Berti Foqtsu kim əvəz etməlidir? - TƏHLİL

Berti Foqtsu kim əvəz etməlidir? - TƏHLİL
  19 Avqust 2013    Oxunub:1632
Qurbanovun matçı AFFA prezidenti ilə yanaşı izləməsi Abdullayevin ona etimadından xəbər verir

Son bir neçə gündə futbol üzrə milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun vəzifəsində qalıb-qalmayacağı yenidən və daha qızğın şəkildə müzakirə olunmağa başlayıb. Düzdür, məsələ ilə bağlı AFFA İcraiyyə Komitəsi son qərarını vermədiyindən yığmanın gələcək perspektivi barədə danışmaq hələ tezdir. Amma həm AFFA-nın baş katibi Elxan Məmmədovun “ilin sonunda baş məşqçi postuna namizədləri nəzərdən keçirəcəyik” deməsi, həm də Berti Foqtsun “Azərbaycandan gedəndən sonra deyəcəyim xəbərləri eşitmək UEFA və FİFA-ya maraqlı olacaq” kimi bəyanat səsləndirməsi federasiya rəhbərliyinin məşqçi axtarışında olduğunu təsdiqləyirdi.

Bəs görəsən, milli komandamızın “sükanı arxası”na keçmək ehtimalı olan məşqçilər kimlərdir? İndiyə qədər hər dəfə alman çalışdırıcının istefası gündəmə gələndə milli komandanın adı ətrafında xeyli sayda əcnəbi mütəxəssisin adı hallanır.

Yığmamızla daha hansı legioner mütəxəssisin adı anılmadı ki? Şenol Günəş, Hikmət Karaman, Naci Şensoy, Sreçko Katanes, Xavyer Klemente, Matyaj Kek… Elə bu dəfə də AFFA-nın namizədlər siyahısının legioner məşqçilərlə zəngin olacağı şübhə doğurmur. Amma bununla belə, seçmə komandamıza yerli mütəxəssisin də təyinatı mümkün variantlar arasındadır. Milli komandamızın ötən həftə keçirdiyi yoldaşlıq matçını AFFA prezidenti Rövnəq Abdullayevlə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yanaşı izləməsini milli komandaya Qurban Qurbanovun rəhbərlik etmək ehtimalının çox böyük olmasına bir işarə kimi qiymətləndirənlər də oldu. Bəs görəsən, bu, nə dərəcədə realdır?
Bu yazıda məsələyə baxış bucağımız belədir: AFFA hansı yerli məşqçiyə güvənə bilər?

Qurbanova niyə “yox” deyək?

Məlum olduğu kimi, Berti Foqts millidən gedəcəyi halda, bu posta ən real namizəd “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov hesab olunur. Təxminən iki il öncə adı yığma ilə anılan Qurban Qyrbanovu bu post üçün gənc adlandıran AFFA prezidenti Rövnəq Abdullayevlə həmfikir olanlarla yanaşı, alman mütəxəssislə yeni anlaşma imzalanmayacağı halda onun yerinə Qurbanovun gətirilməsini arzulayanlar da az deyil.

Gəlin, ilk olaraq 42 yaşlı çalışdırıcının milliyə gəlişinin əlehdarlarının fikirlərini nəzərdən keçirək.
2008-ci ilin avqustunda “Qarabağ”ın baş məşqçisi postuna gətirilən mütəxəssis ötən beş ildə “köhlən atlar”la üç dəfə bürünc, bir dəfə isə gümüş medalları qazanmaqla yanaşı, 2008/2009-cu illər mövsümündə ölkə kubokuna sahib çıxıb. İlk baxışdan burda ciddi problem gözə dəyməsə də, Qurban Qurbanov son beş ildə maddi baxımdan sıxıntı çəkməyən komandanı çempionluğa daşımağa borclu idi.
Bundan başqa, sözügedən məşqçinin həlledici an sindromu ilə üzləşdiyini önə çəkənlər də azlıq təşkil etmir. Məşqçi kimi 2007-ci ildə “Neftçi”də debüt edən sabiq “9” nömrənin “drujinası”nın həmin mövsümün son turunda “Olimpik”ə yenilməklə qızıl medallardan əl çəkdiyi unudulmadığı kimi, 2010-cu ilin mayında çempionluğun taleyini “qızıl oyun”a daşımaq şansını itirdiyi və eləcə də son birinciliyin axırlarına doğru “Neftçi”yə yenilməklə qızılı gümüşə dəyiçdiyi də yaddan çıxmayıb.

Niyə də olmasın?!

Amma bununla belə, sözügedən mütəxəssisin tərəfdarlarının da əlində fikirlərini əsaslandırmaq üçün xeyli tutarlı arqumentlər var. Əvvəla, Qurbanovu yığma üçün gənc mütəxəssis saymaq olmaz. Bu yaşda millini çalışdıran xeyli mütəxəssis var. Ən maraqlısı isə odur ki, elə ölkəmizdə də milliyə bu yaşda rəhbərlik edənlər olub. Hətta yığmaya 1994-cü ildə təyinat alan Vaqif Sadıqov o vaxt 35, 2005-ci ildə seçməmizn “sükanı araxasına” keçən Şahin Diniyev isə sözügedən dövrdə 39 yaşında idi. Üstəlik, “Qarabağ”la Avroliqada uğurlar qazanan mütəxəsisin beynəlxalq təcrübəsinin də artdığını düşünməyə əsas var. Digər tərəfdən, illərdir yığmanın özəyini təşkil edən kollektivdə iş təcrübəsinin olması da əsas şərtdir. Qurbanovun əsas üstünlüyü yetirmələrini çətin duellərə yaxşı kökləməsidir. Bunu sübuta yetirmək üçün “köhlən atlar”ın boyundan yuxarı tullandığı matçları xatırlamaq yetərlidir. Düzdür, “Neftçi”nin ötən il Avroliqadakı məlum uğurundan sonra bu amil bir qədər adiləşsə də, o vaxta qədər klub futbolumuzda belə qələbələrin olmaması unudulmamalıdır. Digər tərəfdən, “Qarabağ”ın cari Avrokuboklar mövsümündə “Neftçi”nin uğurunu təkrarlamağın bir addımlığında olması da unudulmamalıdır. Bundan əlavə, bölgə komandasının məhz Qurbanovun müəyyənləşdirdiyi oyun üslubu və kadr siyasəti fonunda yüksələn qrafik cızması da danılmazdır.

