Onlar şəhid oldu. Bəs siz nə etdiniz? – Famil Cəfərlinin yazısı
Kateqorik çıxacaq, amma deyim: bununla ciddi şəkildə məşğul olan yoxdur. Halbuki bununla məşğul olmalı olan N qədər qurum var. Ya da ən azı biri, amma sanballı və ciddi biri olmalıdır. Belə görünür ki, yoxdur. Əgər olsaydı, şəhidlərimizlə bağlı adi bioqrafik məlumatlarda bu qədər pintilik, qeyri-dəqiqlik, dolaşıqlıq olmazdı. Əslində heç bir dərin araşdırma, dəhşətli dərəcədə böyük intellekt, titanik fəaliyyət tələb etməyən çox adi, elementar işlər düzgün yerinə yetirilərdi. Amma yetirilmir. Kimin ağzına, qələminə, klaviaturasına nə gəldi, onu da yazır. Mass-media da bu mənbələrə istinadən həmin yanlışlıqları, səhvləri ağına-bozuna baxmadan təkrar-təkrar tirajlayır. Sadəcə ayıbdır.
Bu qənaətə havadan gəlməmişik. TEAS Press Nəşriyyat Evi olaraq neçə aylardır şəhidlərimiz haqda kitab üzərində işləyirik. Orada hər bir şəhidimiz haqda qısa, amma dolğun informasiya olacaq. Bu informasiyaları topladıqca dəhşətə gəlirsən. Bu sahədə nə qədər boşluq, qeyri-dəqiqlik, qeyri-peşəkarlıq, səhlənkarlıq, kəmsavadlıq, yanlışlıq var! Şəhidlər haqda artıq mediada yayılmış informasiyaların ikisinin bir-birinə azacıq uyğun gəldiyini görəndə sevinirik. Daha sonra onları şəhidlərin ailə üzvləri ilə, doğmaları-yaxınları ilə dəqiqləşdirməli oluruq, bir növ iynə ilə gor qazırıq. Halbuki bunlar müvafiq dövlət qurumlarının işidir. Məsələn, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, qısaca desək, SHXÇDX-nin... Məsələn, rayon icra hakimiyyətlərinin müharibə iştirakçıları, qazi və şəhid ailələri ilə işləyən müvafiq şöbələrinin...
Nümunələrə keçək. Məsələn, şəhid zabitimiz Elçin Zakir oğlu Ağayev haqda informasiya almaq istəyənlər SHXÇDX-nin rəsmi saytına girib orada nəyi görəcəklər? Görəcəklər ki, baş leytenant Elçin Ağayevin doğum tarixi belə göstərilib: 07 iyul, 1996-cı il. Yaxşı, birdən bu informasiya ilə yetinməyib başqa mənbələrə baxmaq istədilər. Məsələn, Müdafiə Nazirliyinin rəsmi saytına. Orada (həmçinin şəhid zabitimizin məzunu olduğu Azərbaycan Ali Hərbi Məktəbinin sənədlərində) bu tarix belə (və düzgün) yazılıb: 07 iyul, 1993. İndi bu nə deməkdir, hansı dərəbəyliyin məhsuludur, bunu nəyin adına çıxaq? İlk baxışda xırda şeydir. Halbuki belə deyil. Nə vaxtsa bir tədqiqatçı, bir tarixçi, bir naşir adicə məsuliyyətsizliyin məhsulu olan bu uyğunsuzluğu görüb nə deyəcək, tarixi necə yazacaq? Belə də ki, belə “xırda” səhvə niyə yol verilməlidir ki?
E.Ağayevin şəhid olduğu tarix də SHXÇDX-nin rəsmi saytında yanlış göstərilib – 6 oktyabr əvəzinə 7 oktyabr kimi.
SHXÇDX-nin rəsmi saytının elə digər şəhid zabitimiz, baş leytenant Bayram İlqar oğlu Babaşov haqdakı məlumatı da səhvdir. Saytda onun 2020-ci il dekabrın 18-də şəhid olduğu yazılıb. Halbuki oktyabrın 2-də Murovda şəhid olub.
Belə nümunələr yüzlərlədir. Təəssüf ki...
