“International Herald Tribune” qəzeti YAP-dan yazdı
AzVision.az YAP-ın saytına istinadən xəbər verir ki, Avropa məkanında YAP Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalqları Partiyası ilə sıx əlaqələrə malikdir. Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın Asiya regionu dövlətləri ilə də əlaqələri genişlənməkdədir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının qitənin nüfuzlu siyasi partiyalarını birləşdirən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransındakı (İCAPP) fəal təmsilçiliyi xüsusi əhəmiyyətə malikdir. YAP Latın Amerikası və Karib hövzəsi Siyasi Partiyalarının Daimi Konfransı (COPPPAL) ilə də əməkdaşlıq edir.
Asiya regionunun müxtəlif partiyaları və müstəqil qurumları arasında dialoq və əlaqələndirmə forumu funksiyasını yerinə yetirmək məqsədilə 2000-ci ildə yaradılan və hazırda 52 ölkədən 340-dan artıq siyasi partiyanın cəmləşdiyi İCAPP qitənin nüfuzlu təşkilatlarından biri olmaqla bərabər, əhatə dairəsini davamlı olaraq genişləndirir, dünya miqyasında mövqelərini möhkəmləndirir. Qeyd edək ki, MDB-dən bu təşkilatın Daimi Komitəsində yalnız Azərbaycan, Rusiya və Qazaxıstanın siyasi partiyaları təmsil olunur ki, bu da ölkəmizin və Yeni Azərbaycan Partiyasının nüfuzundan xəbər verir. Təşkilatın Daimi Komitəsinin 22 üzvündən biri olan YAP qurumun işlərində fəal iştirak edir. İCAPP-ın Daimi Komitəsinin 18-ci iclasının, təşkilatın 7-ci Baş Assambleyasının və qurumun Qadınlar Qolunun ilk iclasının Bakı şəhərində yüksək səviyyədə təşkil olunması deyilənləri təsdiq edir. Qeyd edək ki, 2013-cü ilin avqust ayında İCAPP-ın Gənclər Qolunun iclasının da paytaxtımızda keçirilməsi nəzərdə tutulur. Bu fakt həm də onu göstərir ki, Asiya qitəsində Azərbaycana maraq sürətlə artmaqdadır.
İCAPP Asiyanın digər bir nüfuzlu təşkilatı olan Mərkəzçi Asiya-Sakit okean Beynəlxalq Demokratlar (CAPDİ) ilə birgə fəaliyyət göstərir, birgə görüşlər təşkil edirlər. CAPDİ-nin üzvü kimi YAP təşkilatın Asiyada sülhün bərqərar olunması, ətraf mühitin qorunması, yoxsulluqla mübarizə və digər istiqamətlərdə gördüyü işləri yaxından dəstəkləyir. İCAPP kimi CAPDİ də fərqli siyasi görüşlərin, ideologiyaların daşıyıcısı olan siyasi partiyaların rəhbərləri, üzvləri arasında fikir mübadiləsini və əməkdaşlığı təşviq edir, Asiya ölkələri arasında anlaşma və etimad mühitini möhkəmləndirir, regional əməkdaşlıq çərçivəsində siyasi partiyaların rolunu gücləndirir, qitədə davamlı sülh və inkişaf üçün əlverişli mühitin yaradılmasına təsir göstərir. Müxtəlif ölkələrdə yerləşən və fərqli cəmiyyətləri təmsil edən siyasi partiyaları bir araya gətirən təşkilat mədəni, dini, etnik fərqlərin olduğu Asiya qitəsində sülhə, inkişafa və əməkdaşlığa töhfə verməyə çalışır. Təşkilatın keçirdiyi görüşlərdə, tədbirlərdə fəal iştirak edən YAP-ın beynəlxalq siyasi dialoqa verdiyi töhfə dünya mediasında yüksək qiymətləndirilir.
Bu yaxınlarda "New York Times"ın qlobal nəşri olan və geniş oxucu kütləsinə malik "International Herald Tribune" qəzetində CAPDİ-nin fəaliyyəti haqqında geniş məqalə dərc olunub. Yazıda təşkilatın müxtəlif sahələrdəki fəaliyyətindən, həmçinin, Azərbaycanın təşkilatdakı rolundan bəhs olunur. Orada qeyd olunur ki, CAPDİ müxtəlif siyasi görüşlü partiyaları və vətəndaş cəmiyyəti qurumlarını rəsmi olaraq bir araya gətirən ilk Asiya-Sakit okean təşkilatıdır. İCAPP ilə sıx əməkdaşlıq edən CAPDİ Asiyanın aparıcı siyasi xadimləri tərəfindən 2006-cı ildə siyasi partiyalarla sülh, islahat, qitə ölkələrinin inkişafı naminə çalışan vətəndaş cəmiyyəti qurumları arasında körpü rolunu yerinə yetirmək üçün yaradılıb. CAPDİ ictimai rəyə əsaslanaraq səmərəli idarəetmə, yoxsulluq və korrupsiya ilə mübarizə, qadınların, gənclərin və azlıqların hüquqlarının müdafiəsi və ətraf mühitin qorunması yönündə siyasi partiyaların və sivil cəmiyyət təşkilatlarının əməkdaşlığını, birgə fəaliyyətini təmin etməyi qarşısına məqsəd qoyub. CAPDİ-nin fəaliyyətinə Asiyanın bir sıra aparıcı özəl şirkətləri də dəstək göstərir.
