"Məşqə tələsən" Fransa əsgərləri nüvə raketlərini necə ifşa etdilər?

   "Məşqə tələsən" Fransa əsgərləri    nüvə raketlərini    necə ifşa etdilər?
  14 Yanvar 2025    Oxunub:451
Fransa Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti nüvə silahı daşıyan sualtı qayıqların döyüş növbətçiliyi haqqında məxfi məlumatları təsadüfən ABŞ-yə məxsus "Strava" şəxsi fitnes proqramı vasitəsilə ictimaiyyətə açıqlayıb.
"Le Monde" qəzetinin məlumatına görə, Fransanın Bretan əyalətində, İl-Lonq yarımadasında yerləşən, ölkənin ən məxfi hərbi obyekti sayılan bazada xidmət çəkən hərbçilər əsl adları ilə işlətdikləri tətbiq profillərini "səhvən" ictimaiyyətə açıq saxlayıblar. Beləliklə, sözügedən bazanın gündəlik iş rejimi, sualtı patrul cədvəlləri, ümumilikdə Fransanın milli təhlükəsizliyi ilə bağlı həssas informasiya xarici kəşfiyyat orqanları üçün əlçatan hala gəlib. Bu bazada hər biri 16 nüvə raketi daşımaq gücünə malik (Hiroşimaya atılan atom bombasının gücündən min dəfə çox) 4 nüvə enerjili ballistik raket sualtı qayığının saxlandığı bildirilir. 1972-ci ildən bəri birbaşa Fransa Prezidentinin əmri ilə fəaliyyət göstərən "qara qayıq" ləqəbli sualtı qayıqlar okean sularında dolaşaraq nüvə təhlükəsinə qarşı hazır dururlar.

(Fransanın İl-Lonq hərbi nüvə bazasının xəritədə görünüşü)

2 min hərbçinin xidmət çəkdiyi bazaya giriş skanerlər, üz tanıma sistemləri və xüsusi təlim görmüş itlər tərəfindən yoxlanış altında həyata keçirilir. Bazada şəxsi mobil telefon kimi elektron cihazlar qadağandır və yalnız xüsusi hallar üçün bir neçə nəzarət məntəqəsində istifadəsi mümkündür. Bütün ciddi mühafizə sisteminə baxmayaraq, hərbçilərin səhlənkarlığı nəticəsində məxfi məlumatların internetə sızdığı diqqətə çatdırılır. Belə ki, öz şəxsi məşq qeydlərini aparmaq istəyən hərbçilər "Strava" tətbiqində ballistik raketlərə dair informasiyanı da ictimaiyyətə yayıblar.

Britaniyanın "Daily Mail" qəzeti yazır ki, sızdırılan məxfi hərbi informasiyanın hazırda Rusiyanın əlinə keçməsi riski böyükdür.

(Britaniyanın "HMNB Clyde" (və ya "Faslane") hərbi nüvə bazasının xəritədə görünüşü)

2022-ci ilin avqustunda Britaniya Donanmasının ölkənin şimal-qərbində yerləşən "HMNB Clyde" hərbi nüvə bazasının dənizçiləri də oxşar səhvə yol vermişdilər. Onlar da həmin tətbiq vasitəsilə öz gizli məlumatlarını, eləcə də GPS hərəkət fəaliyyətini "təsadüfən" internetə sızdırmışdılar. Sualtı qayıqlardan buraxılan "Trident" qitələrarası ballistik raketlərinin yerləşdiyi baza Britaniyanın nüvə silahına qarşı qüvvələrinin mərkəzi sayılır. Dənizçilərin şəxsi məlumatları ilə yanaşı bu raketlərin də mövqeləri faş olmuşdu.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   Strava   məxfi-məlumat   ifşa  





Xəbər lenti