Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək

   Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək
  15 Sentyabr 2024    Oxunub:1135
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibinin adı bu gün bəlli olacaq.
AzVision.az xəbər verir ki, Azərbaycan mərhələsinin sonuncu günündə əvvəlcə Formula 2, daha sonra Formula 1 üzrə əsas yarışlar başlayacaq.

Formula 1-də sıralanma mərhələsinin yekunlarına əsasən, ən yaxşı nəticəni “Ferrari”nin monakolu pilotu Şarl Lekler göstərib. “McLaren”in avstraliyalı sürücüsü Oskar Piastri ikinci, “Ferrari”nin digər üzvü, ispaniyalı Karlos Sayns isə üçüncü yerdə qəraralaşıblar. Əsas yarışda pilotların düzülüşü məhz bu turun nəticələrinə uyğun şəkildə formalaşıb.

Formula 2 üzrə sprint yarışında “PHM AIX Racing” komandasının paraqvaylı pilotu Yosua Dürksen birinci yeri tutub. DAMS komandasının amerikalı sürücüsü Cek Krauford ikinci, “Prema”da çıxış edən italiyalı Qabriel Mini üçüncü yerləri bölüşüblər.

Pilotların siyahısına “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 303 xalla başçılıq edir. “McLaren”də çıxış edən Lando Norris 241 xalla ikinci yerdədir. İlk “beşliy”i isə 217 xalla Şarl Lekler (“Ferrari”), 197 xalla Oskar Piastri (“McLaren”), 184 xalla Karlos Sayns (“Ferrari”) tamamlayıblar.

Konstruktorlar kubokunda isə 446 xalla “Red Bull” komandası öndədir. “McLaren” 438 xalla ikinci, “Ferrari” 407 xalla üçüncü yerləri tuturlar. Sonrakı yerlərdə “Mercedes” (292), “Aston Martin” (74), RB (34), “Haas” (28), “Alpine” (13), “Uilliyams” (6) və “Sauber” (0) komandalarıdır.

Xatırladaq ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

AzVision.az





Teqlər: Formula-1   Qran-Pri   qalib  





Xəbər lenti