Elçin Əmirbəyov: "Ermənistanın əsas qanunu sülh sazişinin ruhuna uyğun olmalıdır"

      Elçin Əmirbəyov:    "Ermənistanın əsas qanunu sülh sazişinin ruhuna uyğun olmalıdır"
  11 Aprel 2025    Oxunub:644
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması mühüm bir mərhələdir, lakin bu, Cənubi Qafqaz qonşuları arasında uzunillik münaqişənin başa çatması və münasibətlərin normallaşması yolunda sadəcə ilk addımdır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Braziliyanın gündəlik "Folha" qəzetinə verdiyi müsahibəsində bildirib.

Qeyd edək ki, mart ayında Əmirbəyov Braziliyada səfərdə olub. Səfər çərçivəsində o, ölkənin Xarici İşlər Nazirliyinin rəsmiləri və Konqres üzvləri ilə görüşlər keçirib.

E.Əmirbəyovun sözlərinə görə, Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü tələbləri, o cümlədən Ermənistan konstitusiyasında Qarabağla bağlı istinadların aradan qaldırılmasını "yeni" və ya "süni" adlandırmaq ədalətsizdir və dürüstlük deyil (Ermənistanın xarici işlər naziri həmin qəzetə verdiyi son müsahibəsində bu şərtləri "süni" adlandırmışdı).

"Əvvəlcə demək istəyirəm ki, sülh sazişinin mətninə dair danışıqların yekunlaşdırılması çox mühüm bir mərhələdir. Amma məsələ bununla bitmir. Mən deyərdim ki, bu, iki fəsilli bir kitab kimidir və bütöv kitabı oxuduğunuzu demək üçün hər iki fəsli oxumağınız lazımdır", - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, birinci fəsil artıq başa çatıb, çünki sülh sazişinin mətni üzərində razılığa gəlmək üçün iki ildən çox vaxt sərf olunub. Bakı bu nəticəyə nail olmaq üçün yetərli siyasi iradə və çeviklik nümayiş etdirmək baxımından maksimum səylər göstərib.

"Lakin sadəcə sənədi imzalayıb işin bitdiyini düşünmək düzgün olmaz", - deyə Əmirbəyov vurğulayıb.

Onun fikrincə, bu "kitab"ın ikinci fəsli hələ qarşıdadır və burada iki əsas məsələnin həll olunması vacibdir:

1. Ermənistan konstitusiyasında hələ də yer alan Qarabağa dair ərazi iddiaları;

2. Münaqişə dövründə vasitəçi qismində çıxış etmiş, lakin beş ildə fəaliyyətsiz qalan və artıq köhnəlmiş ATƏT institutlarının buraxılması zərurəti.

"Bu şərtləri "yeni" və ya "süni" adlandırmaq ədalətsizlikdir və dürüstlük deyil, çünki biz bu məsələlərin həllinə artıq iki ildən çoxdur çalışırıq. Biz deyirik ki, bu maddə (Azərbaycana qarşı ərazi iddiaları - red.) çıxarılmalıdır ki, Ermənistanın əsas qanunu sülh sazişinin ruhuna və məzmununa uyğun olsun. Biz istəmirik ki, gələcəkdə kimsə bu münaqişəyə qayıtmaq üçün hətta nəzəri bir imkan belə əldə etsin", - deyə E.Əmirbəyov bildirib.

Diplomat vurğulayıb ki, əgər Ermənistan səmimi şəkildə sülh sazişini imzalamaq istəyirsə, bu konstitusiya maddəsini dəyişmək üçün əlindən gələni etməlidir. Hazırda top Ermənistan tərəfindədir - o, Azərbaycana sülhə doğru iradəsini və Qarabağa dair iddialardan birdəfəlik imtina etdiyini sübut etməlidir.

"Biz bilmək istəyirik ki, erməni xalqı sülh istəyirmi, çünki bu sənədi sadəcə baş nazir Nikol Paşinyanın hökuməti ilə deyil, həm də Ermənistan dövləti və xalqı ilə imzalamaq bizim üçün vacibdir. Əgər erməni xalqı Qarabağa dair qanunsuz iddialardan imtina etməyə hazır deyilsə, biz hansı sülhdən danışa bilərik?", - deyə Prezidentin nümayəndəsi əlavə edib.

E.Əmirbəyov, həmçinin Azərbaycanın BMT-nin COP29 iqlim konfransına sədrliyi çərçivəsində prioritetləri və COP30-da Braziliyanın sədrliyinə verdiyi dəstəklə bağlı da danışıb. O bildirib ki, Bakı inkişaf etməkdə olan ölkələr üçün illik iqlim maliyyələşdirilməsinin həcmini 2035-ci ilə qədər 300 milyard dollara çatdırmaq məqsədini üç dəfə artırmağa nail olub. Hətta bu vəsaitin illik 1,3 trilyon dollara qədər artırılması imkanının açıldığını da qeyd edib.

Əmirbəyov dünyanın fərqli maraqları və məhdudiyyətləri olan 200-ə yaxın ölkəsi arasında danışıqların mürəkkəbliyinə baxmayaraq, bu iddialı hədəfə nail olunacağına nikbin baxdığını vurğulayıb.


Teqlər: Elçin-Əmirbəyov  





Xəbər lenti