Aleksandr Razuvayev: “Rus sülhməramlıları Qarabağda deyiləndən çox qalmayacaqlar” - Müsahibə

      Aleksandr Razuvayev:    “Rus sülhməramlıları Qarabağda deyiləndən çox qalmayacaqlar” -    Müsahibə
  06 İyul 2022    Oxunub:9831
Rusiyalı politoloq, Avrasiya üzrə ekspert Aleksandr Razuvayev aktual məsələlərlə bağlı AzVision.az -ın suallarını cavablandırıb.
- Rusiyanın vasitəçiliyi ilə Bakı ilə İrəvanın arasında sülh sazişinin imzalanması perspektivini necə qiymətləndirirsiniz?
- Hazırda Ermənistanda ciddi revanş əhval-ruhiyyəsi hökm sürür. Lakin Ermənistan iqtisadi və hərbi baxımdan Azərbaycandan qat-qat zəifdir. İqtisadiyyatı pandemiya və beynəlxalq turizmin azalması, habelə tənəzzül və Rusiyada əmək miqrantlarına tələbatın düşməsi səbəbindən ciddi şəkildə iflasa uğrayıb. Sülh müqaviləsi ticarət yollarının açılması deməkdir. Ermənistan iqtisadiyyatının indiki durumunda ticarət dövriyyəsinin artması faydalı olardı, bu məsələni uzatmaq mənasız və perspektivsizdir. Şərqə doğru dönüş elan edən Rusiya Cənubi Qafqazda sabitliyin olmasında maraqlıdır.

Azərbaycan regionun ən uğurlu iqtisadiyyatı olaraq ən perspektivli tərəfdaşdır. Rusiyanın bütün postsovet ölkələrinə xüsusi münasibəti var. Ermənistan isə son otuz ildə Rusiya rəhbərliyi üçün başağrısı olub. İndi keçmiş sovet respublikalarının yuvarlaq tarixə (SSRİ-nin dağılmasının 30 ili) yaxınlaşmasının nəticələrini görmək və qiymətləndirmək mümkündür. Siyasi və iqtisadi cəhətdən yalnız Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycan tam şəkildə öz yerlərini tutdular. Təbii ki, bu ölkələrin rəhbərlərinin şəxsi keyfiyyətləri də mühüm rol oynayıb. Çünki neftin mövcud olduğu ölkələrdə nələrin baş verdiyini görmək çətin deyil.

- Vladimir Solovyov və Marqarita Simonyan kimi rusiyalı jurnalistlər öz anti-Azərbaycan hərəkətləri ilə Rusiya-Azərbaycan münasibətlərinə ziyan vururlar. RİA Novosti saytında tez-tez “DQR” başlıqlı xəbərlərə rast gəlirik. İndi bu sayt Azərbaycanda bloklanıb. Bu yaxınlarda Solovyov öz efirində separatçı rejimin nümayəndəsi David Babayanı “Artsaxın xarici işlər naziri” kimi təqdim edib. Azərbaycanın qəzəbindən sonra Solovyov böyük siyasi səhvə yol verdiyini söylədi. Bunu necə şərh edərdiniz? Niyə Solovyov və Simonyan Azərbaycana qarşı belə təxribatlara əl atırlar?
- Rusiya dövlətinin rəsmi mövqeyi var: Qarabağ Azərbaycandır. Şəxsən sən istədiyin fikrə sahib ola bilərsən, elə insanlar var ki, Yer kürəsinin düz olduğuna inanır və bunu publika qarşısında söyləməyə belə utanmır. Amma dövlət mediasında işləyirsənsə, Rusiya dövlətinin, indiki halda Xarici İşlər Nazirliyinin mövqeyini ifadə etməlisən.
Bakının kəskin reaksiyası təəccüblü olmamalıdır. İyirmi il əvvəl Çeçenistanda baş verənlərlə bağlı bəzi xarici jurnalistlərin açıqlamalarına Moskvanın reaksiyası da oxşar olub. Prinsipcə, bir çox jurnalistlər və investisiya departamentindəki həmkarlarım, yəni maliyyə şirkətlərinin əməkdaşları bu məsələdə Azərbaycanın mövqeyini bölüşürlər. Bununla belə, Rusiyada səsimiz o qədər də yüksək çıxmır, bizə fikrimizi bildirmək üçün platforma yarada biləcək müvafiq birinci əl media bağlıdır. Hərçənd, bizim ruslar olaraq buna ən azından haqqımız var.

- Şəxsən məndə və bir çox həmkarlarımda, eləcə də əksər azərbaycanlıda belə bir fikir var ki, Solovyov və Simonyanın Azərbaycana informasiya hücumları Kremllə razılaşdırılır. Buna nə deyə bilərsiniz?
- Bu doğru deyil. Dmitri Peskovun bütün əsas məsələlərlə bağlı açıqlamalarını xatırlatmaq kifayətdir. Sadəcə, Rusiya liberal ölkədir, burada söz azadlığı bəzən olduqca özünəməxsus şəkildə başa düşülür. Yaxın vaxtlara qədər Rusiyada Vladimir Putinə, Rus ordusuna və dövlətinə mütəmadi olaraq böhtan atan media orqanları vardı və heç kim də onlara toxunmurdu. Kremldə türk ölkələrinin Rusiya üçün əhəmiyyətini yaxşı bilirlər. Bunun bariz nümunəsi Yunanıstan və Bolqarıstanın Rusiyaya qarşı sanksiya tətbiq etməsi, Türkiyənin isə etməməsidir. Rusiyanın özündə türklər ruslardan çox uşaq doğurlar. Bu isə o deməkdir ki, biz ruslar Avropadan fərqli olaraq ölməyəcəyik, həm də bir neçə onillikdən sonra Rusiya Federasiyasının yarımşərqli və islami siması olacaq. Türklər arasında, təbii ki, tanrıçılar da var, amma yenə də müsəlmanlar üstünlük təşkil edir. Rusiya çoxmillətli ölkədir. Rusiyanın cənub sərhədlərində türk müsəlman dövlətləri sürətlə inkişaf edəcək və güclənəcəklər. Suveren iqtisadiyyat 250-300 milyon istehlakçı deməkdir. Rusiyanın özündə cəmi 147 milyon insan yaşayır. Avropa Rusiya ilə düşmənçilik edir, bu o deməkdir ki, Rusiya yalnız Şərqlə, daha doğrusu, türk dünyası ölkələri ilə vahid mal, xidmət və kapital bazarı qura bilər. Cənubi Qafqazda sabitlik Moskva-Bakı-Ankara üçbucağında qarşılıqlı anlaşmaya əsaslanır.

- Rusiya sülhməramlıları 5 il müddətinə Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilib. Sizcə, bu region ətrafında vəziyyət bundan sonra necə inkişaf edəcək? Beş illik müddət bitdikdən sonra sülhməramlılar Qarabağdan çıxarılacaq, yoxsa Dnestryanı, Cənubi Osetiyadakı kimi uzun müddət qalacaqlar?
- Mənə elə gəlir ki, bunlar hamısı SSRİ-nin dağılmasının nəticəsi olsa da, hər üçü kökündən fərqli problemlərdir. Mixail Sergeyeviç Qorbaçov və onun komandası keçmiş SSRİ ərazisində baş verən bütün qanlı münaqişələrə görə şəxsən məsuliyyət daşıyır. Hətta şeytan da onu yanına aparmaqdan imtina edir, çünki orada da yenidənqurma təşkil edəcəyindən və cəhənnəmi məhv edəcəyindən qorxurlar. Dnestryanı köhnə münaqişədir. Bu bölgənin taleyi sual altındadır. Cənubi Osetiya tezliklə Rusiyanın tərkibinə daxil olacaq. Osetinlər hələ də parçalanmış xalqdır, odur ki, buna Kreml qərar verəcək. Qarabağ isə Azərbaycandır, Rusiyaya dost ölkədir, Bakıda böyük rus icması var, Rusiya sülhməramlılarını elan olunmuş müddətdən artıq saxlanmasına səbəb görmürəm.

