Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Ağdərə rayonunun Həsənriz kəndinə köçürülən 20 ailə arasında keçirilib.
Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən video çarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.
AzVision.az