“Ukraynaya görə ABŞ Rusiya ilə döyüşməyəcək” – Sinan Oğan (Müsahibə+Audiokast)

   “Ukraynaya görə ABŞ Rusiya ilə döyüşməyəcək” –    Sinan Oğan (Müsahibə+Audiokast)
  15 Fevral 2022    Oxunub:9100
“Problem Ukrayna ilə Rusiya arasında olmaqdan daha çox, Amerika ilə Rusiyanın arasında oluğundan, Türkiyənin vasitəçilik fəaliyyəti müəyyən yerə qədər uğurlu ola bilər. Amma müəyyən məqamdan sonra hər şey Amerikadan asılı hala gələcək. Amerika isə vasitəçilik üçün digər ölkələrin xidmətindən istifadə etmir. Öz siyasətini özü təyin edir”. Bu sözləri AzVision.az-a müsahibəsində TÜRKSAM-ın rəhbəri, türkiyəli millət vəkili Sinan Oğan deyib.


- ABŞ-ın Ukraynadakı səfirliyni Kiyevdən Lvova köçürməsi nə mənanı verir?
- Ümumiyyətlə, gərginliyin yaşandığı ölkələrdə Qərb səfirliklərinin ya sayını azaldır, ya da bağlayır. Amerika səfirliyini köçürməklə orada hər an müharibənin başlaya biləcəyinə işarə edir. Digər Qərb ölkələrinə “siz də köçürün” mesajını verir.
Bu məsələ həm də Amerikanın daxili siyasətilə bağlıdır. Prezident Bayden və komandası, xüsusilə də dövlət katibi Entoni Blinken Rusiyaya hər zaman sanksiyalar qoymağa çalışıblar. Ancaq Almanya və Fransa başda olmaqla bir çox Avropa ölkələri Baydenlə həmfikir deyildilər. Bayden və Blinken isə Avropa ölkələrinin Rusiyaya embarqo tətbiq etməsini istəyirlər. Rusiya Ukraynaya girsə, o zaman Qərb ölkələri Amerika ilə eyni düşərgədə olacaqlar.

Bundan əlavə, Bayden daxili siyasətdə olduqca uğursuz dövr keçirir. Xüsusilə Amerikada infliyasiyanın son 40 ildə ən yüksək səviyyəyə çatması və yaxınlaşan seçkilər Bayden hökumətini başqa mövzuları gündəmə gətirməyə vadar edir. Fransada da eyni mənzərə müşahidə olur. Makronun vəziyyəti də ürəkaçan deyil.

Rusiyada isə, Putinin güc zəhərlənməsi var. Özünə çox güvənir. Krımı ilhaq etdi və dünya buna ciddi reaksiya vermədi. Eyni zamanda Ukrayna üzərindən dünyaya göz dağı verir. Bu gərginlik iqtisadi olaraq Rusiyaya sərf edir. ABŞ və Aİ-nın Rusiyanı SWIFT sistemindən çıxarma təhdidinə Moskva qazı kəsməklə cavab verdi.

- Türkiyə bölgədə aktiv gücdür. NATO ölkəsi olmasına baxmayaraq ,Rusiya ilə də münasibətləri pis deyil. Hətta yaxşı da demək olar. Türkiyənin müharibənin qarşısını almağa gücü çata bilərmi?
- Əlbəttə ki, Türkiyə vacib bir ölkədir. Həm NATO-nun Amerikadan sonra ən böyük ikinci hərbi gücüdür, həm də Rusiya ilə bəzi problemlərin yaşanmasına baxmayaraq, iqtisadi və siyasi münasibətləri yaxşıdır. O cümlədən, Ukrayna ilə də münasibətlərimiz yaxşıdır. Ən vacibi isə, Qara dəniz ölkəsidir. Bütün bunları nəzərə aldıqda Türkiyə imkanlarını bölgədə tərəflər arasında vasitəçilik üçün sərf edir. Nisbətən uğurlu da oldu. Türkiyə Ukraynadakı səfirliyini, vətəndaşlarını çıxarmayan nadir ölkələrdən biridir. Bu vəziyyətdə Türkiyənin vasitəçilik fəaliyyəti də önə çıxmağa başlayır. Ancaq bu, təəssüf ki, həlledici amil deyil.

- Necə düşünürsünüz, hərbi əməliyyatlar balasa, Üçüncü Dünya Müharibəsinə çevrilə bilərmi?
- Əlbəttə ki, yox. Çünki Üçüncü Dünya Müharibəsinin olması üçün Rusiyanın Ukraynaya girməsindən sonra Amerika başda olmaqla NATO-nun Rusiyaya cavab verməsi lazımdır. Bu cavab isə nə Rusiyaya, nə Amerikaya, nə də NATO-ya sərf edir. Çünki bu müharibədə qalib olmayacaq. Bəli, Putin də etiraf etdi ki, NATO daha güclüdür. Amma Rusiyanın da nüvə gücü var. Nə edəcəklər? Ukraynaya görə bir-birinə atom bombalarımı atacaqlar? Bu mümkün deyil. Mən irimiqyaslı müharibə olacağını gözləmirəm. Rusiyanın bölgəyə müəyyən müdaxilələri ola bilər. Amma Krımda olduğu kimi, yenə də Ukraynaya görə Amerikanın Rusiya ilə müharibəyə girişəcəyini düşünmürəm.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Ukrayna   ABŞ   Rusiya  





Xəbər lenti