sınaq zamanı iki kağız götürülüb. Birinci kağızda çəkilən bir düz xəttin uzunluğuna uyğun xətti ikinci kağızda çəkilən 3 xət arasından tapmaq lazımdır. Sadə bir misaldır. Amma sınaq iki fərqli situasiyada aparılır. Birinci dəfə sınaqda olan şəxs tək, ikinci dəfə qrup halında fikir bildirir. Onu da qeyd edək ki, qrup halında olan sınaqda yoxlamadan keçən 6 kişidən 5-i sınağın mahiyyətini bilir və maksimum dərəcədə heç nədən xəbəri olmayan altıncı iştirakçını çaşdırmalıdılar.

İşin sadəliyinə baxmayaraq, sınağın nəticlərləri xeyli mürəkkəb və müəmmalı alınıb. İştirakçılardan hər biri (tutaq ki, 10 nəfər yoxlanılır) tək olanda cavabları 99% düz tapırlar. Uşaq oyuncağı qədər sadə. Lakin həmin iştirakçılara öyrədilmiş, çaşdırıcı köməkçilər qoşulanda vəziyyət dəyişir. Nəticə inanılmazdır: cəmi 63% doğru cavab verir. Təxminən belə sadə deyək: elə bilin ki, ekranda “armud” şəkili görünməsinə baxmayaraq, iştirakçılar bu meyvəyə “alma” deyərək söhbət edirlər. Ətrafda hamının alma dediyi, lakin iştirakçının “armud” gördüyü bu sınaqda insanların 63% fikrini bu və ya digər səbəbdən dəyişirlər. Kimisi özünü gülünc vəziyyətdə qoymaq istəmir, başqa biri qorxur ki, zəif görməsindən şübhələnərlər, böyük qismi isə sadəcə kütlə nə deyirsə, o doğrudur fikrinə sadiq qalır. Bəli, konformizm.

Konformizm nədir?

Konfortla səhv salınan bu ifadə tamam başqa anlamdadır. Latın dilində “oxşar”, “uyğun gələn” mənası verən bu söz insanın real və yaxud xəyali qrupun təzyiqinə məruz qalması, davranışlarını və mövqeyini böyük əksəriyyətin xeyrinə olaraq dəyişməsidir. İnsanlar mənsub olduğu və ya təsadüfi səbəblərdən qoşulduğu, yaxud sadəcə müşahidə etdiyi başqa adamların (çoxluğun) davranışını, fikirlərini, yanaşmalarını təkrarlamağa, onların sırasına qatılmağa təbiətən (avtomatik) meyllidir. Buna konformizm və ya konformist davranış deyilir.

Misal üçün, partlayış baş verir, adamlar hansısa istiqamətdə qaçmağa başlayırlar. Hadisə yerinə yaxın, amma qrupla birgə olmayan adam da yüksək ehtimalla onların ardınca qaçacaq. Halbuki qaçmaq üçün başqa istiqamətlər də var.

Eksperiment və müşahidələrlə dəfələrlə təsdiq olunub ki, ani qərar qəbul olunan hallarda (o hallarda ki, fikirləşmək üçün zaman yoxdur, dərhal hərəkət keçməlisən) və yarımşüurlu (fikir dağınıqlığı) vəziyyətlərdə adamlar başqalarının hərəkətini təkrar və ya təqlid edirlər. Partlayış misalı birinci hala aiddir. İkinci hala misal olaraq: işıqfor da dayanıb yolu keçmək üçün yaşıl işığı gözləyirsən, fikrin başqa yerdədir, kimsə işıq yanmadan yolu keçməyə başlayır, bu an sən də hərəkətə gələ bilərsən. Çünki şüuraltı üçün içıqfor işığı deyil, başqalarının davranışı əsasdır. Səndən başqa heç kim yoxdursa və fikrin başqa yerdədirsə, işıq yanan anda hərəkətə başlamaya da bilərsən. Hərçənd işıqfor faktiki görmə sahəsindədir.

Konformizm fərd üçün özünümüdafiə mexanizmidir. Konformist fərd özü olmaqdan hansısa hədlərdə imtina edir, özünü qrup daxilində qəbul olunmuş davranış modeli çərçivəsinə salır, bununla, başqalarının onu görmək istədiyi kimi olur. Bunu əsas etibarı ilə şüurlu şəkildə deyil, şüuraltı impulsların təsiri ilə, yəni avtomatlaşmış şəkildə edir. Bununla təklənməkdən, təklənmənin doğura biləcəyi təhlükədən sığortalanır. Şüuraltı proqram belə qurulub. Proqramın təsirindən çıxmaq üçün prosesə şüurlu müdaxilə gərəkdir. Kütlə psixologiyasında beyinin işləməsi bölümündə bunu qeyd etdik artıq.

Başqalarının (çoxluğun) fikirlərinin fərdə necə təsir etdiyini yoxlamaq üçün ilk rəsmi eksperiment 1935-ci ildə türk əsilli sosial psixoloq Müzəffər Şərif tərəfindən aparılıb. Şərif sübut etmişdi ki, müəyyən hadisəni müşahidə edən eksperiment iştirakçıları sonradan bu hadisəni təsvir edərkən onların rəyləri bir-birinə təsir göstərir və nəticədə iştirakçılar öz şəxsi qənaətinin deyil, qrupda gəlinmiş ümumi qənaətin üzərində dayanırlar.

“Qarpız qabığının hekayəsi”

Naringinin qabığı qalındı desəm, sosial şəbəkələrdə hamı iqtidarı günahlandıracaq, qalanı qalın qabığlı olmağının fəzilətlərindən danışıb, bunu iqtidarın ayağına yazacaq. Acil şəfa diləyirəm” –prof Dr. Deniz Ülke Ağdoğan deyib. O, bunu izah edərkən iqtidarın müxalifətin heç bir fikrini bəyənmədiyini, müxalifətin də iqtidarın heç bir fikrini bəyənməməməsi və tərəfdar/partizanlıq faktlarının insanların nə cür qəbul yalnışlıqlarına düşdüyüün anlatmışdı:

“Türkiyədə boz düşüncələrin tamamilə qeybə çıxdığı, hər kəsin özündən və düşüncəsindən artıqlaması ilə əmin olduğu bir sosial yönüm var. Düşüncələr arasında rəqabət deyil, artıq düşmənçilik duyğuları yayılıb. Hər bir kəs qarşı tərəfdəkini özündən fərqli olduğunu deyil, düşüncəsini yoxetmə potensiallı bir düşmən kimi görür. Hətta siyasətə yaxınlığı belə olmayan mövzularda kütlə mövzunu siyasətə bağlayıb, parçalanır. Və çox maraqlı təyinetmə: mövzunun nə olmasından asılı olmayaraq ancaq eynigüclü rəftar edilir. Misal üçün, “Qarpız necə kəsilir?” mövzusundan Rusiya- NATO ilə münasibətlərdə sabit tərəfdarlıq ortada. NATO-ya qarşı olanların hamısı eyni zamanda, qarpızın qabığının soyulub, sonra tam dilimlənməsini təklif edirlər və ya əksinə. Siyasətdə ad çıxarmış liderin də qarpız kəsilməsi mövzusunda mütləq bir fikri var. Onları təqib edən qruplar da bu qırmızı xəttə uyğun olaraq mövqelərini müəyyən edirlər. Ağıl və rasionallığın yerini duyğusallıq və qrup həmrəyliyi aldıqca “Qarpız qabığının hekayəsi” beləcə şəkillənir.

***

Qrup qütbləşməsi. Kiçik qruplarda özünü göstərən hadisələrdən biri də qrup qütbləşməsi hadisəsidir. «Qrup qütbləşməsi fenomeni» anlayışı ilk dəfə olaraq 1969- cu ildə S.Moskoviçi və M.Zavolloni tərəfindən irəli sürül¬müş¬dür. D.Mayersə görə qrup qütbləşməsi qrupun təsiri altında onun üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun rəyinin parçalanması əvəzinə orta ənənənin öz qütbünə köçürülməsindən ibarətdir. D.Mayersin fikrin¬cə, qrup qütbləşməsi fərziyyəsi belə bir qənaətə gəlməyə imkan verir ki, qrupda aparılan müzakirə hər bir yarımqrup üzvləri üçün ümumi olan ilkin ustanovkanın güclənməsinə səbəb olur. Əgər adamlar əvvəlcədən nəyinsə «lehinə» fikir söyləməyə meyllidirlərsə, müzakirə onların mövqelərini yalnız möhkəmləndirir. Əgər onlar nəyinsə «əleyhinə» gedirlərsə, müzakirədən sonra öz etirazlarını daha güclü şəkildə göstərəcəklər.

