“Taxt oyunları”ndan qurd oyunlarına

   “Taxt oyunları”ndan qurd oyunlarına
  13 Aprel 2025    Oxunub:1147
Amerikanın “Colossal Biosciences” adlı biotexnika şirkəti 13.000 il əvvəl nəsli kəsilmiş canavar növünü yenidən həyata qaytardığını bəyan edib. Həmin növ “Taxt oyunları” (“Game of Thrones”) serialının tamaşaçılarına yaxşı tanışdır. Serialda bu canavar növü “direwolf” (“dəhşətli canavar”, “dəhqurd”) adlanırdı.
“Game of thrones” serialının əsasında duran kitabın (“Buzla odun nəğməsi”) müəllifi Corc Martin dəhqurd ilə şəkil çəkdirərək, instagram hesabında paylaşıb.

Maraqlıdır ki, “Colossal Biosciences” şirkətinin sərmayədarlarından biri Corc Martinin özü, digəri məşhur rejissor Piter Ceksondur (“Üzüklər hökmdarı”, “Hobbit”). Şirkəti Harvard Tibb Məktəbinin bioloqu Corc Çörç yaradıb. 2021-ci ildən bəri “Colossal Biosciences”in dəyəri 10 milyard dollara çatıb.


Corc Martin canlı dəhqurd görməsini “əsl möcüzə” adlandırıb. Amma məsələ ondadır ki, əslində “Colossal Biosciences”ın alimləri real dəhqurdu genlərindən bərpa etməyiblər. Onlar hamımıza məlum boz canavarı genlərini redəktə etməklə dəhqurda çeviriblər. Bunun üçün canavarın 14 müxtəlif genində 20 dəyişiklik edilib. Onun tüklərinin rəngini, boyunun ölçülərini və kəlləsinin formasını idarə edən genlər dəyişdirilib. Nəticədə ortaya tamam yeni bir məxluq çıxıb.

Beləliklə, bizim gördüyümüz nəsli kəsilmiş dəhqurd yox, genləri dəyişdirilmiş boz canavardır. Onun ətrafında böyük PR-kampaniyası qurulub və “Colossal Biosciences”in qurucuları yaxşı pul qazanırlar. Amma bunun real elmə və insanlığa bir faydası, təbii ki, yoxdur. Sadəcə, bahalı əyləncədir. Bu yolla istənilən canlının genlərini dəyişdirərək, yeni nəyəsə çevirmək olar.

Sual odur ki, bunu etmək lazımdırmı? Elm və texnologiya bu istiqamətdəmi getməlidir? Bu, ümumiyyətlə, etikdirmi? Yoxsa alimlərin “Allah-Allah” oyanamasına qanunla qadağa qoyulmalıdır?

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Genetika  





Xəbər lenti