Neft qiymətinin gəlirlərin azalmasına təsiri ilə bağlı tədbirlər açıqlanıb

Neft qiymətinin gəlirlərin azalmasına təsiri ilə bağlı tədbirlər açıqlanıb
  18 Oktyabr 2024    Oxunub:616
Xam neft və təbii qaz qiymətlərinin volatilliyinə dövlət maliyyəsi və ortamüddətli dövrdə büdcə gəlirləri daha çox həssasdır. Bu baxımdan qeyd olunan riskin mitiqasiyası məqsədilə bir sıra tədbirlər nəzərdə tutulub.

AzVision.az APA-ya istinadən xəbər verir ki, beynəlxalq maliyyə institutları və agentlikləri tərəfindən xam neftin dünya bazar qiymətinin əsasən təqribi 80-85 ABŞ dolları civarında proqnozlaşdırılmasına baxmayaraq, 2025-ci il üzrə büdcə parametrlərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiymətinin həmin proqnozlardan aşağı, yəni 70 ABŞ dolları, habelə təbii qazın qiymətlərində volatilliyin yüksək olması ilə əlaqədar dövlət büdcəsində təbii qazın orta çəkili satış qiymətinin (242 ABŞ dolları/min kub metr) proqnozlaşdırılmasına daha balanslı yanaşması qiymət riskinin mülayimləşdirilməsinə xidmət edir.

Qeyd edilib ki, dövlət büdcəsinin tərtibi zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin xarici valyutada deyil, manat ifadəsində müəyyən olunması neftin qiyməti ilə bağlı risklərin dövlət büdcəsinə birbaşa təsirinin azalmasına xidmət edir.

Beləliklə, dövlət büdcəsinin neft gəlirlərinin mühüm komponenti olan Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği neftin qiyməti, hasilat həcmi və valyuta məzənnəsinin dəyişkənliyi ilə bilavasitə bağlı olmadığından növbəti ilin dövlət büdcəsinin neft gəlirləri üzrə mədaxili bir növ sığortalanır.

Bununla belə, neft və təbii qaz qiymətlərinin kəskin düşməsi və bir büdcə ilindən artıq müddət ərzində aşağı səviyyədə qalması icmal və dövlət büdcəsinin gəlirlərinin azalmasına, habelə Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha sürətlə tükənməsinə gətirib çıxara bilər. Bu baxımdan, neft və təbii qaz qiymətlərinin aşağı səviyyədə olması riskinin mitiqasiyası məqsədilə büdcənin gəlir və xərcləri hesablanarkən neft qiymətlərində mühafizəkar yanaşma zəruri hesab edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti