Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və hədəflər müzakirə edilib

Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və hədəflər müzakirə edilib
  22 Fevral 2024    Oxunub:636
STEAM İnnovasiya Mərkəzində Qarabağ Universiteti ilə bağlı görüş keçirilib.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları, xaricdə yaşayan azərbaycanlı alimlər və digər qonaqlar iştirak ediblər.

Görüşdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, ixtisaslar barədə təqdimat nümayiş etdirilib, həmçinin universitetdə görülən işlər, hədəflər və gələcək planlar barədə məlumat verilib.

Görüş çərçivəsində universitetdə yerli və beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə edilib. Qeyd olunub ki, Qarabağda tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması və regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi dövlət başçısı tərəfindən qarşıya məqsəd kimi qoyulub.

Görüş iştirakçıları universitetin fəaliyyətinə dair tövsiyələrini bölüşüb, Qarabağın hər zaman ziyalılar yetişdirdiyini və hazırda görülən işlərin də bu ənənənin davamı olduğunu vurğulayıblar.

Görüşdə universitetin təhsilalanları və akedemik heyəti üçün fərqli, müasir mühitin formalaşdırılması, universitet kampusunda bütün xidmətlərin verilməsi, həmçinin elmi-tədqiqata əsaslanan yaradıcı layihələrin dəstəkləndiyi ekosistemin qurulmasına dair geniş müzakirələr aparılıb.

Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.





AzVision.az


Teqlər:





Xəbər lenti