Elektron Təhlükəsizlik Xidməti əhaliyə xəbərdarlıq etdi

   Elektron Təhlükəsizlik Xidməti  əhaliyə xəbərdarlıq etdi
  10 İyun 2024    Oxunub:1182
Son vaxtlar vətəndaşların bank kartlarından kiber üsulla onların vəsaitlərinin oğurlanması hallarına rast gəlinir. Xüsusilə, tez-tez insanlara naməlum şəxslər tərəfindən xarici ölkələrə məxsus nömrələrdən, xarici ölkə vətəndaşlarına məxsus sosial şəbəkə hesablarından mesaj və ya zənglər gəlir. Yayılan məlumatlara görə, bu mesaj və ya zənglərə cavab verildikdə onların şəxsi məlumatları ələ keçirilir və ya onlara qarşı digər dələduzluq halları törədilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) AzVision.az -a bildirilib ki, qurum tərəfindən qeyd olunan dələduzluq hallarının qarşısının alınması ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirlərinin həyata keçirildiyi deyilib:

“Tədbirlərin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və onlayn mühitdə təhlükəsizliyin təmin edilməsidir. Həmçinin rəqəmsal medianın sosial şəbəkə seqmentində kibertəhlükəsizliklə bağlı maarifləndirici paylaşımlar icra edilir. Paylaşımlarda vətəndaşların dələduzluq hallarında nələrə diqqət yetirmələri və kibertəhlükəsizlik baxımından hansı təlimatlara əməl etmək barədə məlumatlar qeyd olunur. Digər tərəfdən, daxil olan vətəndaş müraciəti əsasında kibertəhdidlərin qarşısının alınması istiqamətində müvafiq profilaktik tədbirlər həyata keçirilir".

Açıqlamada o da qeyd olunub ki, son zamanlar belə halların sayının artmasının başlıca səbəblərindən biri vətəndaşların fərdi məlumatlarının təhlükəsizliyinə diqqət yetirməmələri ilə əlaqədardır:

“Belə ki, fərdi məlumatların ictimaiyyətə açıq şəkildə sosial şəbəkələrdə yerləşdirilməsi, həmçinin bilinməyən mənbələrdən göndərilən şübhəli keçidlər vasitəsilə cihazların zərərverici proqrama yoluxdurulması potensial kiberhücum cəhdlərini asanlaşdırır. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan tanımadıqları şəxslərdən gələn zənglərə, iş təkliflərinə, həvəsləndirici tapşırıqlara qarşı diqqətli olmağı, həmçinin bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə edir. Bununla yanaşı, hər hansı bir qurumun adından keçirilən kampaniya tipli məlumatları müvafiq qurumun özü ilə dəqiqləşdirmək tövsiyə olunur".

AzVision.az



Teqlər:





Xəbər lenti