"International Herald Tribune" qəzetində dərc olunan yazıda bildirilir ki, İCAPP və bir sıra digər təşkilatlarla birlikdə iqlim dəyişikliyinə və ətraf mühitin çirklənməsinə qarşı mübarizə məqsədilə CAPDİ siyasi partiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının qlobal ekoloji alyansını yaratmaqdadır. CAPDİ, həmçinin, dinlərarası dialoqun yaradılmasına, Asiya qitəsində ölkələr daxilində və dövlətlərarası münasibətlərdə yaranan münaqişələrin həllinə də maraq göstərir. Bundan başqa, qarşıya qoyduğu proqram və layihələri gerçəkləşdirmək məqsədi ilə CAPDİ yeni institutlar və mexanizmlər formalaşdırmaqdadır. Belə ki, təşkilat İCAPP və COPPPAL ilə birgə Asiya, Latın Amerika və Afrika siyasi partiyalarının tarixi alyansını yaratmaq istiqamətində səy göstərir. Yuxarıda qeyd etdiyimiz bir sıra məlumatların da yer aldığı məqalədə bildirilir ki, Koala Lumpurda keçirilən və Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə təşkil olunan işgüzar görüşlərin nəticəsində İCAPP-in Qadınlar Təşkilatı və Gənclər Qolu yaradılıb.
Yazıda Yeni Azərbaycan Partiyasının CAPDİ və İCAPP ilə sıx əməkdaşlığından bəhs olunur. Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizin nümunəvi inkişafı, həmçinin, sözügedən qurumların Azərbaycan həqiqətlərini dəstəkləməsi ayrıca vurğulanır. Qeyd olunur ki, Qafqaz ölkəsi olan Azərbaycanın rəhbərliyi ölkənin modernləşmə modelini dünyaya təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan böyük irəliləyiş ölkədə yoxsulluğu kəskin şəkildə azaldaraq 49 faizdən 6 faizə endirib. Bu onu göstərir ki, Azərbaycanın unikal inkişaf göstəriciləri dünya səviyyəsində böyük marağa səbəb olur və müasir inkişafın Azərbaycan nümunəsi uğurlu model kimi tanınmaqdadır.
Məqalədə o da bildirilir ki, CAPDİ və İCAPP Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in Minsk qrupunu Ermənistanla sülh prosesini canlandırmağa və BMT-nin Təhlükəsizlik Şurasını münaqişə ilə bağlı qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırır. Xatırladaq ki, İCAPP-ın 2012-ci ilin noyabrında Bakıda keçirilən VII Baş Assambleyasının əsas yekun sənədi olan Bakı Bəyannaməsində də Azərbaycanın ərazi bü¬tövlü¬yü birmənalı şəkildə dəstəklənib, Dağlıq Qarabağ mü¬naqişəsinin yalnız Azərbaycanın ərazi bü¬tövlü-yü çərçivəsində həllinin mümkünlü¬yü vurğulanıb. Bu bir daha onu göstərir ki, ölkəmizi CAPDİ və İCAPP-də layiqincə təmsil edən Yeni Azərbaycan Partiyası Azərbaycan ərazilərinin işğala məruz qalması, Ermənistanın təcavüzkar siyasəti ilə bağlı həqiqətləri bu təşkilatlar vasitəsilə Asiyanın aparıcı siyasi liderlərinin diqqətinə çatdıra bilir və nəticədə, ölkəmizin ədalət çağırışına beynəlxalq miqyasda dəstək verənlərin, qoşulanların sayı artır.
Öz ərazilərinin işğaldan azad olmasına və Cənubi Qafqazda sülhə nail olmağa çalışan Azərbaycan dünyada gedən proseslərə də eyni prinsip və mövqedən yanaşır. Ölkəmizin dünyada sülh və sabitliyə dəstəyini ifadə edən mövqeyi YAP-ın CAPDİ və İCAPP çərçivəsindəki fəaliyyətində də əksini tapır. "İnternational Herald Tribune" yazır ki, İCAPP-ın Bakıda keçirilən görüşündə nümayəndələr Suriyadakı münaqişənin tənzimlənməsi məqsədilə təkliflərini irəli sürüblər.
Dünyanın əksər yerlərində iqtisadi və maliyyə böhranlarının hökm sürdüyü bir vaxtda Asiya qitəsindəki ölkələrin iqtisadiyyatının sürətli inkişafı, elmi-texnoloji tərəqqi, bölgədə çoxqütblü dünyanın qurulmasında maraqlı olan güc mərkəzlərinin mövcudluğu regionu gələcəkdə güclü siyasi mərkəzə, eləcə də, dünya iqtisadiyyatının lokomotivinə çevirə bilər. Sözsüz ki, inkişaf potensialı geniş olan və bu potensialı sürətlə gerçəkləşdirən bir regionda sülh və sabitliyin, əməkdaşlığın təmin olunması davamlı inkişafın qarantıdır. Məhz bu məqsədlə yaradılan CAPDİ və İCAPP kimi qitə miqyaslı təşkilatların işinə fəal yardım etməklə Yeni Azərbaycan Partiyası beynəlxalq əməkdaşlığın önəmli və nüfuzlu iştirakçısına çevrildiyini bir daha təsdiq edir.
AzVision.az
Teqlər: