Bu il büdcəyə yenidən baxmaq lazımdırmı? – TƏHLİL

Bu il büdcəyə yenidən baxmaq lazımdırmı? – TƏHLİL
  17 May 2014    Oxunub:1367
Son illərə nəzər saldıqda 2009-cu il istisna olmaqla hər il büdcəyə yenidən baxıldığını görürük. Başqa sözlə desək, hər il MM-nın yaz sesiyasının sonuna yaxın dövlətin əsas maliyyə sənədinin icra vəziyyətinə nəzər salınaraq, gəlir və xərclər hissəsindəki rəqəmlər dəyişdirilib. İqtisadi cəhətdən səmərəli sayılmasa da, qeyd olunan addımı atmağa hər dəfə bir amil - neftin dünya bazarlarındakı qiyməti zəmin yaradıb.

2013-cü ildə neftin dünya bazarlarında qiyməti bütövlükdə istənilən səviyyədə olmadı. AZERİ LT-in qiyməti birinci yarımil ərzində azalmağa doğru inkişaf etdi ki, hökumət nümayəndələri dövlət büdcəsində 1 barrelin qiymətinin 100 ABŞ dolları məbləğində götürüldüyünə istinad edərək, narahat olmamaq lazım gəldiyini də dilə gətirməli oldular. 2013-cü ilin büdcəsində 1 barelin qiyməti 2012-ci ildə olduğu kimi 100 dollar götürülərkən isə qiymətlərin yüksək olacağı zənn edilmişdi.

Keçən il dövlət büdcəsinə baxılmayacağı bu vaxt artıq bəlli idi. Çünki hökumət səviyyəsində deyilmişdi ki, buna heç bir zərurət yoxdur. Bu açıqlama neftin 1 barelinin dövlət büdcəsində qiymətinin 100 dollar götürülməsinə əsasən söylənilsə də, ilin birinci rübü ərzində büdcənin icrasına nəzərən profisitin az təşkil etməsi də məsələyə az təsir etməmişdi. Sözügedən ilin ilk 3 ayı ərzində büdcədən xərclər çox həyata keçirilmişdi ki, bunun da əsas hissəsini əməyin ödəniş fondu, təqaüd və sosial müavinətlər, dərman təşkil etmişdi. Üstəlik, ilin sonuna xərclərin – maaş və pensiyaların artırılacağı da gözlənilirdi.

Dövlət büdcəsinin cari ilin birinci rübü ərzində də icrası son illərdə yaranmış tendensiyaya uyğun olaraq profisitlə yekunlaşıb. Ancaq keçən və əvvəlki ildəkindən fərqli olaraq xərclər kəsirlə deyil, artıqlaması ilə həyata keçirilib ki, cari ildə 4,2333 milyard manat proqnoza qarşı icra 4,3743 milyon (141 milyon manat çox) təşkil edib. Məhz, bunun müqabilində büdcə artıqlığının əldə olunması daha diqqətə layiqdir. Ancaq bu da büdcəyə yenidən baxılması üçün zəmin yaratmır.

Ümumiyyətlə, 2014-cü ilin dövlət büdcəsi üzrə mövcud proqnozları nəzərdən keçirməyə ehtiyac görünmür, o səbəbdən ki, əvvəla, bütövlükdə cari ilin büdcəsinin icrasının asan başa gəlməyəciyi bildirilib. Neft Fondundan (ARDNF) transfert 17,7 % azaldılmaqla yanaşı, Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən mədaxilin yerinə yetirilməsi də havadan asılı vəziyyətdə sayılır. Yaxşı ki, ARDNŞ-dən ödənişlər yaxşı səviyyədədir. Birinci rübdə ARDNŞ daxil olmaqla digər neft şirkətləri tərəfindən büdcəyə 785 milyon 417 min manat vəsait ödənilmişdir ki, bu da neft-qaz sektorunun büdcə gəlirlərinin formalaşmasında ARDNF-lə birgə payın 69,78 % təşkil etdiyi deməkdir.