- Rusiya-Ukrayna müharibəsinin nəticəsini necə görürsünüz?
- Əvvəlcə onu deyim ki, Vladimir Putini tam dəstəkləyirəm, o cümlədən Ukrayna məsələsində. İstənilən müharibə sülhlə başa çatır. Rusiya uzun müddətdir ki, Qərblə danışıqlar aparmağa çalışır, lakin Qərb dövlətlərinin liderləri Kremli eşitmirdilər. Qərb ən axmaq addımı Rusiya Bankının beynəlxalq ehtiyatlarının yarısını dondurmaqla atdı, faktik olaraq dollar və avroya ehtiyat valyuta kimi inamı sarsıtdı. Hesab edirəm ki, aşağıdakılardan çıxış etmək lazımdır. Cənub-Şərqi Ukrayna Rusiya İmperiyasının tarixi torpaqlarıdır, bolşeviklər tərəfindən Ukraynaya verilib. Eyni zamanda, Ukraynada ənənəvi Polşa əraziləri var. Ukraynanın faktik olaraq Rusiya və Polşa arasında bölünməsi ehtimalı yüksəkdir.
Amma müharibənin əsas nəticəsi başqadır. Rusiya da Türkiyə və ya İran kimi şərq ölkəsinə çevrilib. Mən bunda yanlış bir şey görmürəm. Mən etnik olaraq rusam və özümü avropalı hesab etmirəm. Moskva zadəganlığını əsasən Ordadan gələn türklər, Moskva Rusunun maliyyə sistemini isə çinlilər və farslar yaradıblar. Böyük rus alimi Lev Qumilyov rus-türk imperiya sivilizasiyası ilə Şərqi Slavyan və daha geniş mənada Avropa sivilizasiyası arasındakı əsas fərqi xüsusi qeyd etmişdi. Rusiyanı təkcə İvanovlar, Petrovlar və Sekarevlər deyil, həm də Şaripovlar və Yusupovlar yaradıb.

- Henri Kissincer bildirib ki, Şimali Atlantika Alyansı Finlandiya və İsveçin ona qoşulması sayəsində daha da güclənəcək, Ukrayna isə “Avropada ən böyük quru qoşunlarına” malik olacaq. Rusiya yaxın tarixdə ilk dəfə olaraq Avropanı nüvə qüvvələri ilə qoruyan əsas halqa kimi Amerika ilə deyil, bütövlükdə Avropanın özü ilə yanaşı yaşamaq zərurəti ilə üzləşməli olacaq. ABŞ-ın rəhbərlik etdiyi vahid Avropa ilə qarşıdurmada Rusiyanın qalib gəlmə şanslarını necə qiymətləndirirsiniz?
- Münaqişənin Rusiya ilə NATO arasında müharibəyə qədər gedib çıxacağını düşünmürəm. Bu, nüvə müharibəsi olar və qaliblər olmaz. Avropanın Rusiya ilə bağlı mövqeyi iqtisadi baxımdan izaholunmazdır. Rusiyanın enerjidaşıyıcılarından imtina və inflyasiyanın artması son nəticədə Avropa birliyinə və avro zonasına zərbə vura bilər. Çünki iqtisadi problemləri ayrıca həll etmək, tutaq ki, İspaniya və ya İtaliya üçün daha asan olacaq. Bunun üçün milli valyutalara qayıtmaq lazım gələcək, avrodan imtina və milli valyutalara qayıtmaq isə bu ölkələrdə suveren defolt və bank böhranı demək olacaq.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti