Ermənistan–İran əlaqələrində yeni reallıq- TƏHLİL

Ermənistan–İran əlaqələrində yeni reallıq- TƏHLİL
  02 Sentyabr 2013    Oxunub:1512
Ermənistanın Rusiya ilə münasibətlərinin gərginləşməsi fonunda İranın Dağlıq Qarabağla birbaşa əməkdaşlığı gündəmə gətirilib. Bu, gözlənilən idi. Rusiyadakı ermənipərəst ekspertlərin ortalığa atıb dəstəklədiyi bu ideya Avropadakı ermənilər tərəfindən də himayə olunur.
Onlar Madrid Prinsiplərinin, başqa sözlə, Qərbin Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyinin ermənilərin ziyanına olduğunu bilirlər. Ümidləri Rusiyaya idi ki, burada da Ermənistanın avrointeqrasiya istiqamətində apardığı siyasət Rusiyanı Ermənistandan uzaqlaşdırdı. Qarabağın ermənilərdə qalmamasından ermənilərin panikaya düşməsinin qarşısını almaq üçün İranın adının hallanması ermənilər üçün ən zəruri addımdır.

İran bu vaxtadək Dağlıq Qarabağla İran arasında birbaşa əlaqələrə dair ermənilərin ortalığa qoyduğu iddialara reaksiya verməyib. İranın Ermənistandakı səfirliyinin bu ideyalardan məlumatsız olması mümkün deyil, çünki bu ideyalar kifayət qədər ciddi hesab edilən mətbu orqanlarında yayımlanır.

İrandakı erməni icmasının rəhbərliyi yeni prezident seçkisindən sonra aktivliyini azaltmaq fikrində deyil. “Erməni soyqırımı”nın İran hökuməti tərəfindən tanınması istiqamətində bütün addımları atacaqlarını bildirdilər. İrandakı erməni icmasının rəhbərlərindən biri İran parlamentinin erməni deputatı K.Xanlaryan rəsmi Tehranın erməni icmasına münasibətin hədsiz xoş olduğunu bəyan etməklə yanaşı ermənilərin İranı tərk etdiyini də bildirdi. XX əsrin 80-ci illərində erməni icmasının üzvlərinin sayı 180 min idisə, indi onların sayı azalaraq, 60-70 min nəfər qalıb. K.Xanlaryan İrandakı azərbaycanlıların ünvanına tənqidi fikirlər səsləndirməkdən çəkinmədi. İrandakı ermənilər dini və rəsmi Tehranın Azərbaycana və azərbaycanlılara münasibətinin həqiqi mahiyyətini bilirlər.

Ermənistandan İrana 100 ədəd yeni model dolu əleyhinə qurğu göndəriləcək. İran-Ermənistan biznes-forumu keçirildi. İranı bu biznes forumda ticarət və sənaye palatasının sədri Y.Ələsahın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etdi.

Ermənistanda yeni ticarət mərkəzi açmaq istəyən İran, həm də Ermənistanın Araz azad iqtisadi zonasına qoşulmağa çalışır. Araz iqtisadi zonanın rəhbəri S.Nəcəfi bu iqtisadi zonanın geniş təqdimatını keçirib. Ermənistan tərəfdən biznes foruma Ermənistanın iqtisadiyyat nazirinin müavini A.Petrosyan rəhbərlik edirdi. O, İranın iş adamlarını Ermənistana investisiya qoymağa çağırdı.

Qarni Geofizik Abservatoriyasında 1991-ci ildən ABŞ-ın IRIS qlobal seysmik şəbəkəsi fəaliyyət göstərir. Bu stansiya dünyadakı bütün güclü zəlzələləri qeydə alır, eləcə də bu stansiya gizli nüvə partlayışlarını da qeydə almaq üçün istifadə olunur. Əldə olunan məlumat dərhal peyk antenası ilə Albukerke (ABŞ), Vyana və Avstriya şəhərlərinə göndərilir. Bu stansiyada Maqnit və Radon ölçü sistemləri də fəaliyyət göstərir. Yaxınlarda işləməyən aparatların da işə salınması nəzərdə tutulmuşdur. Qarini geofizik rəsədxanasının yenidən tam gücləndirilmiş formada işə salınması Ermənistanın prioritet proqramları sırasındadır. Bu, rəsmi Yerevanın Ermənistan ərazisində İrana qarşı casus aparatlarının qurulması barədə ilk etirafıdır.

İranın Ermənistandakı səfiri M.Rəisi Ermənistanın təhsil və elm naziri ilə görüşdü. Səfir Ermənistanda təhsilin, o cümlədən iranlı tələbələrin aldığı təhsilin keyfiyyətinin artdığını bildirdi. Digər məsələlərlə yanaşı Ermənistan-İran birgə təhsil müəssisəsinin yaradılması diplomların qarşılıqlı tanınması Yerevan Dövlət Universitetində iranistikanın inkişafı müzakirə edildi.

İrandan Ermənistana daxil olan qazın miqdarı mübahisə obyekti olaraq qalmaqdadır. Hər iki tərəfdən yayılan rəsmi məlumatlara görə, 2012-ci ildə İrandan Ermənistana 481 min m3 qaz nəql olunub. Ermənistan rəsmiləri İran qazının keyfiyyətsiz olması ilə bağlı məlumatlar yayırlar. İranın Ermənistana satdığı qazın keyfiyyətsiz olması barədə yayılan məlumatlar maraqlı bir şeyin üstünü açdı. İran Gürcüstana maye qaz satır. Gürcüstan bu vaxtadək lazım olan maye qazı Azərbaycandan alırmış. İranın maye qazı daha keyfiyyətli olduğu üçün Gürcüstan Azərbaycan maye qazından imtina edib, İrandan daha ucuz qiymətə maye qaz alır. Gürcüstanda keyfiyyətli qəbul olunan İran qazının Ermənistanda keyfiyyətsiz hesab edilməsi şübhə doğurur.

Ermənistan rəsmiləri İranla əməkdaşlığı genişləndirməyə çalışdılar. Hazırda İranla Ermənistan arasındakı illik mal dövriyyəsi 300 milyon dollardır.

Ermənistan İran qazı ilə işləyən Yerevan İES-in 2-ci blokunu tikməyi fikirləşir. “Erməni soyqırımı illərində İranda hansı əsərlər yazılmışdır” adlı kitabın təqdimatı təxirə salındı. Kitab İran səfirliyinin dəstəyi ilə 3 dildə hazırlanıb. Ermənilər bu kitabda çoxlu səhvin olduğunu bildirdilər.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin hesabatı əsasında
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:





Xəbər lenti