"İran səfirliklərə hücum üzrə “lider” sayılır" - Politoloq

"İran səfirliklərə hücum üzrə “lider” sayılır" -    Politoloq
  27 Yanvar 2023    Oxunub:904
Xəbər verdiyimiz kimi bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

İranın Azərbaycana qarşı hərbi-siyasi təxribatlarının artması fonunda belə bir terrorun olması diqqət çəkir. Məsələni AzVision.az -a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, İrandakı səfirliyimizə hücum bu ölkənin rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir.

- İrandan Azərbaycan əleyhinə daima səslənin “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, “Zəngəzur dəhlizi olmamalıdır”, “Azərbaycan İsraillə əlaqələr qurmamalıdır” açıqlamaları qonşu ölkədəki fanatik dairələri azğınlaşdırıb.

"Səfirliyimizə hücuma görə İran dövləti də məsuliyyət daşıyır" - Deputat
Əlbəttə, səfirliyimizə hücumun arxasında İrandakı erməni diasporunun dayandığı da istisna deyil. Məqsəd Azərbaycan-İran münasibətlərinin daha da gərginləşdirməkdir. Ona görə də soyuqqanlığımızı qorumaq şərtilə Tehrandan qatil və ya qatillərin arxasındakı güclərin, sifarişçilərin araşdırılması tələb olunmalı və bu proses nəzarət altında saxlanmalıdır. Qırmızı çizgiləri aşan İran oldu! - ekspert qeyd edib.

O həmçinin qeyd edib ki, İran səfirliklərə hücum və diplomatların öldürülməsi üzrə dünyanın “lider” dövlətlərindəndir.

- İrandakı fanatiklər yüz illər əvvəl Rusiya imperiyasının səfirini öldürməkdən tutmuş İslam inqilabı dövründə ABŞ səfirliyinə hücuma və diplomatların girov götürülməsinə qədər uzun yol qət ediblər. Ancaq İranın sözdə dost və tərəfdaş adlandırdığı müsəlman ölkəsinin Tehrandakı səfirliyinə hücumu xatırlamıram. Bunu da etdilər. Qatillər və onların arxasındakı güc və ya güclər tapılsa belə, son hadisə iki ölkə arasındakı münasibətlərdə əlavə gərginlik mənbəyi olaraq qalacaq.

Ötən ilin sentyabr ayında erməni fanatiklər Azərbaycanın Fransadakı səfirliyinə hücum edəndə və Londonda dini fanatik qrup səfirliyimizi qısa müddətə ələ keçirəndə təklif etmişdim ki, indiki həssas məqamı nəzərə alaraq münasibətlərimizin gərgin və soyuq olan dövlətlərdəki səfirliklərimizin təhlükəsizlik tədbirlərini artıraq. Buna indi də ethiyac var. İranda səfirliyimizə hücum edən qatilin başqa ölkələrdəki ardıcılları tapıla bilər. Bu mərhələyə də hazır olmalıyıq. “ASALA” terrorçuları və bu qruplaşma ilə ittifaqda olanlar yenidən peyda olublar, -politoloq deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Səfirlik   Hücum  





Xəbər lenti