“Zəif”in zəif yeri

Milli komandamıza yerli namizəd ola biləcək yerli çalışdırıcılardan biri isə “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevdir. Düzdür, Qurban Qurbanov kimi Hacıyevi də milliyə layiq görməyənlər yox deyil. Son iki ildə ölkə çempionu olan və ötən il ölkə futbolunun flaqmanını Avropa Liqasının qrup mərhələsinə daşıyan mütəxəssisin məlum uğurlarını legioner futbolçuların hesabına qazandığını düşünənlər millidəki yerli oyunçularla uğur qazanmağı eyforiyaya qapılmaq sayır. Hər halda, Hacıyevin Çempionlar Liqasının cari mövsümündə məlum uğursuzluqdan sonra istefaya göndərilməsini və vaxtilə çalışdırdığı “Standard”ın aşağı dəstəyə yuvarlanmasını yada salanda bu qənaətə gələn futbol ictimaiyyətinin nümayəndələrini qərəzli mövqe tutmaqda qınamaq olmur. Amma o da var ki, indiki halda yığmanın kimə tapşırılmasından asılı olmayaraq millidən ən azı qısa zamanda ciddi uğur gözləmək dəryada balıq sevdası sayılmalıdır.

Böyükağa ilə böyümək realdırmı?

Şübhəsiz, hər ölkənin özünəməxsus futbol ənənələri var və həmin ənənələr istər-istəməz həmin ölkənin yığma və klub komandalarında özünü göstərir. Amma unutmaq lazım deyil ki, komandaları təkcə ənənə yox, yeniliklərə adekvat cavab vermək qabiliyyəti uğura daşıyır. Etiraf edək ki, yerli məşqçilər əsasən sovet dönəmindən qalma metodlarla işləyir, hazırlıq prosesini keçmişdə öyrəndikləri sistem əsasında qururlar. Nəticədə isə müasir futbolun tələbləri ilə ayaqlaşmaq mümkün olmur. Belədə beynəlxalq arenada səviyyə fərqi dərhal üzə çıxır. Qısası, köhnə fəlsəfə ilə yeni tarix yazmağın mümkün olmadığını anlamalıyıq.

Bəs görəsən, Böyükağa Hacıyevlə futbolumuzda böyük addımlar atmaq mümkündürmü? Hər halda, ölkə çempionatının son iki mövsümündə qızıl medalları boynundan asan 55 yaşlı məşqçi digərlərindən bir addım öndə olduğunu sübüt etdi. Yütirmələrinin potensialından yararlanmağı bacarması və komandanı yüksək səviyyədə motivasiya etməsi ilə adından söz etdirən “zəif” ləqəbli mütəxəssis ötən mövsüm “Neftçi”ni Avropa Liqasının qrup mərhələsinə daşımaqla da tarix yazdı. Axı niyə də vaxtaşırı “Burada qazanacağım nəticələrin mənim gələcək karyerama heç bir müsbət təsiri yoxdur” kimi məsuliyyətsiz ifadələr işlədən Berti Foqtsun yerini məhz Hacıyev tutmasın?!

Süleymanov və Əsədovu da siyahıya əlavə etmək olar

Yuxarıda adını sadaladıqlarımızdan başqa, hazırda əsas əmilli komandamızda Berti Foqtsun köməkçisi kimi çalışan Nazim Süleymanov da Berti Foqtsun əvəzləyicisi ola bilər. Məşqçi kimi fəaliyyətinə Rusiya "Jemçujina"sında, baş məşqçi kimi isə “Xəzər Lənkəran”da başlayan Süleymanovun milli səviyyəsində də təcrübə yığması onun üçün əlavə üstünlük sayılmalıdır. Digər təərəfdən, AZAL-dakı işi də 48 yaşlı çalışdırıcının üstündən xətt çəkməyə imkan vermir.
Süleymanovla yanaşı, 2006-2008-ci illərdə hazırda baş məşqçisi olduğu U-19 millisini vropa çempionatının elit raunduna çıxaran, həmçinin 2009/2010-cu illər mövsümündə "Neftçi"nin əvəzedicilər, 2010/2011-ci illər mövsümündə isə əsas komandası ilə çempionluq yaşayan Arif Əsədov da milliyə təyinat ala bilər.

P.S. Bəlkə də milli komandamızın ötən həftə Malta yığmasına böyükhesabla qalib gəlməsinin ardından alman mütəxəssisin postuna namizədlər haqqında yazının qələmə alınması bir qədər təəccüblü görünə bilər. Amma hər halda Malta kimi cəmi iki peşəkar futbolçusu olan millini məğlub etmək üçün Foqtsun foqs göstərməsinə ehtiyac yoxdur.

Tural Məmmədov


Teqlər:





Xəbər lenti