"O səslər hələ də qulağımdadır..." | Xilasedicimiz Türkiyədə gördüklərindən danışır - MÜSAHİBƏ

  "O səslər hələ də qulağımdadır..." |  Xilasedicimiz Türkiyədə gördüklərindən danışır -  MÜSAHİBƏ
  04 May 2023    Oxunub:6037
"Türkiyədəki zəlzələdən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, orada gördüyümüz mənzərə hələ də gözümün qarşısındadır. Türkiyənin yardımına hamıdan qabaq Azərbaycan xilasediciləri çatmışdılar. Mən də FHN-in 370 nəfərdən ibarət çevik xilasedici qüvvəsinin tərkibində ilk yollananlardan olmuşam".
Bunu AzVision.az -a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupunun sürücüsü Səxavət Məmmədov deyib.

- Fevralın 5-i növbədə idim, səhər işdən çıxacaqdım. Bizə məlumat gəldi ki, Türkiyədə zəlzələ olub və təcili getmək lazımdır. Qısa zamanda hazırlanıb, hava limanına getdik, oradan isə Türkiyəyə yollandıq. Əvvəlcə Adana şəhərinə, oradan Kahramanmaraşa getdik. 12 saatdan sonra gecə zəlzələ bölgəsinə çatdıq və dərhal xilasetmə işlərinə başladıq.

- Dağıntıların miqyasının bu dərəcədə böyük olduğunu gözləyirdinizmi?
- Oradakı mənzərə dəhşətli idi, sözlə ifadə etmək çətindir. Bu yaşıma qədər belə bir hadisə ilə qarşılaşmamışdım. İnsanlar təşviş içərisində idi. Hər kəs yaxınını tapmaq üçün nəsə etməyə çalışırdı. Bütün şəhər dağılmışdı. Sağlam bina qalmamışdı, olanlar isə çatlamış və ya yarısı dağılmışdı. Əksər binalar aşmışdı.

- Ətrafdakı insanların reaksiyası necə idi?
- Çıxılmaz vəziyyətdə olan şəxslər bizi görəndə çox sevinirdilər. Çünki ilk çatanlardan idik, bütün ümidlərini bizə bağlamışdılar. 10 nəfərlik qrupumuz beş-beş bölünərək işləyirdi. İkinci xilasetmə qrupu gələndə sayımız artdı və 10 nəfərlə işləməyə başladıq.

- Yerlə yeksan olmuş binalardan insanların sağ çıxacağına inanırdınız?
- Biz nəticələrin necə olacağını bilmədən işə başladıq. Çalışırdıq ki, insanları sağ çıxardaq. Hətta orada bizə kömək edənlər də var idi. Gəlib deyirdilər ki, filan yerlərdən səs gəlir. Bizim üçün fərqi yox idi. Diri və ya ölü olmasından asılı olmayaraq hər kəsi çıxardırdıq. Məqsədimiz kimsənin dağıntılar altında qalmaması idi. Çünki zaman keçdikcə sağ qalma şansları azalırdı.

- Təxminən neçə nəfəri sağ çıxardınız?
- Həmin vaxtı sayını itirmişdik. Haradasa 50-dən çox sağ insan, minə yaxın isə cəsəd çıxardıq.

- Həyatını xilas etdiyiniz ilk insanı xatırlayırsınızmı?
- Səhv etmirəmsə, elə başlayan kimi sağ insanları tapdıq. Ailə idi - ana, ata və azyaşlı qız uşaqları var idi.


- Xilas edilənlərin ilk reaksiyaları necə olurdu?
- Şok vəziyyətində idilər. Zəlzələ gecə, insanlar yatarkən olduğu üçün çoxu nəyin baş verdiyini anlamırdı. Kimisi huşunu itirmişdi, kimisə danışa bilmirdi... Sağ çıxanlarla danışmağa çalışırdıq. Çünki belə mənzərəni görəndən sonra sağ qaldıqlarına inanmırdılar. Onlarla psixoloji söhbətlər edirdik.

- Xilas etdiklərinizin sizə ilk sualları nə olurdu?
- Yaxınlarını soruşurdular, bizə evlərinin yerlərini göstərirdilər, işimizdə köməklik edirdilər. Çünki evlərinin quruluşunu bilmirdik. Zəlzələ gecə olduğu üçün əsasən yataq otaqları istiqamətində axtarış aparırdıq.

- Orada necə gün qaldınız?
- 25 gündən sonra artıq işlər yekunlaşmışdı və biz qayıtdıq.

- Son günə qədər sağ çıxardığınız şəxslər olurdu?
- 12-ci gün sağ çıxarılan şəxs olmuşdu. Amma onu biz xilas etməmişdik. Bu qədər vaxt ərzində ac-susuz, beton altında sıxılmış qalandan sonra sağ çıxmaq möcüzədir.

