Dünyanın ən varlı adamları Trampa təzimə gəliblər

   Dünyanın ən varlı adamları Trampa təzimə gəliblər
  20 Yanvar 2025    Oxunub:478
Son aylar dünyanın ən zəngin 10 adamından altısı Donald Trampın rəhbərliyi altında yeni güc mərkəzinə çevrilən Florida ştatındakı Palm-Biç kurort şəhərinə tez-tez baş çəkir. Bu milyarderlər ABŞ-nin və dünyanın müxtəlif yerlərindən, o cümlədən Havay, Kaliforniya, Texas və hətta Mayamidən şəxsi təyyarələrlə gəlirlər.
AzVision.az bildirir ki, “Bloomberg” agentliyinin yazdığına görə, təyyarə reyslərinin qeydləri bu şəxslərin Trampın şəxsi klubu olan Mar-a-Laqoya onunla görüşmək üçün gəldiyindən xəbər verir. Onlardan bəziləri, məsələn, Mark Zukerberq, Sergey Brin və Ceff Bezos əvvəllər Trampın əleyhinə danışsalar da, indi onunla əlaqələr qurmağa çalışırlar.

217 milyard dollarlıq sərvətə malik Mark Zukerberq Trampla fikir ayrılıqlarına baxmayaraq, ötən il noyabrın sonunda onun şəxsi klubuna baş çəkib. 163 milyard dollar civarında varidatı olan Sergey Brin isə, “Alphabet” şirkətinin prezidenti və baş direktoru Sundar Piçai ilə görüşmək üçün 2024-cü ilin dekabr ayında Palm Biçə uçub.

Həmçinin Ceff Bezos (245 miyard dollar) və planetin ən zəngin adamı olan “SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısı və sahibi İlon Mask Mar-a-Laqoda Donald Trampla bir sıra məsələləri müzakirə ediblər.

Tramp milyarderlərin qarşısında and içəcək
Xatırladaq ki, İlon Maskın Trampın seçki kampaniyasına 250 milyon dollar xərclədiyiy bildirilir. Ceff Bezos isə ABŞ-nin yeni prezidentinin andiçmə mərasiminə 1 milyon dollar ianə ayıracağı vədini verib. Eyni zamanda, onlar Zukerberqlə birlikdə andiçmə mərasiminə dəvət alıblar.

Bundan əlavə, Trevis Kalanik (5 milyard dollar), Larry Ellison (188 milyard dollar) və kriptovalyuta maqnatları Kemeron və Tayler Vinklvoss (hər biri 6 milyard dollar) Tramp üçün keçirilən xeyriyyə tədbirinə qatılmaq etmək üçün Palm-Biçi ziyarət ediblər. Dağ-mədən sənayesi maqnatı xanım Cina Raynhart (20 milyard dollar) da kluba baş çəkib, kazino maqnatı Stiv Uinn (5 milyard dollar) isə Trampı seçki kampaniyasında dəstəkləyib.
Hovard Lyutnk (2 milyard dollar) və Tilman Fertitta (16 milyard dollar) kimi digər milyarderlər də Trampla görüşmək üçün mütəmadi olaraq Palm- Biçə uçuşlar ediblər.

Sahil isgəndərov
AzVision.az


Teqlər:   Tramp   milyarderlər   təzim  





Xəbər lenti