Kamil Zeynallı Rusiyaya necə sərbəst gedib-gəlib? - Vəkildən AÇIQLAMA

 Kamil Zeynallı Rusiyaya necə sərbəst gedib-gəlib? -    Vəkildən AÇIQLAMA
  22 Fevral 2024    Oxunub:1105
Kamil Zeynallı üzərindəki beynəlxalq axtarış qərarını ləğv etdirmədən Türkiyədən başqa hər hansı ölkəyə səfər edə bilməz.
Kamil Zeynallı Bakıya qayıdıb - Video
Bunu AzVision.az -a açıqlamasında K.Zeynallının vəkili Ələkbər Qarayev deyib. O qeyd edib ki, Türkiyə qardaş ölkə olduğu üçün onun səfərində belə problem yarana bilməz.

"Amma başqa dövlətlərə səfər etsə, sərhəd-keçid məntəqələrində yenidən eyni problemlə qarşılaşacaq. Bunu dünən Rusiya prokurorluğunda olanda aydınlaşdırdıq. Kamil Zeynallının saxlanılması üçün Ermənistan dövlətinin göndərdiyi sorğu var. Orada qeyd edilib ki, Kamil guya Emənistanın ərazisində cinayət törədib, orada muzdlu döyüşüb, adam öldürüb. Bütün dünya bilir ki, müharibə gedən ərazi Azərbaycanın torpaqlarıdır və bunu Ermənistan, dünya ictimaiyyəti də qəbul edib. Kamil də ifadəsində nə özünün, nə də ailəsinin, qohumlarının ermənistan ərazisində olmadığını qeyd edib. Ermənistan tərəfinin sorğusunda sübut da yoxdur".

Vəkil qeyd edib ki, Kamil federal axtarışdan çıxarılması üçün müraciət etməli və bunu əsaslandırmalıdır. Bundan sonra o digər ölkələrə sərbəst gedə bilər.

Bəs K.Zeynallı 3 dəfə Rusiya ərazisində olarkən niyə saxlanılmayıb?

Vəkil qeyd edib ki, buna səbəb bir hərf səhvidir: "Biz aydınlaşdırdıq ki, Ermənistan dövlətinin göndərdiyi sorğuda "Kyamil" deyə qeyd edilib. Onun da pasportunu ingilis dilinə tərcümə edəndə Kamil gedir. Ona görə Rusiyaya azad gəlib-gedirdi".

Qeyd edək ki, Kamil Zeynallı ötən gün Moskvanın “Domodedovo” hava limanında saxlanılıb . Ermənistan Respublikası onu ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham edir . Daha sonra K.Zeynallı azadlığa buraxılıb və o, bu gün Azərbaycana qayıdıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:   KamilZeynallı  





Xəbər lenti