Əvvəli BURADA
ADR ordusunun Bakıdakı qarnizonunun hər bir dəstəsində bolşevik özəkləri yaradılmışdı. Mirzə Davud Hüseynov yazır ki, 5-ci polkun hətta bütöv rotaları bolşeviklərin tərəfində idi. ADR ordusu və donanmasının demək olar ki, bütün döyüş hissələrində güclü bolşevik özəkləri fəaliyyət göstərirdi.
1920-ci il yanvarın 22-də Bakı polismeysteri Bakı şəhər bələdiyyə idarəsinin rəisinə göndərdiyi raportunda bu barədə təşvişlə yazmışdı: “Məndə olan xəfiyyə məlumatına görə, kommunist təşkilatları əhali içərisində güclü təşviqat aparırlar, son vaxtlarda isə bu təşviqat həm əsgərlər, həm də polislər arasında yayılır”.
1920-ci ilin yazında Polşa Rusiya ilə müharibəyə başladı.
Həmin vaxtda Rusiya kəskin yanacaq problemi ilə üzləşmişdi. Yalnız Bakı bolşevik hökumətini çətin vəziyyətdən qurtara bilərdi. Leninin bütün teleqramlarında deyilirdi: “Bakını almaq, almaq, almaq lazımdır”.
Çiçerin Azərbaycan hökumətinə nota göndərdi. Notada deyilirdi ki, ümumi düşmənləri əzmək üçün Azərbaycan hərbi əməkdaşlığa razılıq versin. Azərbaycanın xarici işlər nazirliyi əvvəlcə Azərbaycanın müstəqilliyinin Rusiya tərəfdən tanınmasını tələb etdi. Amma Çiçerin cavabdan boyun qaçırdı. Həmin vaxt artıq Denikin Şimali Qafqazda məğlubiyyətə uğramış, Sovet Rusiyasının Azərbaycana yolu açılmışdı.
Rusiya Azərbaycana hücuma hazırlaşdığı bir vaxtda Azərbaycan hökumətində daxili intriqaların nəticəsi olaraq böhran bir-birini əvəz edirdi. Baş nazir Yusifbəylinin istefasından sonra yeni kabinet təşkili Hacınskiyə tapşırıldı. Aprelin 15-də Xoyski danışıqların aparılması barədə Çiçerinə nota göndərdi. Notanın cavabsız qalması son ümidləri də puça çıxartdı. Artıq Sovet Rusiyası Azərbaycan sərhədlərinə qoşun toplamağa başlamışdı. Milli ordu qüvvələrinin əsas hissəsi Qarabağda baş vermiş erməni üsyanlarını yatırmaqla məşğul olduğundan müdafiə çox zəif idi.
ADR hökuməti əsas diqqətini öz hərbi donanmasını möhkəmlətmək və Bakı yaxınlığındakı adalarda yerləşən artilleriyanı qüvvətləndirmək işinə verirdi. 1920-ci il aprelin 7-də ADR hökumətinin Bakı rayonu hərbi general-qubernatoru Bakı və Balaxanı- Sabunçu polismeysterlərinə dəniz sahillərində və yaxın adalarda hərbi mövqeləri möhkəmlətmək göstərişi verərək bu işin “son dərəcə böyük dövlət əhəmiyyətli” bir vəzifə olduğunu göstərirdi. ADR hökuməti Nargində, Şıxovda, Bayılda, Zığda, Pirallahıda öz istehkamlarını möhkəmlətməyə xüsusi diqqət verirdi. Çingiz İldırım yazır ki, ADR hökumət başçıları Bayıl, Şıxov və Nargin istehkamlarını qüvvətləndirib burada öz möhkəmliyinə görə ikinci Kronştadta çevirəcəklərini deyirdilər.
Hərbi donanmadakı “Qars” və “Ərdəhan” gəmilərinə Yalama-Xaçmaz istiqamətində sərhəddi keçəcək Sovet zirehli qatarlarını dənizdən atəşlə məhv etmək göstərişi verilmişdi.
Aprelin 22-də XI Qızıl Ordunun Bakıya gələn nümayəndələrinin iştirakı ilə Rusiya K(b)P Qafqaz Ölkə Komitəsinin Bakı bürosu yanında keçirilən təcili müşavirədə aprelin 27-də gündüz saat 12-də hakimiyyəti təslim vermək haqqında ADR hökumətinə ultimatum verilməsi və dərhal silahlı üsyana başlamaq qərara alındı.
