Ombudsman beynəlxalq təşkilatlara çağırış edib

   Ombudsman beynəlxalq təşkilatlara çağırış edib
  31 Mart 2023    Oxunub:780
Son illər 31 Mart - azərbaycanlıların soyqırımı ilə əlaqədar aparılmış araşdırmalar, elmi tədqiqatlar nəticəsində ermənilərin azərbaycanlılara qarşı törətmiş olduğu soyqırımı cinayətlərini təsdiq edən çoxlu sayda tutarlı faktlar və sənədlər aşkar edilmişdir. Bu kontekstdə Quba şəhərində tapılan kütləvi məzarlıq ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətinin qanlı epizodlarından biridir. Burada yaradılan Quba Soyqırımı Memorial Kompleksi də həmin faktı əyani sübutlarla özündə əks etdirir.
Bunu Qubada keçirilən “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfransda çıxışı zamanı ombudsman Səbinə Əliyeva bildirib.

Ombudsman qeyd edib ki, Azərbaycana qarşı uzun illər ərzində həyata keçirilmiş etnik təmizləmə, soyqırımı, terrorçuluq və işğal siyasəti sonrakı illərdə də davam etdirilmişdir. Bunun acı nəticəsi olaraq müasir dövrümüzdə də çoxsaylı soydaşımız Ermənistanın müharibə cinayətlərinin qurbanına çevrilərək amansızcasına qətlə yetirilib və ya əlilliyə səbəb olan müxtəlif ağır xəsarətlər alıb, habelə əsir və itkin düşüb, girov götürülüb.

“İşğaldan azad olunmuş ərazilərimizdə kütləvi məzarlıqların aşkar edilməsi bir daha təsdiq edir ki, Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar beynəlxalq humanitar hüquq normalarına zidd olaraq amansız işgəncələrlə qətlə yetirilərək qeyri-insani formada dəfn olunmuşlar. Ermənistan isə hələ də itkin düşmüş şəxslərin taleyi barədə məlumatı, eyni zamanda, kütləvi məzarlıqların və minalanmış ərazilərin dəqiq xəritələrini təhvil verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.

Bir məsələni də vurğulamaq istərdim ki, çoxsaylı insan itkilərinə və xəsarətlərə səbəb olan mövcud mina problemi azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə, eləcə də sülhə ciddi maneə yaradır, təhlükəsiz qayıdışı ləngidir. Məlumat üçün bildirirəm ki, ümumilikdə, Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə Ombudsman tərəfindən 16 hesabat, 28 bəyanat, 7-si videoformatda olmaqla, 33 müraciət, 300-dən çox mətbuat açıqlaması, habelə 3 videoçarx hazırlanaraq, beynəlxalq təşkilatlara, məhkəmələrə göndərilib, geniş şəkildə yayımlanıb. Bu istiqamətdəki fəaliyyət hazırda da uğurla davam etdirilir", - deyə Səbinə Əliyeva söyləyib.

Ombudsman təəssüflə qeyd edib ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlərə, habelə terror və soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, Azərbaycana münasibətdə nümayiş etdirilən ikili standartlar səbəbindən sülh və insanlıq əleyhinə olan bu cinayətlərə beynəlxalq miqyasda hələ də adekvat reaksiya verilməyib: "Fürsətdən istifadə edib bir daha beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, azərbaycanlılara qarşı törədilmiş bu ağır cinayətlərə münasibətdə beynəlxalq hüquq normaları əsasında qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə, soyqırımı aktını tanımağa çağırıram".

AzVision.az



Teqlər:





Xəbər lenti