Bu həqiqətdir ki, bir yalnışı müdafiə edənlər, həqiqət ortaya çıxdığı zaman addımlarını, hərəkətlərini, baxışlarını yenidən gözdən keçirməkdənsə, daha da fanatikləşərək yalnış iddiaya bağlılıqlarını bir az da artırırlar. Misal üçün, Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli haqda fakt ortaya qoyulduqda, onları müdafiə edən bir qrup “cəbhədaşları” (trollar nəzərə alınmır) düşünməkdənsə, onların etdikləri yalnışları müdafiə edir nədi, bir az da artığını ortaya qoyurlar. Sanki aqresiyanı bir az da artırır və ağlasığmaz arqumentlər gətirirlər. Gültəkin Hacıbəylinin torpaq sahələri, əmlakları haqda sənəd paylaşılır, cəbhəçilər dayanmadan, söyüşlə və təhqirlə yazırlar ki, “indi Gültəkin xanımın evi, torpaq sahələri ola bilməz? “Duxunuz” çatır gedin deputatlardan, məmurlardan yazın”. Deyirsən ki, filankəs mühacir biznesi ilə məşğuldur, mitinqlərin təşkilinin əsas səbəbi də məhz budur, adamın nəsil-nəcabəti qalmır, ölmüş-keçmişi sıraya düzülür və qətiyyətlə təkzib olunur. Niyə?

Hər birimiz məqbul və ədalətli mübahisədə həmsöhbətlərimizə fikirlərimizi qəbul etdirəcəyimizə çox inanırıq. ‘‘İnsanlar bizim kimi düşünmürlər, çünki bizi dinləmirlər. Dinləsəydilər yalnış yolda olduqlarını dərhal anlardılar”- deyə düşünürük. Bu yalnış düşüncənin səbəbi insanları ağıllı, ədalətli və rasional düşüncəli görməyimizdir. Mitinqə çağırış, insanların az gəlməsi, sosial elektoratın olmamasına rəğmən toplantıya izdihamlı mitinq adı verməyin səbəbini burada axtarmaq lazımdır.

Niyə davamlı yalnış qərar qəbul edirlər?

Son zamanlarda bəzi elmi araşdırmalar, demokratiyada məlumatlılığın gücünə inananların qanını qaraldacaq araşdırmalar ortaya qoyulub. Bu araşdırmalara görə həqiqi məlumatlar siyasi baxışlarımıza yön verəcək gücə sahib deyil. Hətta qənaətimizin yalnış olduğu ortaya çıxaran faktlarla üzləşdikdə, qənaətimizi dəyişməkdənsə, ona daha çox bağlanırıq.

Miçiqan Universitetindən Brendan Nihan rəhbərliyi ilə bir araşdırma qrupunun ortaya qoyduğu işlərdən birinə diqqət yetirək. “When Corrections Fail: The Persistence of Political Misperceptions (Düzəlişlər uğursuz olduqda: Siyasi yalnış qərar qəbulunda davamlılıq) başlıqlı araşdırması ‘‘Journal of Political Behavior’’ adlı elm jurnalında dərc edilib. Araşdırma yalnış məlumatlandırılmış insanların- xüsusən də bir siyasi partiyaya kor-koranə bağlı insanların, həqiqi faktlarla üzləşdikdə, öz siyasi baxışlarına düzəliş etməkdənsə, həmin fikirə daha möhkəm bağlandığı haqdadır.

Bu mövzuda ən populyar misal ABŞ-da yaşandı. Amerikalıların İraqdakı müharibəni dəstəklədikləri zaman əsas arqumentləri Səddamın kütləvi qırğın silahına sahib olması, “11 sentyabr” hadisələrini təşkil edən şəxs olduğunu düşünmələri idi. Amma bəllidir ki, İraqda 1 ədəd belə kimyəvi silah tapılmadı, “11 sentyabr”ın isə Səddam Hüseynə heç bir aidiyyatı olmayıb. İllər sonra Corc Buş bunu özü etiraf edib. Northwestern Üniversitesi sosioloqlarından Monika Prasad və qrupu bu faktları əsas tutaraq araşdırma aparmış və öyrənmək istəmişlər ki, görəsən Buşu dəstəkləyənlər düşüncələrində, baxışlarında nə dəyişiklik ediblər? Təəccüblü nəticə: 11 sentyabr Komissiyasının qərarındakı məlumatlar, Buş dönəmi idarəçilərinin etirafları belə, bu qrupun Səddamın kimyəvi silahı var” qənaətini dəyişməmişdi. Sorğu aparılan 49 insandan yalnız biri fikirini dəyişib.

Daha sonra Dartmus Universitetinin professor Bencamin Valentino “YouGov” əməkdaşlığı ilə apardığı anket sorğusuna görə 10 il sonra da respublikaçıların 63%-i İraqda kütləvi qırğın silahının mövcudluğu düşüncəsindədir. Bu qədər təkzibedici faktla rəğmən.
Amerikalı jurnalist Co Kohen “Boston Globe” qəzetində yazdığı məqaləsində deyir ki, həqiqətə dair məlumatlar sanki güclü antibiotik kimi yalnış qənaət sahibinə təsir edir. Yalnış qənaət daha da güclənir.”

Bu cür yanaşmalar demokratik düşüncə sahibləri üçün xoş hal deyil. Seçki texnolgoiyasında bu qayda var. Sən öz tərəfdarlarını 20%, rəqibin tərəfdarlarını 20% qəbul edirsən. Seçkidə təbliğat kampaniaysı zamanı gücünü rəqibin 20%-ni də öz tərəfinə çəkməyə çalışan namizəd məğlubiyyətini əvvəlcədən alıb. Əslində hər iki tərəfə qərarsız, tərəddüddə olan, neytral seçicilər üzərində işləməlidir. Seçkiyə gəlib səsverəcək qərarsız seçicilərin 50%+1-ini götürən adam qalibdir. Belə olan halda qərar vermiş, siyasi baxışı stabil, düşünərək səsverməyə gedən insanlara əks təbliğat aparıldıqda, neytrallara nisbətən daha da sərt mövqe göstərərək, öz düşüncələrinə daha çox bağlanırlar, futbol, at, it, tarakan yarışlarında hər hansı bir oyunçuya (itə, pişiyə, tarakana) “stavka” qoyan adamın düşüncəsi kimi. Pul yatırımı edənə qədər bir fikirdə, pulu qoyandan sonra başqa fikirdə olur. İnsan belə düşünür ki, pul qoyduğu obyekt ən güclüdür və o mütləq qalib gələcək (Robert Çaldinini “İnsanlara təsir” kitabından)

Miçiqan Universitetinin araşdırmaçılarının qrup rəhbəri politoloq Nrendan Nihan qeyd edir ki, ‘‘İddiasının yalnış olduğunu qəbul etmək həmin insan üçün sərt təhdiddir. Bu fenomenə “geri təpmə”adı vermişik. Yəni, zehni ahəngsizlikdən qaçmaq üçün psixoloji müdafiə mexanizmi”.
İzahı maraqlıdır. Fikirlərimizi ölçüb-biçib söylədiyimizi düşünmək bizi xoşbəxt edir. Təəssüf ki, çoxunu araşdırıb ortaya çıxartmırıq. Bilməliyik ki, fikir, məlumat deyə şəkil verdiyimiz nəsnələrin çoxu “qənaətdir”. Bu isə təhlükəni artırır. Mənbəyi bəlli olmayan, yalnış, tam olmayan məlumat belə qənaətimizi möhkəmləndirdiyi üçün sorğu-sualsız qəbul edirik. Bu möhkəmləndirmə haqlı olduğumuzla bağlı konfort duyğusu artırdığı üçün doğru məlumatı qulaqardına vururuq. Saxta, quraşdırma, yalan olduğu isbatlanmış foto və ya məlumatı (kaps) paylaşmanın bir səbəbi də budur.

Əminəm ki, haqlıyam

Əksər vaxt həqiqətdən çox uzaq olan insanlar ən təcavüzkar siyasi rəftar göstərirlər. Illinois Universitetindən Ceyms Kuklinski 2000-ci illərdə Illinois əyalətində apardığı araşdırmalarda siyasətdə olanların, siyasi yönü olanların ölkə gündəmini zəbt etmiş hadisələrlə bağlı fikirlərini açıqlayarkən faktlara deyil, qənaətlərinə əsaslanaraq fikir bildirdiklərini müəyyən edib. Kuklinskiyə görə ‘Əminəm ki, mən haqlıyam” sindromu deyir.

Necə olur ki, yalnışlarda bu qədər israr edirlər? Hətta bəzən yalnış olduğunu bilə-bilə haqlı olduqlarına davam edirlər?

İnsan təbiətinin gərəyi tutarlı olmağa meyillidir. Psixoloji araşdırmalar, insanların məlumatları mövcud mühakimələrinə gücləndirəcək şəkildə izah etdiyini göstərir. Hər hansı mövzuda ümumi bir qənaətimiz varsa, bu qənaətimizi dəstəkləyən məlumatları passiv olaraq həmən qəbul edərkən, fikrimizi yalanlayan məlumatları “ aktiv” olaraq rədd edirik. Kitab oxuyarkən mövcud mühakimələrimizi yalanlayan deyil, gücləndirən sətirlərin altından xətt çəkirik.

“Newsweek” jurnalının 2009-cu ildə “ Kütləvi məhv yalanları” adlı məqalədə bu sualı Buffalo Universitetindən sosioloq Steven Hoffmandan soruşmuşlar. “Niyə həqiqəti ortaya çıxardığımız halda yalanlara inanmağa davam edirik” sualına sosioloq ‘‘Motivated reasoning’’ yani ‘‘motivə edilmiş düşünmə” cavabı verir. Rasional düşünmürük. Nəyə ki, motivə olunmuşuqsa bu inancımızı dəstəkləyəcək məlumatları axtarırıq. Bunu tapdığımızda bu bilginin sağlam olub-olmadığı haradasa bizi heç maraqlandırmır.

Əli Kərimlidən ikinci əl avtomobil alardınızmı?

Dəstəklədiyiniz partiyaya, ideologiyaya aid fikirləri bəyənmədiyiniz bir insandan dinləsəniz eyni səviyyədə təsirlənərsinizmi? Və ya dəstəklərdinizmi? Və ya siyasi baxışınızı təhdid edərlərsə, bu gün tənqid etdiyiniz siyasəti dəyişdirərdinizmi? Amerikada məşhur reklam var. Keçmiş ABŞ prezidenti Riçard Niksonun sərt baxışlı, neqativ çalarlı bir fotosu verilmiş və altındna bu sual yazılmışdı: “Bu adamdan ikinci əl avtomobil alardınızmı?”. Sualı belə də vermək olar. İkinci əl avtomoil almadığınız insanlara səs verərdinizmi?

Başqa bir sual: Çox sevdiyiniz meyvə şirəsinin adı olan etiketin üstü bağlanarsa, yani hansı firma olduğunu bilməzsənizsə, yenə həmin suyu içərsinizmi? Çox sevdiyiniz kafedə içdiyiniz qəhvə və ya kokteyli başqa bir yerdə eyni ləzzətlə içirsinizmi? Çox tez-tez geyindiyiniz köynəyin üstündə markasının adı qapadılarsa onun yenə də şux olduğunu düşünərsinizmi? Bəs siyasi qərarlar, sizi idarə edəcək insanlara necə səs verirsiniz?

İndi təsəvvür edin. İnsanlar bu qədər sadə bir testdə öz fikirlərinin üstündə dayanmır, kütlənin arxasınca gedir və yalnışlığa yol verirsə, gerçəkdən beyin işlətmək lazım gəldiyi anlarda nə edər?

Böyük şirkətdə idarəetmədə çalışan biri kütlə psixologiyası ilə bağlı gözəl təsvir vermişdir: “İnsanlar tək-tək baxıldıqda mükəmməl, adil, ədalətlidilər. Ancaq 3-4 idarəedici biraraya gəldikdə ağılın, məntiqin izah verə bilməcəyi hər cür dəliliyə imza atar”

***
Düşünürük ki, kütləyə təsir sxemini izah edə bildik.
Demək, söhbətimizin əvvəlində facebookun hazırladığı psixoqrafika haqda danışdıq, nüfuz agentlərindən söz açdıq, insan beyni və kütlə içində qərar verməni qeyd etdik. İndi bütün bunları birləşdirib, sosial şəbəkələrdə tətbiqinə baxaq.

(ardı var)



Teqlər:





Xəbər lenti