Milli yığmanın mübahisəli heyəti – TƏHLİL

Milli yığmanın mübahisəli heyəti – TƏHLİL
  12 Avqust 2013    Oxunub:1669

Avqustun 14-də Bakıda Malta ilə beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayacaq Azərbaycan milli komandasına dəvət alanların siyahısı ayın əvvəlindən məlumdur. "Qarabağ", "İnter", "Xəzər Lənkəran" və “Sumqayıt”ın futbolçularının bugündən etibarən qatıldığı təlim-məşq prosesində ümumilikdə 23 oyunçu Berti Foqtsun sərəncamında olacaq. Təbii, alman çalışdırıcının qarşıdakı matçlarda xidmətinə ehtiyac duyduğu oyunçuların kimliyinə diqqət yetirməyə dəyər.

Etiraza əsas yoxdur

Milli komandaya dəvət alan qapıçıların hər üçü son rəsmi oyun zamanı yığmanın düşərgəsində olanlardır. “Bakı”nın qolkiperi Kamran Ağayev bu gün ölkə futbolunun ən yaxşılarından olduğundan onun oyun praktikasının olub-olmamasından asılı olmayaraq əsas komandaya çağırılmasını normal qarşılamaq olar. Elə ölkə çempionatının geridə qalan iki turunda meydana çıxan “Sumqayıt”lı Anar Nəzirovla onun “İnter”dən olan həmkarı Səlahət Ağayevin də əsas yığmada olması təəccüblə qarşılanmamalıdır. Əgər Lüksemburq və Portuqaliya ilə seçmə oyunlar ərəfəsində “Qarabağ”da müntəzəm forma geyən Fərhad Vəliyevin əsas millidən kənarda qalmasına görə alman mütəxəssisi qınayırdıqsa, bu dəfə vəziyyət fərqlidir və Ağdam klubunun heyətində Miro Varvodiçin kölgəsində qalan qolkiperin yoxluğuna görə Berti Foqtsu günahlandırmaq yersizdir.

Say artıranlar yetərincədir

Müdafiə xəttində yığmanın qapılarının klubunda mütamadi çıxış edən Rəşad Sadıqov, Maksim Medvedev, Mahir Şükürov, Rasim Ramaldanov və Elnur Allahverdiyevin üzünə açılmasını nə qədər normal qarşılamaq mümkündürsə, heç cür potensialını aça bilməyən və millidə möhkəmlənməsinə inamın az olduğu Vurğun Hüseynovun, eləcə də Ruminiya "Petrolul”undan kənarlaşdırılan Elhad Nəzirinin və klubunda əsas heyətə düşə bilməyən “Qarabağ”lı Bədavi Hüseynovla “Eskişehirspor”lu Ufuk Budakın əsas yığmaya çağrılmasını o qədər mübahisələndirmək olar. Elə “Neftçi”də ehtiyatda qaldığı dövrdə milliyə dəvət alan Ruslan Əmircanovun “İnter”in əsas heyət üzvünə çevrildikdən sonra yığmaya çağırılmamasənı birmənalı şəkildə qarşılamaq mümkünsüzdür. Arxa xətt oyunçuları ilə bağlı daha bir maraqlı məqam isə daim yığmanın toplanışlarına çağırılan Almaniyanın “Hannover 96” komandasının müdafiəçisi Əli Gökdəmirlə onun “Qəbələ”dən olan həmkarı Vlodimr Levinin Foqtsun müəyyənləşdirdiyi ehtiyat heyətdə yer almasıdır.

Asifin yoxluğuna nə ad verək?

Yarımmüdafiə xəttinə diqqət yetirdikdə ilk olaraq bu dəfə də Berti Foqtsla ulduzu heç cür barışmayan “İnter”li Asif Məmmədovun yoxluğu diqqət çəkir. Bundan başqa, son rəsmi matçlara dəvət alan Türkiyənin “Dənizlispor” klubunun yarımmüdfiəçisi Arif İsayevin də alman mütəxsəssisin diqqətindən kənarda qalması maraqlı məqamdır. Digər tərəfdən, Elvin Məmmədovla zədəli Pərdis Fərcad-Azadın heyətdən kənarlaşdırılmasından sonra əsas heyətə cəlb olunan Cavid Hüseynovun adının ehtiyat siyahıda olması da sıradan fakt deyil. Hər halda, hər iki oyunçunun oyun təcrübəsinin yetərincə olması belə deməyə əsas verir. Əvəzində isə “Bakı”da ehtiyatda qalan Əfran İsmayılovun və Rusiya “Rubin”ində əsas heyətə düşə bilməyən və yalnız son Avroliqa qarşılaşmasında iki dəqiqə forma geyən Ruslan Abışovun Berti Foqtsdan dəvət alması vurğulanmalıdır. Düzdür, istənilən halda əsas yığmada fərqli futbol sərgilədiyini çoxdan sübüt edib, amma bu amil alman mütəxəssisə oyunçu seçimi zamanı qərəzli mövqe tutmağa əsas vermir. Malta qarşılaşması üçün seçmə komandamıza dəvət olunan “Neftçi”nin üzvləri Rəşad Sadiqovla Araz Abdullayevin, eləcə də “Xəzər Lənkəran”lı Rahid Əmirquliyevlə “Qarabağ”lı Qara Qarayevin milliyə cəlb olunmasını isə düzgün seçim kimi qiymətləndirməliyik.

Pərdisin zədəsi əvvəldən bəlli deyildi?

Berti Foqtsun qarşıdan gələn yoldaşlıq oyunu üçün düşərgəyə çağırdığı hücumçularla bağlı da fikir birmənalı deyil. Hücumçu seçimi zamanı cəza üzündən İsrail yığması ilə gələn ay baş tutacaq rəsmi matçı buraxacaq Vaqif Cavadovla Branimir Subaşiçin ümumiyyətlə milliyə dəvət olunmaması, zədəli olan Vüqar Nadirovun isə ehtiyat heyətdə yer alması anlaşılandır. Siyahıda diqqət çəkən məqamlardan biri də yeni mövsümdə Latviya “Metallurq”unu “Sumqayıt”a dəyişən və ölkə premyer-liqasındakı debütünü qolla qeyd edən Vüqar Əsgərovun təxminən bir illik fasilədən sonra milli komandaya dəvət olunmasıdır. Digər forvardlara gəlincə, ölkə futbolunda hücumçu probleminin olduğunu nəzərə alsaq, indiki halda oyun praqtikasından əziyyət çəkən “Bakı”nın üzvü Rauf Əliyevin,“Sivasspor”lu Cihan Özkaranın və Almaniya “Kayzerslautern”inin ikinci komandasının hücumçusu Rüfət Dadaşovun yığmada olmasını normal qarşılamalıyıq. Amma “Sumqayıt”lı Pərdis Fərcad-Azad üçün eyni sözləri deyə bilmərik. Zədə səbəbindən uzun müddətdir yaşıl meydanlardan kənarda qalan sözügedən hücumçunun İsraillə gələn ay keçiriləcək rəsmi oyunu da buraxması gözlənilir və belədə Pərdis Fərcad-Azadı yığmaya cəlb etməyə heç bir əsas yox idi. Düzdür, “Sumqayıt”ın üzvü bu gün millinin düşərgəsini tərk edib, amma onun zədəli halda yığmaya dəvət olunması Berti Foqtsun oyunçuların son durumundan xəbərsiz olduğunu göstərir.

Tural Məmmədov



Teqlər:  





Xəbər lenti