İbrahim əslində kimi qurban kəsib? – ZİDDİYYƏT

İbrahim əslində kimi qurban kəsib? – ZİDDİYYƏT
  15 Oktyabr 2013    Oxunub:13602
Qurban bayramının kökləri həm Tövratda, həm də Quranda nəql olunan bir rəvayətə dayanır. Rəvayətin qısa məzmunu belədir: övladı olmayan İbrahim peyğəmbər qoca yaşlarında tezliklə oğul atası olacağnı barədə ilahi müjdə alır. Oğlu yeniyetməlik dövrünə qədəm qoyduqda, peyğəmbər gördüyü bir yuxunu əsas götürərək, onu Allaha qurban kəsmək istəyir. Allah onun sadiqliyindən məmnun qalaraq bu dəhşətli ritualın qarşısını alır və yeniyetmənin əvəzinə, göndərdiyi qoçu kəsməyi tövsiyə edir.

Hadisənin detalları Tövratda və Quranda bir çox fərqlərlə təqdim edilir. Onlar arasındakı ən qabarıq fərq isə İbrahimin məhz hansı oğlunu quban kəsmək istəməsi barədədir.
Qurana görə, bu, İbrahimin Həcər adlı xanımından doğulan İsmail adlı oğludur (37-ci surə, 101-103-cü ayələr).
Tövrat isə qurban kəsilmək üçün aparılan oğulun Həcərin günüsü Saradan dünyaya gələn İshaq olduğunu deyir (Musanın 1-ci kitabı, 22-ci bölmə).

Quranın Tövratı mötəbər dini kitab kimi tanımasına rəğmən, belə fərqin mövcudluğu, görəsən, nə ilə əlaqədardır?

Mənbələri diqqətlə araşdırarkən, Sara ilə Həcər arasında ciddi günü rəqabəti olduğu gözə çarpır və bu qarşıdurma sonda Həcərin oğlu İsmaillə birlikdə İbrahimin evindən uzaqlaşdırılması ilə nəticələnib.

Maraqlıdır ki, mənbələr İsmaili ərəblərin, İshaq isə yəhudilərin əcdadı sayır. Bəlkə, mənbələrın məsələyə fərqli yanaşması hər kəsin öz ulu babasını şöhrətləndirmək cəhdiylə bağlıdır? Amma hər iki kitabın səmavi, Tanrıdan gələn kitab olması bu iddianı şübhə altına ala bilər. Sağlam məntiqə görə, Allah təkdirsə, bu kitabın hər ikisini də O Özü diktə edibsə, deməli, bunlar arasında fərq olmamalı idi. Görəsən, mütəxəssislər bu anlaşılmazlığı necə izah edirlər?

Tövratı xəttatlar təhrif edib?

Dinşünas alim Elmir Quliyev hesab edir ki, hadisənin Quran variantının doğruluğuna heç bir şübhə yoxdur: “Şübhəsiz ki, qurban kəsiləcək oğul İsmayil əleyhissəlamdir. Buna dair səhih hədislər var. Biz həmçinin, inanırıq ki, Tövrat və İncil köçürülən və tərcümə edildiyi zaman bir çox dəyişikliklərə məruz qalıb. Kral Yakovun İngilis dilinə məşhur tərcüməsini çapa hazırlayan redaktə komissiyası da, vaxtilə, bu faktı təsdiqləmişdi. Kitablar arasindakı fərqlər də bundan qaynaqlanır. Allah isə daha yaxşı bilir”.



Bakıdakı aşkenaz yəhudiləri sineqoqunun ravvini Şneur Seqal isə öz cavabı ilə bizi xeyli təəccübləndirdi. O da E.Quliyevin fikrini tam təsdiqləyir: “Tövratın 3 min ildən artıq yaşı var. Bu minillər ərzində onun üzünü dəfələrlə köçürüblər. Kim bilir, hansı xəttat, nə zaman, hansı səbəbdən səhvə yol verib?”

Ravvin Ş.Seqala görə, İbrahim peyğəmbərin hansı oğlunu kəsmək istəməsi o qədər də önəmli deyil: “Əsas odur ki, bu hadisədəki lazımi fəlsəfi məqamı dərk edə bilək”.

Ş.Seqalın cavabının onun bir müsəlman ölkəsində yaşamasından irəli gələ biləcəyi fikri bizi başqa ölkədən bir yəhudi ilahiyyatçısına müraciət etməyə məcbur etdi.
Rusiyanın Krivoy Roq şəhərinin yəhudi icmasına aid facebook səhifəsindən sorğumuza belə bir cavab gəldi: “Tövrat yəhudilərə 3200 il bundan əvvəl verilib və nəsildən-nəsilə ötürülüb. 2000 yaşı olan xristianlıq da yəhudi Tövratını öz dini əsasları kimi qəbul edib. 1450 il bundan əvvəl nazil olan Quran isə Tövratın və İncilin döğruluğunu təsdiq edən bir kitabdır. Belə olduğu halda, öncəki mənbələrdəki mətni fərqli formada təqdim etmək, özü də daha öncəkinin yanlış olduğunu iddia etmək nə dərəcədə doğrudur?”

Xristianlar nə düşünür?

Bakı və Xəzəryanı arxiyepskopluğu bu mövzuya dair şərhini Bakıdakı Rus-Pravoslav kilsəsinin mətbuat xidmətinin rəhbəri protoierey Konstantinin vasitəsiylə açıqladı: “Biz, təbii ki, İbrahimin kəsməyə apardığı oğlunun İshaq olduğuna inanırıq. Bizə belə öyrədiblər və oxuduğumuz kitablarda belə yazılıb. Quranın bunu və ya başqa bir məsələni bizim istinad etdiyimiz mənbələrdən nəyə görə fərqli şəkildə təqdim etməsini isə qoy müsəlman alimləri izah etsinlər”.

Baptistlərə aid Məhəbbət Məbədinin təmsilçisi Vahid Tağıyev də öz təriqətinin baxış bucağından kənara çıxmağı mümkünsüz hesab edir: “Biz İsa Məsihə iman edənlərik. Biz onun inandıqlarına inanırıq. Odur ki, biz də qurbanlıq övladın İshaq olduğuna şübhə etmirik”.

Kimin nəyə və niyə inanması öz yerində, bəs, məsələnin elmi şərhi necə olsun?

İlahiyyatçı müsahiblərimizə ünvanladığımız: “Səmavi kitablar arasında fikir ayrılığının mövcudluğunun səbəbi nədir?” – sualına kiçik istisna ilə, hər kəs özünü aid etdiyi dinə aid mənbənin səhihliyi, qarşı tərəfinsə təhriflərə məruz qalması ilə cavab verdi. Odur ki, bütün aldığımız cavablardan son nəticə olaraq yalnız ravin Ş.Seqalın dilindən eşitdiyimiz bir cümləni seçdik: “Doğrusunu Tanrı bilir”.


Cəmşid Bəxtiyar


Teqlər:  





Xəbər lenti