- Zəlzələlər davam edirdi, siz özünüz necə, təhlükəli vəziyyətlə üzləşmirdiniz ki?
- Bəli, olub. Çalışırdıq ki, planlı şəkildə işləyək. Ərazidə qiymətləndirmə aparırdıq ki, bu binaya keçmək olar, yoxsa yox. Əgər başqa çarə yox idisə, beton dirəklər qoyub, təhlükəsizliyimizi təmin edib, sonra işləyirdik. Çünki ora xilas etməyə getmişdik, bizə də nəsə olsa o zaman, kim xilas edəcəkdi?
İlk günlər zəlzələlər olanda həyəcanlanırdıq. Sonradan bizim üçün adi hala çevrilmişdi. Xilasetmə zamanı zəlzələ olanda ərazidən uzaqlaşırdıq. Çünki yarıdağılmış binalar var idi, güclü zəlzələ olsaydı uça bilərdi.


- Yəqin ki, təsirləndiyiniz anlar çox olub...
- Hər günümüz elə keçirdi. Xilasetmə işlərinin ikinci günü idi, üçmərtəbəli bina uçub yerlə bir olmuşdu. Oradan kiminsə sağ çıxacağına inanmırdıq. Amma 14 yaşında oğlan uşağını sağ çıxaranda çox sevindik.
Unudulmayan daha bir mənzə isə qadının öz körpəsini xilas etmək üçün ona sipər olması idi. Ana uşağını altına almışdı ki, onu qorusun, amma hər ikisi ölmüşdü. Çox təsirli səhnə idi.
İlk gün çıxardığımız ailədən başqa bir qadını da xilas etmişdik. Onu çıxaranda oğlunun fəryad səsi hələ də qulağımdan, o mənzərə isə gözümün qabağından getmir.

- Gün ərzində neçə saat işləyirdiniz?
- Birinci 2-3 günü 14-18 saat işləyirdik. Daha sonra digər ölkələrin xilasediciləri də bizə qatıldılar, AFAD da kömək elədi. Bundan sonra 8-10 saat işləyib, sonra dincəlirdik. Kahramanmaraş şəhərindən 10 km aralıda AFAD-ın düşərgəsində çadrlarda qalırdıq.

- Başqa ölkələrin xilasediciləri ilə birlikdə işi necə qururdunuz?
- Növbələr dəyişəndə hansı ərazilərdə işin tamamlanması ilə bağlı məlumat verirdik. Bizimlə eyni ərazidə Tacikistan, Qırğızsan, Belarus, Fransa və İsraildən olan xilasedicilər də işləyirdilər. Amma yerli əhali bizə daha çox ümid edirdi. Onlar bilirdilər ki, azərbaycanlı qardaşları canla-başla işləyəcək. Başqa ölkələr əsasən sağ qalan şəxsləri tapmağa çalışırdılarsa, biz öldüsündən-qaldısından aslı olmayaraq, hər kəsi çıxarırdıq.


- Zaman keçdikcə yəqin ki, işləmək çətinləşirdi, çünki dağıntılar altında qalanların miqyası böyük, vaxt isə az idi...
- Hava soyuq idi, gecələr şaxtalı keçirdi. Bu, iyin yayılmasının qarşısını müəyyən qədər alırdı. Hadisə yayda olsaydı, daha dəhşətli mənzərə yaranardı. Parçalanan cəsədlər olan yerlərdə vəziyyət lap pis idi. Hətta axtarış edəndə belə iyi tutub, gedirdik. Xilasetmə itlərimiz çox köməyimizə çatırdı. Uğurlu nəticələrimiz də olurdu.

- Aranızda yaralananlar oldu?
- Yox olmayıb, hamımız yaxşı idik. Sadəcə yüngül əzilənlər olurdu.

- Hər hadisə bir təcrübədir. Türkiyədəki bu fəlakət sizə nəyi öyrətdi?
- Bu işlə 8 ildir məşğulam. Azərbaycanda böyükmiqysalı dağıntılar olmayıb. Xırda da olsa xilasetmə işləri ilə, meyitlərlə işləmişik. Təcrübəmiz o oldu ki, soyuqqanlılıq formalaşdı və qorxu olmadan işə başlayıb, həyatları xilas etməyi öyrəndik.

- Xəbərlərdə oxuyurduq ki, başqa ölkələrin xilasediciləri dağıntılar altından pullar, zinət əşyaları tapır. Sizin də belə təcrübəniz olub?
- Olurdu. Ərazi jandarma tərəfindən mühafizə edilirdi. Biz də tapdıqlarımızı vətəndaşa deyil, polis işçilərinə təhvil verirdik.

- Xilas etdiyiniz insanlardan sonradan sizinlə əlaqə saxlayanlar olub?
- İlk gün dağıntılar altından çıxardığımız ailənin azyaşlı qızı deyəsən, birinci sinifə gedirdi. O bizim xilasetmə əməliyyatımızla bağlı rəsm çəkmişdi. Rəsmdə uçan bina və ərazini təmizləyən xilasediciləri təsvir etmişdi. Altında yazmışdı ki, “Siz bizim canımızsınız, can Azərbaycan. Bizi siz qurtardınız”. O şəkil hələ də bizimlədir.




Aytən Zəhra
AzVision.az

Qalereya


Teqlər: Türkiyə   Zəlzələ   Azərbaycan   xilasetmə   qardaş   ölkə   FHN  







Xəbər lenti