Putin aprelin 27-si Türkiyəyə gedə bilər

   Putin aprelin 27-si Türkiyəyə gedə bilər
  30 Mart 2023    Oxunub:866
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber” telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putinin aprelin 27-də ölkəyə mümkün səfərini açıqlayıb.
“Aprelin 27-də ola bilsin ki, cənab Putin də gələcək, ya da biz birlikdə onlayn sistem vasitəsilə əlaqə yaradaq və ümid edirəm ki, ilk addımı atacağıq”, - deyə Ərdoğan bildirib.

Bundan əvvəl Ərdoğan aprelin 27-də Mersində yerləşən "Akkuyu" AES-ə nüvə yanacağının çatdırılmasının planlaşdırıldığını bildirib.

Nüvə yanacağının Türkiyədəki "Akkuyu" AES-in tikinti sahəsinə çatdırılması və ərazidəki təzə nüvə yanacağı anbarında yerləşdirilməsi planlaşdırılır.

Yanacağın çatdırıldığı andan etibarən "Akkuyu" AES nüvə obyektinə, Türkiyə isə nüvə enerjisinə malik ölkəyə çevriləcək.

Rusiyanın iştirakı ilə tikilən "Akkuyu" AES Türkiyənin ilk atom elektrik stansiyasıdır.

Rusiyanın qabaqcıl VVER-1200 reaktorları ilə təchiz olunacaq dörd blokun hamısının istismara verilməsindən sonra stansiyanın ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi və Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcəyi planlaşdırılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti