Mərkəz rəhbəri: “Milli Məclisə keçiriləcək seçkilər tarixi hadisə olacaq"

   Mərkəz rəhbəri:    “Milli Məclisə keçiriləcək seçkilər tarixi hadisə olacaq"
  19 Avqust 2024    Oxunub:946
“Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər tarixi hadisə olacaq. Çünki bu, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunandan sonra keçirilən ilk parlament seçkiləridir. Şəxsən mən bu anı, bu günləri çoxdan gözləyirdim”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov deyib.

O bildirib ki, artıq Qarabağda da seçki proseslərinin aparılması xaricdə yaşayan azərbaycanlıları fərəhləndirir: “Xaricdə yaşayan azərbaycanlılar Vətəndən uzaqda olsalar da, Azərbaycana bağlı bütün mühüm ictimai-siyasi prosesləri yaxından izləyirlər. İşğaldan azad edilmiş ərazilərə parlament seçkilərindən sonra diqqət daha da artacaq. Milli Məclisdə bu bölgə ilə bağlı daha çox çağırış və təkliflərin olacağını, bütün ölkədə iqtisadi-sosial sahələrdə inkişafın sürətlənəcəyini gözləyirəm. Biz Qarabağda nəinki ilk dəfə olaraq parlament seçkiləri keçirəcəyik, burada iqtisadi sahələrdə də ilklərə imza atacağıq. İnsanların azad olunmuş ərazilərdə firavan yaşaması və işləməsi üçün daha rahat, münbit şərait yaradılacaq. Bütün bu tarixi proseslər həmin ərazilərə köçmək arzusunda olan əhalinin sayına da müsbət təsir edəcək. Mən fəxr edirəm ki, dünyaya sahib olduğumuz torpaqlarda inkişaf proseslərini, demokratik seçkiləri nümayiş etdiririk. Biz dağıdılmış ərazilərdə saysız minaların olmasına baxmayaraq kəndləri qısa zamanda bərpa edə bilən xalqıq. Seçkilərlə isə bir daha dünyaya sübut edəcəyik ki, həmin torpaqların əsl sahibləri bizik!”.
AzVision.az



Teqlər:





Xəbər lenti