Qafqaz cəbhəsi komandanı M.N.Tuxaçevskinin Q.K.Orconikidze ilə birlikdə aprelin 21-də verdiyi 490 nömrəli əmrdə XI Ordunun aprelin 27-də Azərbaycan sərhəddini keçib sürətli hücumla Bakı quberniyası ərazisini tutmaq tapşırığı verilmişdi.
1920-ci il aprelin 27-də səhər tezdən partiyanın Mərkəzi Komitəsi başda Nəriman Nərimanov olmaqla Müvəqqətn İnqilab Komitəsi yaratdı.
Həmin gün tezdən Çingiz İldırımın göstərişilə Xəzər dəniz donanmasının matros və fəhlələrinə «Qafqaz» yük gəmisində gizli saxlanılan silah sursat paylandı.
Çingiz İldırım tərəfindən hazırlanmış silahlı üsyan planına əsasən əməliyyat aparacaq donanma yeddi hərb gəmisindən ibarət idi. “Qars” və “Ərdəhan” gəmiləri başda olmaqla onlardan beşinin böyük kalibrli qüvvətli və müdhiş topları var idi. Digər ikisi isə sərbəst atəşli toplar və minaatanlarla silahlanmışdılar.
Üsyan zamanı donanmanın təhlükəsizliyini təmin eləmək üçün, hər şeydən əvvəl, Bayılın ən uca yerində yerləşdirilmiş iki uzaq-vuran güclü sahil artilleriyası və ağır səhra topunu sıradan çıxarmaq lazım idi. Bu işi də Çingiz İldırım öz öhdəsinə götürdü. O, aprelin 26-dan 27-nə keçən gecə iki nəfər döyüşçü ilə silah gücünə Bayıldakı bütün sahil toplarını ələ keçirdi və ADR-in Nargin adasında yerləşmiş qoşun hissəsinin və artilleriyasının Bakı ilə əlaqə saxladığı telefon xəttini kəsdi.
Bayılda yerləşən topların ələ keçirilməsini Çingiz İldırım sonralar-1922-ci il aprelin 28-də «Bakinski raboçi» qəzetində çap olunan öz xatirəsində belə təsvir edirdi:
“...İlin bu vaxtı üçün nadir olan isti bir gecə idi. Ay bütün ətrafı və məğrur meşəni andıran Bibiheybət mədənlərini özünün aydın işığına qərq etmişdi. Müsavatın başlıca dayağı olan iki nəhəng top ay işığında aydın görünürdü.
Topların yanına mərmilər yığılmışdı. Batareya mövqeyi rəisi bu mərmilərlə bizim döyüşçüləri qarşılamaq ümidində idi.
Toplara tərəf gedən yolu qoruyan növbətçi əsgər səslənərək bizi saxladı. O, növbətçi zabiti çağırdı. Qısa muddətli izahatdan sonra onlar bizi müvəqqəti düşmənlərimizin-topların yanına buraxdılar.
Mən topları nəzərdən keçirib zabitə onların açarlarını çıxarmağı əmr etdim. Əvvəlcə gənc podporuçnik əmri yerinə yetirməkdən imtina edərək, mövqe ba-tareyaları rəisinin yazılı əmrini tələb etdi. Lakin danışığın qısa olaçağını gördükdə...
Topların açarlarını çıxardıb gəmiyə göndərdikdən sonra rahat nəfəs aldım.
Düşmən tərksilah edilmiş, qələbə demək olar ki, təmin olunmuşdu. Donanmanı səhra toplarının təhlükəsindən də qurtarmaq lazım idi. Doğrudur, əslində bu toplar o qədər də qorxulu deyildi, lakin onların gurultusu əngəl törədə bilərdi.
Səhra artilleriyasının öhdəsindən gəlmək vəzifəsi çətin deyildi. Toplar asanlıqla zərərsizləşdirildi. Onların çıxarılmış açarlarını “Puşkin” gəmisinə göndərdik və sonra biz yola düşdük”.
Aprelin 27-də səhər tezdən Çingiz İldırım Bakı yunkerlər məktəbinə qəflətən daxil olub onları tərksilah elədi.
Yenə həmin gün səhər tezdən onun komandanlığı altında olan silahlı dənizçilər Bayıl fəhlələri ilə birlikdə şəhərdəki birinci polis idarəsini və sonra Bayıldakı hərbi silah anbarını ələ keçirdilər. Silahlanmış inqilabçı dəstələr hərbi limanı tamamilə nəzarətə götürdülər, daha sonra isə Bayıl həbsxanasını tutub, oradakı bütün siyasi məhbusları azad elədilər.
