"Vasif çənəsindən yaralanıb, çox danışa bilmir" - Qəhrəmanın anası

"Vasif çənəsindən yaralanıb, çox danışa bilmir" -  Qəhrəmanın anası
  30 Yanvar 2023    Oxunub:1079
"Vasiflə axşam elə hava limanında görüşdüm, sonra xəstəxanaya apardılar. Bizi yanına qoymurlar, özü ilə danışıram, yaxşı olduğunu deyir".
Bunu AzVision.az -a açıqlamasında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralanan Vasif Tağıyevin anası Təranə Tağıyeva deyib. O bildirib ki, oğlunun səhhəti yaxşıdır və düzəlməyə doğru gedir:

"Telefonla danışıram. Yanına qoymurlar. Amma artıq Vətəndədir, öz balalarımızın əlindədir. Övladları ilə danışdı, uşaqlar ataları üçün çox darıxıblar. Telefonda "ata sənsiz darıxırıq, səni çox istəyirik" deyirlər. Vasif çənəsindən yaralanıb, dişləri qırılıb deyə çox danışa bilmir".

Övladı ilə qürur duyan T. Tağıyeva bildirib ki, səfirliyin bütün işçiləri dünən hava limanında ona minnətdarlıq bildirirdi: "Axşam ailələrlə görüşəndə Vasifə dua edirdilər. Deyirdilər ki, "Vasif onları ölümdən qurtardı". Onların sözlərinə mənə dünyalar oldu. Bundan qürurverici an ola bilməzdi".

Xatırladaq ki, yanvarın 27-si səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Onlardan biri də Vasif Naqif oğlu Tağıyevdir. O, əliyalın olmasına baxmayaraq silahlı terrorçunu zərərsizləşdirə və terror aktı zamanı daha çox insanın xəsarət almasına mane ola bilib.

Ötən gün səfirliyin bütün əməkdaşları Azərbaycana təxliyə edilib. Eyni zamanda yaralı iki nəfər və terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun nəşi gətirilib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti