12-ci mərtəbədən yıxılan azyaşlının həyatı xilas edilib - FOTO

   12-ci mərtəbədən yıxılan azyaşlının həyatı xilas edilib -    FOTO
  16 Oktyabr 2024    Oxunub:846
Yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və on gün komatoz vəziyyətdə (koma) qalan azyaşlının həyatı həkimlər tərəfindən xilas edilib.
Bu barədə AzVision.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən məlumat verilib. Oktyabrın 1-də saat 14:00 radələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən kəskin ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 2013-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) vaxtında göstərilən tibbi müdaxilə nəticəsində sağ qalıb.

Tibb müəssisəsinin Təcili yardım şöbəsinə yerləşdirilən azyaşlıya ağır müştərək travma (qapalı kəllə-beyin travması, subaraxnoidal qansızma, kəllə sümüyünün sınığı, döş qəfəsinin kontuziyası, sağtərəfli pnevmotoraks, sağ bazu və sağ bud sümüyün başının sınığı, posttravmatik şok, posthemorragik şok) diaqnozları təyin edilib.



On dörd gün ərzində tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi aparılan azyaşlı artıq koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas olub. O, təbiblərimizin inamı və mübarizəsi nəticəsində qismən də olsa, sağlamlığına qovuşub və digər şöbəyə köçürülüb. Hazırda vəziyyəti kifayət qədər stabil qiymətləndirilən azyaşlının müalicəsi tibb müəssisənin Neyrotravma şöbəsində davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti