Həkim-kardioloq Qalib İmanov deyib: “Ürək xəstəlikləri daha çox fiziki və emosional gərginlik zamanı baş verir. Pilləkən çıxarkən sinənin orta hissəsində göynəmə, yanma şəklində ağrı hiss edə bilər. Həmin ağrı hərəkətə başlayarkən yaranır, hərəkət artdıqca ağrı artır, dayanarkən ağrı azalır, keçir və yaxud davam edir. Bundan başqa təngnəfəslik, ağrı və təngənəfəsliklə yanaşı olan tərləmə şikayəti, həmin fonda təzyiqin yüksəlməsi, ürəkdöyünmə şikayəti əsasən kardioloji şikayətlərin ilkin əlamətləridir”.
Ürəyin işemik xəstəliklərində irsi və yaş faktorlarının da rolu var. Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirənlərin tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları vacibdir. O cümlədən piylənmədən əziyyət çəkənlər, şəkərli diabet, zərərli vərdişləri olanlar, yaşlılar, qanı tez laxtalanan, xolesterini yuxarı olanlar da əsas risk qrupu hesab edilir
“İrsi səbəblərdən kimdəsə ürəyin işemik xəstəlikləri varsa, onun ailədə təkrarlanma ehtimalı artır. Ona görə də zərərli vərdişlərdən, spirtli içkilərdən uzaq durmaq məsləhət görülür. Onlar siqaret çəkməmək, alkoqol qəbul etməməklə yanaşı öz çəkilərinə, gündəlik fiziki aktivliyinə nəzarət etməlidirlər”, - deyə həkim-kardioloq bildirib.
AzVision.az
Teqlər: