"15 hərbçi yanğından əvvəl öldürülmüşdü" - Erməni əsgər anası

   "15 hərbçi yanğından əvvəl öldürülmüşdü" -    Erməni əsgər anası
  27 Yanvar 2023    Oxunub:1072
Ermənistanda 15 əsgərin ölümü ilə nəticələnən kazarma yanğını ilə bağlı müəmmalar davam edir.
AzVision.az xəbər verir ki, yanğın zamanı həlak olan Volodya Nersisyanın anası Ani Tadevosyan News.am-a açıqlamasında diqqət çəkən fikirlər səsləndirib. O da digər valideynlər kimi əsgərlərin təsadüf nəticəsində yanıb ölməsinə inanmadığını deyib: "Bu cür yanğın mümkün deyildi. Bu yalandır. Qoy izahat versinlər ki, həmin saatda kapitanın kazarmada nə işi olub. Əvvəllər gecənin bu vaxtında bir dəfə də olsun rəhbərlikdən heç kim əsgərlərin yanında olmamışdı ".

O, əminliklə deyib ki, baş verənlər məqsədli bir planın nəticəsi olub.

- Uşaqları zəhərli qazla və ya başqa yolla yatırdıb öz çirkin işlərini görüblər. Volodya dekabrın 17-də beş günlük məzuniyyətə gəlmişdi. Onu nələrsə narahat edirdi. Orada qeyri-qanuni nə isə baş verirdi, - Tadevosyan qalmaqallı iddia səsləndirib.

Volodyanın anası hökumətin matəm günü elan etməməsindən də təəccübləndiyini deyib.

Sağ qalan əsgər İrəvanı ifşa etdi: "Öz gözümə inanıram"
Ölən əsgərin qardaşı Karlos Nersisyan isə meyitlərə morqda baxanda hansısa detaldan anlayıb ki, bütün hərbçilər artıq yanğın başlayana qədər ölüblərmiş. Həmin gecə 12:15-də Volodya ilə bir neçə dəqiqə danışan Nersisyan qeyd edib ki, “Bunu yalnız məhkəmə-tibb ekspertləri sübut edə bilərlər. Yəni ancaq onlar deyə bilər ki, uşaqlar yatmazdan əvvəl huşsuz olublar və ya zəhərli qazla nəfəs alıblar. Yaxud da güclü yuxu həbləri ilə yatızdırılıblar ”.

Nersisyan onu da deyib ki, o gecə qardaşıyla danışarkən bir neçə əsgər sobanın yanında oturub kofe içirmiş.

- Onda yatmamışdılar. Mən rəsmi versiyanı təkzib edirəm. Çünki mən qardaşımla danışanda heç kapitan da orada olmayıb. Onların sobanı benzinlə qızdırmaq istədiklərini düşünmək əsassızdır. Mən demirəm ki, orada benzin olmayıb. Amma evi yandırmaq üçün qoyulub. Zəhərli qaz, yuxu dərmanı, sui-qəsd, təxribat burada hər şey mümkündür. Oğlanlar yuxuda olarkən ölüblər. Meyitlərdən biri ayaqlarını çarpazlaşdırmışdı. Digəri əli alnında idi. Üçüncü əsgərin isə isə əli başının altında idi. Yəni heç kim əzab içində ölməyib. Adi geyimdə olublar, ayaqqabılarını belə çıxarmayıblarmış. Qapının hansı səbəbdən bağlandığı da bəlli deyil. Əgər səhlənkarlıqdan söhbət gedirsə, o zaman bu səhlənkarlıq ilk növbədə baş nazirdən və müdafiə nazirindən gəlir. Elə birinci onlar istefa verməli idilər, - əsgərin qardaşı deyib.

Qeyd edək ki, Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini Arsen Saroyan İctimai Televiziyanın efirində deyib ki, yanğın nəticəsində həlak olan 15 əsgərdən 14-ünin meyiti çarpayıda tapılıb. Yəni onların oyanmağa belə vaxtları olmayıbmış.

Xatırladaq ki, yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın baş verib. Nəticədə 15 erməni hərbçisi həlak olub, daha üçünün vəziyyəti isə hələ də ağırdır. İlkin məlumata görə, yanğına səbəb komandirin sobaya benzin tökməsi olub. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb. Bundan başqa, sözügedən hərbi hissənin arxa bölməsinin rəisi, briqada komandirinin kommunal xidmət üzrə müavini, polkovnik-leytenant Qor Agekyan saxlanılaraq İstintaq Komitəsinə aparılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Yanğın   Ermənistan   Kazarma   Əsgər-Anası  





Xəbər lenti