"İran dövləti səfirliyin qorunmasına məsul idi" - Deputat

"İran dövləti səfirliyin qorunmasına məsul idi" -    Deputat
  27 Yanvar 2023    Oxunub:1032
İranda baş verən məlum terror hadisəsi zamanı şəhid olan həmvətənimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Bu olduqca çirkin bir terror aktıdır və onun iştirakçıları mütləq cəzalandırılacaqlar.
AzVision.az xəbər verir ki, bunu bu gün İranda Azərbaycan səfirliyinə olan xain hücuma münasibət bildirən Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

O qeyd edib ki, məsələnin təhlil edilməli bir neçə tərəfi var.

"Səfirliyə hücum uğursuz təxribat cəhdlərinin davamıdır" - Deputat
- Birincisi səfirliyin təhlükəsizlik məsələsidir. Həmin səfirlik Azərbaycanın suveren ərazisidir və ora olan hücum eyni zamanda Azərbaycan ərazisinə qəsddir. Düşünürəm ki, birinci istiqamət kimi bunu vurğulamalıyıq. İkincisi, səfirliyin qorunmasına məsul olan tərəf məhz İran dövlətidir və bu ölkə mütləq şəkildə beynəlxalq konvensiyalara uyğun olaraq səfirliyin təhlükəsizliyini təmin etməlidir. Bu hadisə onu göstərir ki, vaxtında lazımi tədbirlər görülməyib. Alternativ bir müqayisə aparaq - baxmayaraq ki, İranın Azərbaycana qarşı uzunmüddətli təxribatları olub, Azərbaycan dövləti beynəlxalq konvensiyalara uyğun olaraq İranın Azərbaycandakı səfirliyinin təhlükəsizliyini hər zaman ən yüksək səviyyədə təmin edib. Nəinki İranın, Azərbaycanda akreditə olunmuş bütün səfirliklərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilir.

Məsələni vacib edən digər tərəf isə düşünürəm ki, həm də o baxımdan araşdırılmalıdır ki, son zamanlar İranın ölkəmizə aqressiyası aqressiyası atıb və orada Azərbaycana qarşı baş verən neqativ hallar mövcuddur. Bu baxımdan da araşdırılmalıdır. Düşünürəm ki, güclü Azərbaycan dövləti məsələnin sona qədər araşdırılmasına və cinayətkarların tapılaraq vaxtında cəzalandırılmasına nail olacaq. Bir daha Allahdan şəhidimizə rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.
AzVision.az



Teqlər:   İran   Səfirlik  





Xəbər lenti