Prezident Ərdoğana təbrik məktubu göndərib

Dövlətimizin başçısı təbrikində qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ortaq tarixə, milli, mənəvi köklərə malik olan xalqlarımızın iradəsindən qaynaqlanır: "Dövlət başçısı kimi fəaliyyətinizin ilk günlərində ölkəmizə rəsmi səfəriniz Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyimiz, birgə həyata keçirdiyimiz nəhəng enerji, nəqliyyat layihələri, o cümlədən reallaşdırmağa başladığımız TANAP – Trans-Anadolu qaz boru kəməri dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsinə, ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcək.
Belə bir xoş gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
AzVision.az