Vergi güzəştləri kimə xeyir gətirir – TƏHLİL

Vergi güzəştləri kimə xeyir gətirir – TƏHLİL
  19 Dekabr 2013    Oxunub:1612
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə sənədin dövlət başçısı tərəfindən təsdiqlənməsindən sonra ölkədə bunun müddəti belə getsə, hələ bir neçə dəfə uzadılacaq.

Qanuna əsasən, gələn il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına 5 il müddətinə veriləcək güzəştlər əvvəl 3 il nəzərdə tutulurdu. Adı çəkilən qanun ölkədə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və sahibkarlığın inkişafını sürətləndirmək məqsədilə 27 noyabr 2001-ci il tarixdə təsdiq edilib. Bu isə 12 ildən çox deməkdir.

Bununla belə, onun daha 5 il uzadılmasına yenə ehtiyac vardı. Bəziləri qeyd edirlər ki, bizdə aqrar sektor dövlət tərəfindən himayə olunmur. Vergi güzəştlərinin tətbiqi, müxtəlif növ aqrar məhsulların istehsalını artırmaq məqsədilə subsidiyaların verilməsi kimi tədbirlər isə bunu inkar edir.

Yuxarıda adını çəkdiyimiz qanuna əsasən, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalıyla (o cümlədən sənaye üsulu ilə) məşğul hüquqi şəxslər 12 ildən çoxdur ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət, əlavə dəyər, sadələşdirilmiş sistem üzrə vergi növlərindən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisindən azaddırlar. Kənd təsərrüfatı məhsullarının istehsalıyla (o cümlədən sənaye üsulu ilə) məşğul olan fiiziki şəxslər isə əlavə dəyər və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəmirlər.
Ancaq etiraf etmək lazımdır ki, bütün bunlar istənilən səmərəni vermir.

2001-ci ildən tətbiq edilən güzəştlər sayəsində ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının 1,4 milyard manata qədər vəsaitə qənaət etdikləri və bu müddət ərzində məşğul olduqları sahədə istehsalı 1,2 milyarddan 4,8 milyard manatadək artdırdıqları deyilir. Statistikaya görə də, 2000-2010-cu llər ərzində taxıl 1,3, kartof istehsalı 2, meyvə-tərəvəz 1,5, bostan məhsulları 1,7, üzüm 1,7, ət istehsalı 2,3, süd isə 1,5 dəfə çoxalıb.

Maraqlıdır: son 10 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı sahəsində də 115,3 milyondan 595,3 milyon dollara qədər yüksəliş əldə etdiyimiz qeyd edilir. Bitkiçilik məhsulları üzrə 2003-cü ildə əgər, 91,6 milyon dollarlıq ixrac gücünə malik idiksə, ötən il bu rəqəm üç dəfə artaraq 279,1 milyona çatmışdır. Heyvandarlıq və emal sənayesi məhsulları üzrə də vəziyyət eynidir.

Ancaq fakt bundan ibarətdir ki, ölkəyə son vaxtlar ərzaq mallarının gətirilməsi genişlənir. Yeyinti məhsullarının idxalında xüsusən, son illər ərzində bütün ötən aylar ərzində müşahidə olunan artım, ölkə iqtisadiyyatında bütün istiqamətlər üzrə müsbət dinamika davam etdiyi fonda ciddi narahatlıq doğurur.

Doğrudur, istehsal artır: bu ilin sonuna ümumən kənd təsərrüfatı məhsullarının istehsalında 6-7 % səviyyəsində artım olacağı gözlənilir ki, 2012-ci ildə ökədə əldə olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 5 milyard manat təşkil etmişdisə, bu il bir az da yüksək olacaq.
Ancaq kənd təsərrüfatında istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyi əsas götürülməsə bütün bunlar əhəmiyyətsizdir. O səbəbdən ki, Azərbaycanda aqrar sektorda istehsal əvvəlki illərdə olduğu kimi kifayət qədər baha başa gəlir. Və bu da özünü ilk növbədə, məhsuldarlığın aşağı səviyyədə olmasında göstərir. Başqa sözlə desək, istehsal kəmiyyətcə artsa da bazar rəqabətqabiliyyətlilik baxımından idxaldan asılı vəziyyətdə qalır.

Bayaq da yazdıq ki, vergi güzəştləriylə yanaşı, aqrar məhsulların istehsalını artırmaq məqsədilə subsidiyalardırma, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditləşdirmə həyata keçirilir: 2003-2013-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa dövlət dəstəyi çərçivəsində subsidiya şəklində 587,17 milyon manat ayrılıb.

Ancaq aqrar sahənin inkişafı irəliləyən ölkələrdə ona yalnız pul ayırmaqla, vergi güzəştləri tədbiq etməklə ölçülmür. Ən çox intensiv tədbirlərə diqqət yetirilir ki, bu da kəmiyyətə hesablanmır.

Bir daha xatırladaq ki, ölkəmizdə kənd təsərrüfatında məşğul əhalinin sayı 1,67 milyon nəfər təşkil edir. Bu da ümumən iqtisadiyyatda məşğul əhalinin 37, 9 %-i deməkdir. Kənd təsərrüfatının ümumi daxili məhsul istehsalında payı isə cəmi 5,2 % təşkil edib.

Bu, onu göstərir ki, istehsala marağı artırmaq lazımdır. Bunun yolu isə fərdi, xırda və orta səviyyəli təsərrüfat sahiblərinin sayını genişləndirməkdən keçir. Bizdə “bəla” məhz ondadır ki, fərdi və xırda təsərrüfat sahiblərinin işi rəvan getmir. Bu isə onları torpaqdan uzaqlaşdırır. Bu tendensiya hələ bir neçə il bundan qabaq başlayıb. Belə ki, bölgələrdə iri sənaye və emal obyektləri tikilib istifadəyə verildikcə, aqrar sahədə çalışanlar muzdlu əməyə qaçırlar.

Belə şəraitdə isə kənd təsərrüfatı məhsulları istehsalçılarını torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad etmək iri təsərrüfat sahiblərinin karına gəlir ki, nəticədə də onlar fərdi və yaxud xırda torpaq sahibləriylə “haqq-hesab çürütməklə” daha iri sahələri nəzarətə götürüb, inhisarçıya çevrilirlər. Odur ki, sual yaranır: vergi güzəştləri daha çox “kimə” xeyir gətirir?

Bu suala ziddiyyətli cavab vermək mümkün olsa da, bir cəhət dəqiq aydındır ki, dövlət büdcəsi bundan istənilən halda itirir...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti