Amerikada məhbuslara niyə narıncı paltar geyindirilir?

  Amerikada məhbuslara niyə    narıncı paltar    geyindirilir?
  29 May 2023    Oxunub:4352
Geyimilə fərqlənə bilməmək dustaqlığın elementlərindən biridir. Bu, insanın fərqlənmək azadlığının məhdudlaşdırılması olmaqla yanaşı, praktik əhəmiyyət də daşıyır – ilk baxışdan onun kim olduğu bilinir. Əvvəlcə əksər ölkələr dustaqları fərqləndirrmək üçün zolaqlı paltarlardan istifadə edirdilər. Bu, cəmiyyətdə qəbul olunmayan, rədd edilən adamın simvolu sayılırdı.
Amma ABŞ-da məhbuslara parlaq narıncı paltar geyindirilir. Onların ardınca bu rəngdən bir sıra digər ölkələrdə də istifadə olunmağa başlanıb. Bu rəng artıq məhbəslə əlaqələndirilir. Bəs niyə bu rəng seçildi? Narıncı hansı məqsədə xidmət edir?

Zolaqlı paltarlar məhbusların qaçmasını çətinləşdirirdi. Çünki keçmişdə heç kim belə paltar geyinmirdi, zolaqlar şeytanın simvollarından biri, rədd edilmə əlaməti hesab olunurdu. Bu səbəbdən qaçaq hər yerdə gözə çarpır, özünə normal paltar almaq üçün yollar axtarmalı olurdu.

Zolaqlı dənizçi maykalarının meydana gəlməsi əvvəlcə zolaqlıların vəziyyətini yüngülləşdirdi, daha sonra onları dəb halına gətirdi. Odur ki, məhkumlar üçün başqa rəngdə paltarlar seçməyə başladılar. 1991-ci ildə Böyük Britaniya Avropada zolaqlı paltarlardan imtina edən sonuncu ölkə oldu.

Bəs niyə onları portağal rəngi əvəz etməyə başladı? Çünki belə paltarlar asan gözə çarpmaqla qaçağı hər yerdə ələ verir, ona diqqəti cəlb edir. Portağal rənginə təbiətdə və fasad dizaynında nadir hallarda rast gəlinir. O bütün digər rənglərlə təzad təşkil edir. Ona görə də, həbsxana daxilində məhbusların hərəkətinə nəzarət etmək və qaçaqları aşkarlamaq xeyli asan olur – narıncı rəng dərhal gözə çarpır.

Müşahidəçinin gözü parıltılı narıncı parçanı başqa rəngdə olan paltarlarla müqayisədə daha yaxşı seçir. Elə buna görə də, ondan yol işçilərinin paltarları və təhlükə nişanlarının dizaynında da istifadə olunur – narıncı rəngi görmək daha asandır.

Narıncı rəngə keçməklə bağlı hökumətlərin qərarını bəzi psixoloqlar da dəstəklədilər. Həbsxanalarda boz, tünd göy və qara çalarlar, onların fikrincə, yalnız ümumi depressiya və ümidsizliyi daha da gücləndirir. İnsan iradəsini itirir, dəyişmək üçün səy göstərmir. Psixoloqlar hesab edir ki, həbsxanadakı parlaq rənglər enerjini saxlamağa və daxili transformasiyaya təkan verməyə qadirdir. Narıncı rəng psixologiyada ənənəvi olaraq gələcək dəyişikliklərin, nikbinliyin və aktivliyin rəngi kimi qəbul edilir.

Tədqiqatçılar eyni zamanda iddia edirlər ki, narıncı bütün parlaqlığına və impulsivliyinə baxmayaraq, qırmızıdan fərqli olaraq, insanları aqressiv etmir.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Maraqlı  





Xəbər lenti