“Xəzər-Lənkəran”a irad: «Pulları havaya sovurmaq lazım deyil» - MÜSAHİBƏ

“Xəzər-Lənkəran”a irad: «Pulları havaya sovurmaq lazım deyil» - MÜSAHİBƏ
  26 İyul 2013    Oxunub:1531
Dünən UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində İsrailin “Makkabi”(Hayfa) komandasına 0:8 hesabı ilə məğlub olan “Xəzər Lənkəran”la bağlı qızğın mülahizələrin getdiyi vaxtda komandanın sabiq çalışdırıcısı Cüneyt Biçərlə əlaqə saxlamağı lazım bildik.

Türkiyəli mütəxəsisslə söhbətimiz zamanı həm dünənki qarşılaşma barədə danışdıq, həm də komanda ilə bağlı digər maraqlı məqamlara aydınlıq gətirdik.

- Keçmiş klubunuz “Xəzər Lənkəran”ın dünən İsrail “Makkabi”sinə qarşı keçirdiyi oyunu izlədinizmi?

- Qarşılaşmanı tam olaraq izləmək imkanım olmadı. Yalnız oyunun önəmli epizodlarına baxa bildim.

- Komandanın bu cür rüsvayçı məğlubiyyətini nə ilə əlaqələndirmək olar?

- Bu cür ağır məğlubiyyətdən sonra nə deyə bilərəm ki? Çox üzücü yenilgidir.

- “Xəzər Lənkəran”ın yubiley ilində tarixinin ən ağır məğlubiyyətini almasını Toşakın, yoxsa futbolçuların passivinə yazmaq lazımdır?

- Ümumiyyətlə, təkcə bu oyunla bağlı yox, ümumi nəzər yetirsək, komandanın bu cür düşüncə tərzi ilə idarə olunması yanlışdır. Belə davam etsə, bu cür məğlubiyyətlər qaçılmaz olacaq.

- Komandanın idarə olunmasında rəhbərliyin, yoxsa məşqçilər korpusunun yanlışlığa yol verdiyini düşünürsünüz?

- Futbolda uğur qazanmaq üçün pulları havaya sovurmaq lazım deyil. Belə olanda yalnız ayrı-ayrı adamlar qazanc əldə edir. Uğur qazanmaq isə mümkün olmur. Bu yalnız “Xəzər Lənkəran”a aid deyil. Təəssüf ki,bu hal bütün Azərbaycan klublarında müşahidə olunmaqdadır. Mən Azərbaycanda çalışdırdığım hər iki komandada bu halın qarşısını almağa çalışdım, amma bu məsələdə məni anlayan olmadı.

- Ölkəmizdəki məşqçilik karyeranızın başa çatmasında dediyiniz məsələ rol oynadımı?

- Təbii ki, “Bakı” və “Xəzər Lənkəran”dan ayrılmağımda bu kimi halların da təsiri oldu. Təəssüf ki, Azərbaycanda heç kim məşqçiyə vaxt verilməsinin tərəfdarı deyil. Bura sadəcə həftəsonu stadionda oyun izləməyə gələn azarkeşlər də daxildir. Heç kim gələcəyi olan, amma tanınmış olmayan məşqçiyə etimad göstərməkdə maraqlı deyil.

- Komandalarımız startegiyasının düzgün olmadığını qeyd etdiniz. Bu mənada “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın da komanda üçün uğurlu seçim olmadığını demək olarmı?

- Mənim konkret hansısa şəxsləri nəzərdə tutmuram. Demək istədiyim odur ki, klub rəhbərlərinin futbola baxışı deyişməlidir.

- Azərbaycan klubları avrokuboklarda indiyədək öz meydanında ən ağır məğlubiyyəti aldı ki, bu da Toşakın vaxtına təsadüf etdi. Sizcə, bu nəticədən sonra Con Toşak istefa verməli deyildimi?

- Mənim bu haqda nəysə deməyim düzgün çıxmaz. Həm də kiminsə istefa etməsi və ya etməməsi məni maraqlandırmır.

- Maraqlıdır, Toşakın yerində siz olsaydınız bu cür rüsvayçı məğlubiyyətsən sonra istefaya gedərdinizmi?

- Mən Con Toşakın yerində deyiləm. Amma mən Lənkəran klubundan ölkə kubokunda “İnter”ə 3:2 hesablı məğlubiyyətdən sonra istefa verdiyimi xatırlayıram. Əgər buna istrfa vermək demək olarsa (gülür)

- Sözünüzdən belə çıxır ki, həmin vaxt komanda rəhbərliyi sizinlə yolları ayırmağa qərar vermişdi.

- Bağışlayın, bu suala şərh vermək istəmirəm.

- Klub rəhbərliyi ilə futbola dair düşüncələrinizin fərqli olduğunu dediniz. Bəs baş məşqçi vəzifəsindən ayrıldıqdan sonra niyə yenidən əvvəki vəzifənizə - idman direktoru postuna qayıtdınız?

- Bizim anlaşmamıza görə, mənim idman direktoru olaraq əsas komanda ilə bağlılığım yox idi. Digər tərəfdən, razılaşmamız iki illik olsa da, bir il sonra bu vəzifədən də getdim. Hər halda, bunun özü də klub rəhbərliyi ilə anlaşa bilmədiyimi ortaya qoyur.

- Dediklərinizdən hiss olunur ki, ölkəmizdəki klub rəhbərlərinin futbola baxış prizmasından narazısınız. Maraqlıdır, belə vəziyyətdə yenidən ölkəmizdə məşqçi kimi çalışmağa razı olardınızmı?

- Təklif olsa, niyə də olmasın?! Amma ölkənizdən ayrıldıqdan sonra hələ ki, heç bir real təklif almadığımdan bu haqda danışmağa dəyməz.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti