Xaricdən borc alınması azalıb: Səbəb və nəticələr | TƏHLİL

   Xaricdən borc alınması azalıb: Səbəb və nəticələr    | TƏHLİL
  14 Aprel 2024    Oxunub:1008
Ölkəmizə qarşı qısqanclıq yaradan məqamlardan biri də dovlət borcu məsələsidir. Bu məsələ müasir dövrdə bütün ölkələrin ən ağrılı yeridir. Dövlət borcu olmayan ölkə yoxdur. 2020-ci ildəki pandemiya borcların səviyyəsini bir az da şişirtdi. Bu mənada biz qibtəolunacaq vəziyyətdəyik.
İlin əvvəlində ölkəmizin ümumi dövlət borcu 26 milyard 850 milyon 400 min manat idi. Bu da keçən il, yəni 2023-cü il üzrə qeydə alınan ÜDM-in 21,8%-nə bərabərdir. Bunun 10 milyard 984 milyon manatı, yəni 6 milyard 461 milyon 200 min ABŞ dolları və yaxud 40,9%-i xarici, 15 milyard 866 milyon 400 min manatı və ya 59,1%-i isə daxili dövlət borcunun payına düşür.

Göründüyü kimi, xarici dövlət borcu daxilidən azdır. Əsas cəhət də elə məhz budur. Belə ki, 6 milyard 461 milyon 200 min ABŞ dolları həcmində xarici dövlət borcu səviyyəsi 2023-cü il ərzində qeydə alınmış 123 milyard 005 milyon 500 min manat ÜDM-in 8,9%-nə bərabərdir. Bu hətta inkişaf etmiş ölkələrin belə həsəd aparacağı rəqəmdir. Onlarda xarici dövlət borcunun ÜDM-ə nisbətdə səviyyəsi bundan dəfələrlə çoxdur.

Buna necə nail olmuşuq? Prezident İlham Əliyevin hələ illər öncə irəli sürdüyü təşəbbüsün nəticəsində dövlət borcunun idarə edilməsi üzrə müvafiq strategiya həyata keçirilir. Buna uyğun olaraq xarici borcun ümumi borc portfelində həcmi azaldılmaqla yanaşı, 2021-ci ildən ÜDM-in həcminin artması hesabına ona nisbətdə payı da azalır.

Beş il öncə, yəni 2018-ci ilin 24 avqustunda dövlət başçımızın 424 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiq edildi. Həmin sənəddə dövlət borcu sahəsində dayanıqlığı təmin etməklə onun ÜDM-ə nisbətdə həcmini tədricən azaltmaq vəzifəsi qarşıya qoyuldu. 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətdə yuxarı həddinin 30%-dən çox olmaması, 2025-ci ilədək 20%-dən aşağı salınması hədəf olaraq götürüldü.

Xarici borc öhdəlikləri səviyyəsini isə yerli maliyyə bazarını inkişaf etdirmək sayəsində ÜDM-in 10%-dən az olmasnı təmin etmək nəzərdə tutuldu. Həmin vaxt, yəni sözügedən Strategiya təsdiq olunan il xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3% təşkil edirdi. Keçən ilin əvvəlində isə bu rəqəm 2,5 dəfə azaldılaraq, 8,6%-ə salınmışdı. Bu ilin əvvəlindəsə, qeyd etdiyim kimi, 8,9%-ə bərabərdir.

2022-ci ilin 30 dekabrında “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” təsdiq edildi. Bu sənəddə də qarşıya eyni hədəflər qoyuldu. Strategiyada əvvəlki sənəddə müəyyən edilən əsas istiqamətlər və məqsədlər dəyişməz qalmaqla, 2022–2025-ci illər ərzində dövlət borcalmalarının idarə edilməsinə dair çərçivə müəyyən olundu və 2030-cu ilin sonunadək uzunmüddətli baxış irəli sürüldü. Yeni Strategiya da yalnız yeni borcalmalarla bağlı deyil, dövlət borcu və zəmanəti ilə alınan vəsaitlərlə də bağlı cari vəziyyətin təhlil edilməsini, riskləri və görüləcək tədbirləri əhatə edir.

Əgər 2018-ci ildə bu sənədlər ortaya qoyulmasa idi və ölkəmizdə dövlət borcu məsələsinə strateji yanaşma olmasaydı, indiyədək həm cari iqtisadi məsələlərə, həm 2020-ci ildə pandemiyaya, həm də lap elə 2021-ci ilin əvvəlindən etibarən işğaldan azad olunan ərazilərdə başlayan yenidənqurma və bərpa işlərinə görə bəlkə çoxdan borclanmaya getmişdik. Ancaq ölkəmiz bu illər ərzində borc almağı azaldıb. Əvəzində daxili borclanma genişlənib. Bunun da heç bir zərəri yoxdur - daxili maliyyə, xüsusən də onun ən mühüm seqmenti olan qiymətli kağızlar bazarı inkişaf edib və edir. Halbuki böyük enerji resurslarına sahib olduğumuzdan, ödəniş qabiliyyətli ölkəyik, xaricdən gen-bol borc vəsaitləri cəlb edə bilərik.

2023-cü ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 68,5 milyard ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin yekunu ilə müqayisədə 17% çoxdur. Təkcə Mərkəzi Bankın strateji valyuta ehtiyatları ötən il 29,1% artaraq 11,6 milyard ABŞ dollarına çatıb. Yəni istəsək, xarici dövlət borcumuzu bir günə bağlaya bilərik.

Ölkəmizdə bütün işlər sırf dövlətimizin maliyyə gücü hesabına həyata keçirilir. Təkcə Qarabağda və Şərqi Zəgəzurda indiyədək 4 milyard ABŞ dollarından çox vəsait xərclənib. Bu ilin sonuna rəqəm 6 milyardı keçəcək. Buna nəzərən xarici dövlət borcunun məbləği keçən il mütləq ifadədə 212,5 milyon ABŞ dolları (361,2 milyon manat) və ya 3,2% azalıb.

Borcların strukturu da əlverişlidir. Yanvarın 1-də xarici borcumuzun 87,9%-i ABŞ dollarında olub. Borcun tərkibində avro 5,4%, yapon yeni 2,9%, digər valyutalar 0,5%, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,3% paya malikdir.

Daxili dövlət borcunu da əsasən daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təşkil edir. Borcun 6 milyard 339,9 milyon manatı dövriyyədə olan dövlət istiqrazlarının, 175,5 milyon manatı buraxılmış veksellərin, 9 milyard 351 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.

Göründüyü kimi, hələ yetişməli olduğumuz yeganə hədəf ümumi dövlət borc səviyyəsinin ÜDM-in 20%-dən aşağı salmaqdır (keçən il 21,8% olub). Buna isə daxili borclanmanın səmərililiyini inkişaf etdirməklə tezliklə nail olmaq mümkündür.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İqtisadiyyat   Borc   Təhlil  





Xəbər lenti