Azərbaycan K(b)P MK-nın göstərişilə Çingiz İldırımın komandanlığı altında Xəzər hərbi-dəniz donanması aprelin 27-də səhər döyüşə tam hazır vəziyyət aldı. Donanmanın bütün gəmilərindəki üç rəngli bayraqlar çıxarıldı və əvəzinə Qırmızı bayraqlar asıldı. Səhər saat 10-da bütün gəmilər Bakı buxtasına daxil olaraq öz toplarının ağzını hökumətin və parlamentin yerləşdiyi binalara doğru yönəltdilər. Bundan bir az sonra Həmid Sultanov başda olmaqla kommunistlərin nümayəndə heyəti Azərbaycan K(b)P MK, Rusiya K(b)P Qafqaz Ölkə Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından hökumətə və parlamentə yazılı ultimatum verdi:
“Azərbaycan parlamentinə və hökumətinə.
Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsi adından Azərbaycan proletariatı və zəhmətkeş kəndlilərinin iradəsini ifadə edərək Mərkəzi Komitə qan tökülməsinin qarşısını almaq naminə hakimiyyəti dərhal bolşeviklər partiyasına təslim vermənizi ultimativ şəkildə qarşınızda qoymağı özünə borc bilir...”.
Bu ultimatumla yanaşı Çingiz İldırım da hərbi donanma adından parlamentə ayrıca ultimatum göndərmişdi:
“Azərbayçan hökumətinə və parlamentinə.
Azərbayçan Sosialist Şura Cümhuriyyətinin Qızıl donanması hakimiyyəti dərhal başda yoldaş Nərimanov olmaqla fəhlə-kəndli Şura hökumətinə vermənizi tələb edir. Qızıl Donanma bu halda milliyyətindən asılı olmayaraq bütün Bakı şəhər əhalisinə asayiş və əmin-amanlıq təmin edir. Cavab, ultimatum alınandan sonra, 2 (iki) saat ərzində verilməlidir. Əks təqdirdə atəş açılacaqdır.
Şura Azərbaycanının Qızıl donanma komandanı, mühəndis İldırım.
27 aprel 1920-ci il”.
Aprelin 28-də isə XI Ordunun 28-ci atıcı diviziyasının iki rotasının köməyi ilə Dəmiryol döyüş sahəsinin rəisi M. Q. Yefremovun komandanlıq etdiyi “III İnternasional”, “Qırmızı Həştərxan”, “Qırmızı Dağıstan” və “Timofey Ulyantsev” zirehli qatarlar qrupu Samur körpüsünü keçdi. Elə həmin gün Azərbaycanda Sovet hakimiyyəti elan edildi. Bu xidmətlərinə görə Çingiz İldırım Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilən ilk azərbaycanlı oldu və düz 17 il müxtəlif yüksək vəzifələrdə sədaqətlə inandığı rejimə qulluq elədi.
1937-ci il iyul ayının 7-də birdən-birə Xalq Daxili İşlər Komissarlığı (XDİK) Çingiz İldırımı həbs elədi. Üzərində “Əbədi saxlamalı” qrifi vurulmuş cinayət işində onu Bakıda ifşa edilmiş əksinqilabi qrupla əlaqələrdə, Maqnitoqorsk metallurgiya kombinatının tikintisi zamanı qəzalar və yanğınlar törətməkdə və xarici kəşfiyyata satılmaqda ittiham edirdilər.
Hər şey aydın idi... Onu güllələyəcəkdilər...
Elə də oldu. Bir neçə ay Bakıda və Dnepropetrovskda davam edən istintaq və dindirmələrdən sonra XDİK-in “troyka”sı onu ölüm cəzasına məhkum elədi. Ancaq ölüm hökmü dərhal icra olunmadı. O düz 4 il, ömrü boyu sədaqətlə xidmət elədiyi Qırmızı imperiyanın ən dəhşətli həbsxanalarından birində - Suxanovo monastrında, hər gün ölüm hökmünün icra ediləcəyi saatı gözlədi.
Onu 1941-ci il aprel ayının 27-də güllələdilər. Aprel ayının 27-də... Taleyin ironiyasına bax...
Füzuli Sabiroğlu
AzVision.az üçün