Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub | FOTOLAR

   Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub   | FOTOLAR
  02 May 2025    Oxunub:833
​02 may tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Pirallahı Tibb Mərkəzinə (Mərkəz) media-tur təşkil olunub. Media-turun məqsədi media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Mərkəzdə icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır.
AzVision.az xəbər verir ki, mərkəzin direktoru Azər Zeynalov media-tur iştirakçılarına tibb müəssisəsində tibbi xidmətlərin təkmilləşdirilməsi və maddi-texniki bazanın gücləndirilməsi barədə məlumat verib.



( mərkəzin direktoru Azər Zeynalov )

A. Zeynalov bildirib ki, icbari tibbi sığortanın tətbiqi mərkəzin fəaliyyətində keyfiyyət baxımından mühüm irəliləyişə səbəb olub: “115 çarpayılıq xəstəxanada Poliklinika, Yoluxucu xəstəliklər, Doğum-Ginekologiya, Terapiya, Uşaq, Cərrahiyyə, Anesteziologiya-Reanimasiya, Təcili tibbi yardım və Fizioterapiya şöbələri fəaliyyət göstərir. Mərkəz müasir portativ USM cihazları, holter, elektroensefaloqrafiya, elastometriya və oftalmoloji avadanlıqlarla təchiz edilib. Bu avadanlıqlar, xüsusən tibbi müayinələr və əməliyyatlar üçün əhəmiyyətlidir. Həmçinin sığortanın tətbiqi ilə xəstəxanada laboratoriya xidmətləri beynəlxalq standartlara cavab verən səviyyədə qurulub”.

​Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra Mərkəzdə öncə icra olunmayan müxtəlif qarın boşluğu və ginekoloji əməliyyatların icrasına başlanılıb: ”İlk dəfə olaraq göz daxilində patoloij damarların yaranmasını və mövcud damarların sızmasını azaltmaq üçün göz daxilinə Avastin inyeksiyalarının tətbiqi ilə müalicəvi prosedurlara da başlanılıb. Ötən il ərzində xəstəxanada icbari tibbi sığorta hesabına 2000-ə yaxın cərrahi əməliyyat icra olunub. Bunlara əsasən hamiləlik, doğuş xidmətləri, sidik-cinsiyyət, həzm sistemi, dəri və dərialtı toxuma xəstəlikləri üzrə cərrahi əməliyyatlar daxildir. Qeyd olunan dövr ərzində Mərkəzə icbari tibbi sığorta ilə 85 mindən çox müraciət olunub, 350 mindən çox isə xidmət göstərilib”.



( Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova )

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimlinin bildirdiyinə görə, ötən il Pirallahı Tibb Mərkəzində monitorinqlər həyata keçirilib. Belə ki, bu zaman tibbi xidmətlərin təşkili, həmçinin infrastruktur, texniki avadanlıqların vəziyyəti və tibb heyətinin göndərişlərin verilməsi üzrə bilik səviyyəsi qiymətləndirilib. Departament müdirinin sözlərinə görə, aşkarlanan müsbət cəhətlərlə yanaşı, bəzi inkişaf etdirilməli sahələr də müəyyən edilib və onların aradan qaldırılması yönündə tədbirlər görülüb: “Ümumiyyətlə, tibb müəssisələrində həyata keçirilən monitorinqlərin məqsədi vətəndaşların icbari tibbi sığortadan maneəsiz şəkildə faydalanmasını təmin etmək, tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və bununla da ümumi məmnunluğu artırmaqdır: "Monitorinqlər dövlət tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi və təşkili vəziyyətini dəyərləndirməyə yönəlib. Qiymətləndirmə zamanı əsas meyarlar kimi Xidmətlər Zərfində nəzərdə tutulan tibbi xidmətlərin təşkili, pasiyent qəbulu və qeydiyyat prosedurlarının düzgün aparılması, kompüter avadanlıqlarının və internet bağlantısının mövcudluğu, eləcə də maddi-texniki təchizatın səviyyəsi nəzərə alınır”. Onun sözlərinə görə, bu il də rayon mərkəzi xəstəxanalarında monitorinqlərin aparılması davam etdirilir.



( Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli )

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, Mərkəz həm yerləşmə baxımından, həm də xidmət göstərdiyi əhali sayına görə diqqət mərkəzindədir: “Mərkəz təqribən 20 min vətəndaşımızı tibbi xidmətlə təmin edir. Əlavə olaraq qeyd edim ki, Çilov Ailə Sağlamlıq Mərkəzi də Pirallahı Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərir və 200 nəfərə yaxın vətəndaşa tibbi xidmət göstərir. Bu tibb müəssisəsi Bakı tibbi ərazi bölməsinə daxil olan xəstəxanalar arasında mərkəzə ən uzaq məsafədə yerləşən səhiyyə ocağıdır. Buna baxmayaraq, infrastruktur, tibbi xidmətin keyfiyyəti, vətəndaş məmnunluğu baxımından TƏBİB-in qabaqcıl tibb müəssisələrindəndir.”



( TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova )

Media-tur iştirakçıları icbari tibbi sığorta hesabına müalicə olunan vətəndaşları ziyarət edib, rəylərini öyrəniblər.



Xəstəxanada Fizioterapiya, Cərrahiyyə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Poliklinika, Laboratoriya, Ginekologiya və doğum şöbələrinin fəaliyyəti ilə tanışlıq olub.



Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələri tibb müəssisəsində müvafiq müayinələrdən keçiblər. Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Elnur Məmmədov

AzVision.az




Teqlər: Mediia-tur   mərkəz   İcbaritibbisığorta   təbib  





Xəbər lenti