Dərd hələ bununla da bitmir. Rast gəldiyimiz ən böyük rüsvayçılığın biri də şəhid hərbçilərimizin rütbələrinin səhv salınmasıdır. Çavuşa leytenant, kapitana gizir, əsgərə mayor yazırlar. Məsələn, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmi saytı bölük komandiri olmuş şəhid zabitimiz, baş leytenant Bayram Babaşovu müddətdən artıq xidmət edən hərbi qulluqçu (oxu: əsgər) kimi göstərib. Bunu hansı kəmsavadın yazdığı önəmli deyil. Önəmli olan bu səhvin aylardır hələ də düzəldilməməsidir. Bu, SHXÇDX-nin rayon şöbəsinin də vecinə deyil yəni?
Yeri gəlmişkən, Cəlilabad RİH-in rəsmi saytında rayon şəhidlərinin siyahısı da bərbad gündə verilib. Üstəlik, alabaşına-külbaşına, əlhavasına, necə gəldi tərtiblənən siyahı natamamdır, rayonun bütün şəhidlərini əhatə etmir. Amma təkəbbürü özlərindən qat-qat yekə məmurlar sanki kordur, bunu görmür. Halbuki buna görə məvacib alırlar. İşi görürsənsə – normal gör; görmürsənsə – heç görmə, çəkil dur qıraqda.
Başqa bir problem şəhidlərin ad-soyadının və atasının adının necə gəldi yazılmasıdır. Məsələn, bir şəhidimiz var: Adgözəlov Faiq Mehti oğlu. Bəli, soyadını və atasının adını düz oxudunuz. Burada qrammatik səhvə yol verməmişik. Sənədlərdə məhz bu cürdür. Amma bütün resurslarda onun soyadı “Adıgözəlov”, atasının adı isə “Mehdi” kimi yazılır. Təkcə Müdafiə Nazirliyinin saytında və prezidentin sərəncamlarında düz yazılıb. İnternet əsridir. İndi kiminsə haqqında məlumat tapmaq istəyəndə axtarışa verirsən, bircə hərf, simvol yanlışdırsa, axtardığını tapmayacaqsan.
Bir sözlə, şəhidlərimizin adı-soyadı, atasının adı rəsmi qurumların saytlarında düz yazılmır... Hərbi rütbə və mükəlləfiyyətləri düz yazılmır... Doğulduqları tarix və yer düz yazılmır... Şəhid olduqları tarix və yer düz yazılmır... Orden-medallarının adı və sayı düz yazılmır... Ailə vəziyyətləri düz yazılmır... Nəticədə bir növ dəhşətli informasiya dərəbəyliyi, ürəkbulandıran bir pintilik yaranır. Budurmu onlara münasibətimizin məxsusiliyi? Onları tarixə beləmi salırıq? 44 günlük savaş vaxtı 44 günlük, 4 ay 4 günlük, 4 yaş 4 aylıq olan övladlarımız, fərz edək ki, 44 ildən sonra bu savaşı və onun qəhrəmanlarını bu yalan-yanlış, qarışıq-dolaşıq, alaçiy informasiyalardanmı öyrənəcək? Necə öyrənəcək? Müdafiə Nazirliyi, SHXÇDX, digər qurumlar bu haqda düşünməlidir.
Üzərində dərindən düşünməli olduğumuz bir məsələ də var. İndi əli qələm tutan hər kəs Vətən müharibəsi, şəhidlər haqda kitab yazır və ya yazmağa dartınır. Əlbəttə, kitab yazmağı qanunla kiməsə qadağan etmək olmaz. Amma kitab yazmaq məsələsi bir az da abır-həya məsələsidir axı... Ağzından-qələmindən horra tökülən “ədəbi at oğruları”nı, iki cümləni ard-arda yaza bilməyən QHT aktivistlərini, “ictimai dəllal-fəallar”ı, aşağı əyarlı “əsər”lər yazan yazıçı-şairləri bu cür vacib işlərə yaxın buraxmaq bizə yaxşı nə verəcək? Şair tarix yazmaz, yaza bilməz. Tarix şəhidlərimiz haqdakı məlumatları dəhşətli dərəcədə qüsurlu, natamam və yanlış olan “Vikipediya” əsasında isə heç yazılmaz...
Şəhidlərimiz haqda dəqiq, doğru-dürüst məlumatların toplanacağı ciddi bir informasiya bankı olmalıdır. Qələbənin bir illiyinə az qalır, amma hələ də yoxdur. Bununsa biabırçılıqdan başqa adı yoxdur.
Şəhidlər canları ilə, qanları ilə tarix yazdı. Bu yazının üzünü barı düz-əməlli köçürək...
Famil Cəfərli
Azvision.az üçün