Neft Fondundan transfert olmasa, büdcədən cari xərcləri ödəmək əsla mümkün deyil: sosial xərclər bunun hesabına maliyyələşdirilir. Neft və neft məhsulları satışından əldə olunan gəlirlər olmasa Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi və digər qurumlar tərəfindən qeyri-neft sektorundan daxilolmalar cari xərcləri örtməyə imkan verə bilməz. Ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər xam neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına icra edilir.

İkincisi isə, neftin dünya bazarlarında qiyməti qənaətbəxş səviyyədə olsa da, yüksək deyil. Və hər an düşmək ehtimalı var. Əvvəlki şərhlərimizdə isə yazmışdıq ki, bu ilin dövlət büdcəsində neftin qiymətinin keçən ildəkindən aşağı səviyyədə götürüləcəyi gözlənilsə də, 100 dollar müəyyən edilib. Düzdür, neftin büdcədə müəyyən edilən qiyməti son llər ərzində ciddi məna kəsb etmir. O baxımdan ki, onun büdcəyə verdiyi səmərə ilə zərəri hesablamaq olmur. Səbəbi isə ARDNF-dən transfert təşkil edir ki, əvvəl, neftin qiyməti 80 dollar səviyyəsində götürülərkən hansı proqramları maliyyələşdirmək mümkün olduğu dəqiq bilinirdisə, son illər ilin ortasında büdcəyə yenidən baxıldığından bunları hesablamaq çətinləşib.

Odur ki, neftin dövlət büdcəsində müəyyən edilən qiyməti əslində, proqnozdan başqa bir şey deyil və bundan “qorxmaq” lazım gəlmir. Ən pis halda bəzi investisiya layihələrinin maliyyələşdirilməsi dayandırıla bilər ki, bu da gözlənilmir.

Üçüncüsü və ən nəhayət isə, bu il maaş və pensiyalar artırılmayacaq. Əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə büdcədən maliyyələşən orqanlarda çalışanların, həmçinin dövlət qulluqçularının, başqa sözlə desək, 700 min nəfərin aylıq əməkhaqqlarının səviyyəsi 2013-cü ildə artırıldı. Bundan əvvəl, maaş və pensiyaların məbləğləri 2011-ci ilin ikinci yarısında birinci əmək pensiyalarından başlanılmaqla, həmin ilin noyabr və dekabr aylarından bir sıra sosial ödənişlər də daxil, bir sıra büdcə təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşlarının orta hesabla 10 % yüksəldilməsi ilə artırılmışdı.

Ümumiyyətlə, Azərbaycanda bu tendensiya 2009-cu il istisna olmaqla demək olar, hər il həyata keçirilib. 2008-ci ilin sentyabrında minimum əməkhaqqı və pensiya məbləğlərinin səviyyəsi 15, bundan 2 il sonra - 2010-cu ilin sentyabrdan isə 10 manat artırılmaqla, dövlət büdcəsindən maliyyələşən bir sıra qurumlarda çalışan işçilərin aylıq vəzifə maaşları orta hesabla 10% yüksəldilmişdi ki, 2012-ci ildə isə heç bir artım həyata keçirilməmişdi.

Cari ilin dövlət büdcəsində 1 milyard 679 milyon manat kəsir nəzərdə tutulub ki, bu da keçən il üçün proqnozlaşdırılandan 988 milyon manat çoxdur. Büdcəyə yenidən baxılması və rəqəmlərin dəyişdirilməsi xüsusən, iki formada - neftin büdcədə qiyməti müəyyən ediləndən bahadırsa xərclərin artırılması, əksinə olduqda isə azaldılması və ehtiyac yarandığı təqdirdə, əlavə gəlir mənbələrinin təsbit olunması şəklində baş verə bilsə də, bizdə, büdcəyə dəyişiklik praktikasında sonuncuya heç vaxt rast gəlinməyib.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti