"İstərdim ki, Türkiyə və Azərbaycan çempionatları birləşsin" - Qurban Qurbanov

   "İstərdim ki, Türkiyə və Azərbaycan çempionatları birləşsin" -    Qurban Qurbanov
  26 Mart 2023    Oxunub:816
"Möhtəşəm atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Bütün təşkilatçılara da təşəkkür edirəm, əla şərait yaratmışdılar".
AzVision.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qalatasaray"la keçirdikləri xeyriyyə matçından (1:2) sonra təşkil olunan mətbuat konfransında deyib. O, baxımlı oyun keçdiyini bildirib: "Fanatlar üçün baxımlı oyun oldu. Oyundan çox razı qaldım. İşimizə görə çox şey qazandıq. Belə görüşlər həm futbola sevgini çoxaldır, həm də bizə böyük təcrübə verir. Oyunun mahiyyətini bilirdik, yardım məqsədilə keçirilmişdi. "Qalatasaray"a uğurlar arzu edirəm. Son vaxtlar böyük işlər görürlər. Qarşıdakı oyunlarda onlara uğurlar arzu edirəm".

Qurbanov ümumilikdə oyunu belə dəyərləndirib: "Dostluq oyunu idi. Daha sakit və aqressiv olmayan tərzdə oyun başladı. Futbol elə bir oyundur ki, oynadıqca aqressiya artır, istək çoxalır. Həm də, "Qalatasaray"ın gücünü nəzərə almaq lazımdır. İlk dəqiqələrdən sürətli idilər. Sadəcə standart vəziyyətdən qol buraxdıq. Böyük komandalara qarşı oynayanda ilk dəqiqələrdə həyəcan olur. Sonradan oyunu ələ aldıq, hücumlar etdik. Komandamın oyunundan razı qaldım".

Qurbanov "Qalatasaray" futbolçularının Bakıya gec - dünən gecə gəlməsi, həmçinin onunla görüşməməsi haqda bunları söyləyib: "Bəzən belə nüanslar olur. Məncə, burada inciyəcək bir şey yoxdur. Xırda detallara görə incimək bizə düşməz. Dostlarımızdan, qardaşlarımızdan küsməyə haqqımız yoxdur. Belə fikirlər olmamalıdır. Oyunun mahiyyəti hər kəsə aydındır".

Məşqçi baş hakim Əliyar Ağayevin "Qarabağ"ın qapısına penalti təyin etməsindən danışıb: "Heç nəyə ehtiyacımız yoxdur. Biz kiməsə borclu qalmaq, kimdənsə borc almaq istəmərik. VAR-a baxmadılar. Belə şeylərə görə hakimlərin üzərinə getmək düzgün deyil. Yoldaşlıq oyunu olsa da, idarə etmək asan deyil. İlk hissədə narazılıqlar oldu. Rəqib sərt oynadığımızı deyirdi. Onların dəyərli, bahalı futbolçuları var. İstəməzdilər kimsə zədələnsin, biz də. Hakimlər səhv etməkdən narahat idi".

Çalışdırıcı "Qarabağ"ın heyətində "Qalatasaray"da oynaya biləcək neçə oyunçu var?" sualını bu cür cavablandırıb: "Cavab verə bilməyəcəm. Fərqli çempionatlar, fərqli oyun üslubları var. Futbolçularım burada oynayır. Hər bir oyunçumu "Qalatasaray"da görmək istəyərəm. Bəlkə, kimlərsə daha tez uyğunlaşar. "Qalatasaray"ın futbolçularının keyfiyyətinə söz yoxdur. Onların topla rəftarı, düşüncəsi bunları göstərdi. Həqiqətən, qiymətlərinə, dəyərlərinə layiq oyunçulardır".

