Qarabağ Universitetində işləyən müəllimlər nə qədər maaş alacaq?

 Qarabağ Universitetində işləyən müəllimlər nə qədər maaş alacaq?
  29 Fevral 2024    Oxunub:1013
Qarabağ Universitetində çalışacaq müəllim və işçi heyəti yaşayış yeri ilə təmin ediləcək.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almış, həmin müəssisələrdə akademik fəaliyyətlə məşğul olan azərbaycanlı ziyalıların bu universitetdə tədris prosesinə cəlbi nəzərdə tutulur.

"Bildiyiniz kimi ötən gün artıq Qarabağ Universitetinə proqram rəhbəri vəzifəsi üzrə ilk vakansiya elan edilib. Digər vakansiyalar da açıq şəkildə elan ediləcək. Əsasən, yaxın ərazilərdən olan professor-müəllim heyətinin prosesə cəlb edilməsi nəzərdə tutulur. Ali təhsil müəssisəsi tələbə-müəllim əməkdaşlığı əsasında qurulacaq və burada yeni tədris modelləri tətbiq olunacaq".

E.Əmrullayev qeyd edib ki, Qarabağ Universitetində əmək haqlarının orta göstəricidən bir neçə dəfə yüksək olması təmin ediləcək.

"Çünki biz yüksək ixtisaslı kadrları cəlb etmək istəyirik. Professor-müəllim heyəti üçün vakansiyalar elan olunacaq. Yaxın ərazilərdən olanların, məsələn, Ağdama, Şuşaya köçənlərin prosesə cəlb edilməsi nəzərdə tutulur. Yaxın günlərdə bununla bağlı Xankəndi və Şuşadan olan universitet müəllimləri ilə görüş keçiriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti