Sahibə Qafarova latviyalı həmkarı ilə görüşüb - FOTOLAR

Sahibə Qafarova latviyalı həmkarı ilə görüşüb -  FOTOLAR
  20 May 2024    Oxunub:1124
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikası Seyminin sədri Dayqa Mierinyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən xəbərə görə, görüşdə qeyd olunub ki, 2018-ci ildə 100 illik yubileylərini qeyd etmiş Azərbaycan və Latviya bənzər tarixə malik dost və strateji tərəfdaş ölkələrdirlər.

Sahibə Qafarova inamını ifadə edib ki, bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə töhfə verəcək. İki il öncə Latviyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşləri, aparılan danışıqları məmnuniyyətlə xatırlayan Milli Məclisin sədri, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolunu xüsusi qeyd edib.

Üç gün öncə Cenevrə şəhərində Ermənistan parlamentinin spikeri ilə keçirilmiş ikinci görüşünün təfərrüatları barədə danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini nümayiş etdirib. O deyib ki, sülh gündəliyinin irəli aparılması üçün yaxşı imkanlar mövcuddur. Spiker Sahibə Qafarovanın sözlərinə görə, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də proses davam etdirilir.

Azərbaycana ilk rəsmi səfərinin ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd etdiyimiz bir vaxta təsadüf etdiyini deyən Latviya parlamentinin sədri ölkəmizə səfərini əlamətdar adlandırıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verən qonaq, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrini əhatə edən əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsinin aparıldığını deyib. Qonaq, Latviyanın 2026-2027-ci illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyü məsələsində Azərbaycanın birmənalı dəstəyinə görə təşəkkürünü bildirib.

Azərbaycana səfəri çərçivəsində Qarabağ regionuna səfərindən söz açan Latviya parlamentinin sədri, Füzuli və Şuşa şəhərləri ilə tanışlıq zamanı gördükləri barədə təəssüratları ilə bölüşüb. O, deyib ki, bu səfər ərazidə yaşayan insanlarla görüşmək, danışmaq, Azərbaycan tarixinin ağır səhifələri, regionda baş verənlər barədə məlumat almaq baxımından əhəmiyyətli oldu. O, Latviyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini bildirib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması 30 illik müddəti əhatə etsə də, xalqlarımız arasında mədəni əlaqələrin tarixi daha dərindir. Seymin sədri 100 ildən də əvvəl latviyalı rəssam Yulie Straumenin Şuşada yaşadığını və orada müəllim işlədiyini, həmçinin onun Şuşada Azərbaycan xalçalarının kolleksiyasını yaratdığını xatırladıb. Qonaq bu faktın onlar üçün xüsusi əhəmiyyətini qeyd edib.

Dayqa Mierina Qarabağa səfəri zamanı Azərbaycan dövləti tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin də şahidi olduğunu söyləyib. O, Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması, delimitasiya-demarkasiya işlərinin aparılması, həmçinin ölkəmizin bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindəki rolunu təqdir edərək deyib ki, gələcəkdə latviyalı şirkətlər də Qarabağda aparılan bərpa və yenidənqurma işlərində iştirak edə bilərlər.

Qonaq ölkəmizin belə mötəbər beynəlxalq tədbirə evsahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, Latviyanın COP29-un həyata keçirilməsində Azərbaycana yaxından dəstək göstərməyə hazır olduğunu bildirib.

AzVision.az

Qalereya




Teqlər: Milli-Məclis   Latviya   görüş  





Xəbər lenti