"Qalatasaray"a bizimlə oynamağa razılıq verdikləri üçün təşəkkür edirəm. İstərdim ki, Türkiyə və Azərbaycan çempionatları birləşsin, bir liqamız olsun. Qarşıda iki ölkə klublarının oyunları keçirilə bilər. Bu, bir başlanğıc oldu. Bu cür atmosfer tək Bakıda yox, digər bölgələrdə, hətta Türkiyədə də olar. Futbolumuzun inkişafı üçün belə oyunların daha çox keçirilməsi lazımdır. Bu cür görüşlər futbolu daha çox sevdirir. Bizim çempionatla onların liqası arasında fərq böyükdür. Çox istərdim ki, belə görüşlərin sayı çox olsun. Mənim narahatlıq keçirdiyim şey dostların bir-birinə qarşı oyunlarıdır. Çünki bəzən narazılıqlar olur və bu da futbolun prinsiplərindəndir. Bugünkü oyundan çox razı qaldım. Türkiyə futboluna uğurlar arzu edirəm. Hər zaman bir-birimizin yanındayıq" - deyə mütəxəssis bildirib.

Qurbanov bu oyun üçün sabiq futbolçusu, hazırda "Zirə"də çıxış edən Donald Geryeni komandaya dəvət etmişdi. Mütəxəssis "Geryeni yenidən komandanızda görmək istərdiniz?" sualına belə cavab verib: "O, "Zirə"nin futbolçusudur. Hazırda bu haqda fikir bildirə bilməyəcəyəm".

Qurbanov gənc qapıçısı Amin Ramazanovun "Qalatasaray"la matçdakı çıxışı haqda deyib: "Amin özünü yaxşı tərəfdən göstərdi. İlk dəqiqələrdən həyəcanlı olduğu hiss olundu. Futbolçuya böyümək üçün belə oyunlar lazımdır. Amin sona qədər soyuqqanlı, rahat və inamlı çıxış etdi. Digər tərəfdən, yoldaşlıq oyunu olması ona kömək etdi".

Mütəxəssis düşünür ki, milliyə yollanan futbolçular heyətdə olsaydılar, görüş daha baxımlı keçərdi: "Daha baxımlı oyun olardı. Bəlkə sona qədər dinamikanı saxlaya bilərdik. Digər tərəfədən, "Qalatasaray" da tam heyətlə deyildi. Tam heyətlə daha yaxşı oyun sərgiləyə bilərdik".

Qurban Qurbanov növbəti avrokuboklar mövsümünün yaxınlaşmasına da toxunub: "Biz ilk növbədə çempionatı uğurlu başa vurmalıyıq. Çalışmalıyıq ki, qrup mərhələlərinə düşək. 1/8 finalla qədər minimum vəzifəni yerinə yetirməliyik. Uğurlu nəticə üçün şanslarımız olub. Bəzən layiq olduğumuz halda, qələbə qazana bilməmişik. Əvvəlcədən nəticə ilə bağlı nəsə deyə bilmərik. Yaxşı komanda, heyət formalaşdırmalıyıq. Bunun üçün ilboyu çalışırıq. Daima gələcək üçün axtarışlarımız olur. Rəhbərlik deyir ki, hansı oyunçunu istəyirsiz, gətirəcəyik. Amma reallığa baxmalıyıq. O qədər futbolçu olub ki, razılaşmışıq, sonra alınmayıb. Bəzən bizdən az məbləğə başqa çempionata gediblər, Bakıya gəlmək istəməyiblər. Bizdən asılı olmayan nüanslar var. Düşünməyin ki, bu haqda fikirləşmir, gələcək planlara hazırlıq görmürük. Oyunçularımız getsə də, komandanın stabilliyini saxlaya bilmişik. Minimum işimiz olduğumuz yerdə qalmaqdır. Hər il eyni uğuru əldə etmək çətindir. İnanın ki, bizim üçün istədiyimiz oyunçunu əldə etmək asan deyil. Hazırlığımız gedir. Maya qədər bir neçə oyunçu əldə etməyə çalışacağıq. Bu işlərə ciddi yanaşırıq".

Çalışdırıcı stadionda "Qalatasaray" azarkeşlərinin çox olmasının onu narahat etmədiyini deyib: "Rəsmi oyun olsaydı, məncə, bizim fanatlarımız üstünlük təşkil edər. Hər şeydən razı qaldım".

AzVision.az


Teqlər:





Xəbər lenti