ABŞ Dövlət Departamenti səfirliyə terror hücumunu pisləyib

ABŞ Dövlət Departamenti səfirliyə terror hücumunu pisləyib
  27 Yanvar 2023    Oxunub:1040
ABŞ Dövlət Departamenti yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumu ilə bağlı bəyanat yayıb.
AzVision.az xəbər verir ki, bəyanat Dövlət Departamentinin saytında yer alıb.

Bəyanatda Birləşmiş Ştatların səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum şiddətlə pislənilib.

“Biz Prezident İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını təkrarlayırıq. Diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı istənilən hücum qəbuledilməzdir. Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq”, - bəyanatda qeyd olunub.

Dövlət Departamentinin bəyanatında, həmçinin terror hücumu nəticəsində həlak olan Azərbaycan vətəndaşının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara tezliklə şəfa arzu olunub.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.



AzVision.az


Teqlər:





Xəbər lenti