Ölkədə hava şəraitinə görə bütün limanlar bağlanıb

Ölkədə hava şəraitinə görə bütün limanlar bağlanıb
  01 Mart 2025    Oxunub:332
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmilərin Hərəkətini İdarəetmə Mərkəzinin (GHİM) mütəxəssisləri gücləndirilmiş iş rejimində işləyir.
DDLA-dan AzVision.az -a məlumat verilib ki, hazırda Azərbaycanın bütün dəniz limanlarından gəmilərin giriş-çıxışına qadağa qoyulub. Xəzər dənizində şimal-qərb və şimal küləyinin güclənəcəyi, bəzi yerlərdə küləyin sürətinin 30 m/s-yə çatacağı, dalğanın hündürlüyünün isə 5,5 metrə çatacağı gözlənilir.

Çətin hava şəraiti nəzərə alınaraq dənizdəki bütün gəmilər xüsusi sığınacaqlara yerləşdirilib və operatorların daimi nəzarəti altındadır. Azərbaycanın ərazi sularında faktiki vəziyyətə nəzarət etmək məqsədilə Milli Dəniz Administrasiyası Mərkəzi küləyin istiqaməti və gücünə, dalğaların hündürlüyünə və görünmə məsafəsinə daim nəzarət edir. Mərkəzin mütəxəssisləri külək zəifləyənə qədər məlumat mübadiləsini və gəmilərin hərəkətinin tənzimlənməsini davam etdirəcəklər.

Hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında - 4, Aran rayonlarında -3, Naxçıvan MR-da -10, dağlıq rayonlarda isə -20 dərəcəyədək şaxta qeydə alınıb.

AzVision.az


Teqlər: hava   limanlar  





Xəbər lenti