Kursk əməliyyatı: Müharibənin dəyişən aksenti və Qərbin yırtılan maskası

      Kursk əməliyyatı:    Müharibənin dəyişən aksenti və Qərbin yırtılan maskası
  16 Avqust 2024    Oxunub:6514
Ukrayna ərazilərində 3-cü ildir ki, Rusiya ilə davam edən müharibənin ağır nəticələri Kiyev tərəfindən döyüş əməliyyatlarının gedişatına ciddi təsir edəcək addımların atılması zərurətini yaradırdı. Keçən ilin yayında Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əks hücum əməliyyatları ciddi bir nəticə vermədi. Rusiya ərazisindəki kəşfiyyat qrupları da məqsədlərinə nail ola bilmədi.
Rusiyanın son aylar ərzində zəif templə də olsa, hücumlara davam etməsi Ukrayna ordusunda mənəvi psixoloji gərginliyi artırırdı. Bu gərginliyin qarşısını almaq üçün Kiyevin Rusiyanın Kusrsk vilayətini əks hücum hədəfi olaraq seçməsi, bu ərazidə yerləşən 82 yaşayış məntəqəsini və ümumilikdə 1200 kv.km. ərazinin ələ keçirməsi hərbi strategiya baxımından başa düşülən addımdır. Ukrayna Rusiya ilə müharibədə vəziyyəti dəyişmək üçün hərbi əməliyyatları qarşı tərəfin ərazisinə daşıması Kermlin Ukrayna ərazisindəki hərbi fəaliyyətlərinə mənfi təsir edir. Bu, bir tərəfdən əməliyyatlar zonasını Rusiyanın hesabına genişləndirir, digər tərəfdən isə rus ordusunun ərazilərdə tam həcmli əməliyyat keçirməsinə maneələr yaradır.

İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, Rusiya ərazisində başqa bir ölkənin hərbi kontingenti uğurlu əks hücum əməliyyatları həyata keçirir.Bu əməliyyatlarda NATO və Qərb istehsalı olan texnika və silahlar, o cümlədən Ukrayna ordusunun F-16 qırıcıları iştirak edir. Döyüş əməliyyatları teatrında baş verən proseslər Ukrayna ordusunun yaxın perspektivdə Rusiya ərazisindən çıxmayacağını, əks hücumlarını davam etdirməklə əldə edilən plasdarmı genişləndirərək 8 km aralıdan keçən E38 magistralına, 20 km aralıda yerləşən Kurçatov Atom Elektrik Stansiyasına və 42 km məsafədəki vilayət paytaxtına nəzarəti təmin etmək niyyətində olduğunu, Rusiya ordusunun isə uzunmuddətli müdafiəyə hazırlaşdığını deməyə əsas verir. Rusiya itiridiyi ərazilərdən mülki əhalini tam təxliyyə edə bilməsə, demək olar ki,Ukrayna qoşunları bu il ərzində Rusiya ərazisində qalacaq.

Eyni buna bənzər proseslər əvvəlki illərdə Azərbaycan-Ermənistan şərti dövlət sərhədlərində baş verib. Vətən Müharibəsindən sonra məğlub Ermənistan daim sərhəddə hərbi plasdarmlar əldə etməyə və bu vasitə ilə Azərbycana qarşı hücumlar həyata keçirməyə çalışırdı. 2021-ci ilin may ayında Laçın rayonu ərazisində həyata keçirilən “Qaragöl” əməliyyatı və 2022-ci ildə Kəlbəcər istiqmətindəki “Qisas” əməliyyatı nəticəsində Ermənistan ordusunun məkrli döyüş niyyəti darmadağın edildi, düşmən növbəti dəfə məğlubiyyətə və ciddi itkilərə məruz qaldı.


Azərbaycanın hərbi birləşmələrini mühasirəyə almağı və ərazilərini yenidən işğal etməyi planlaşdıran Ermənistanın gözlənilən təxribat planlarının qarşısını almaq üçün Ordumuzun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində strateji və operativ əhəmiyyət daşıyan bir sıra hakim yüksəkliklər nəzarətə götürüldü, düşmənin plasdarmlar yaratmaq niyyəti tam iflasa uğradıldı. Nəticədə Ordumuz təxribat törədilən ərazilərimizdə yerləşən düşmən mövqelərində qərarlaşdı. Hazırda bu mövqelər Azərbaycan Ordusuna Ermənistan ərazilərini geniş müşahidə imkanları verir.

Bu əməliyyatlardan əvvəl Azərbaycan dəfələrlə Ermənistana təhlükəli fəaliyyətlərdən çəkinmək barədə xəbərdarlıq edib. Lakin erməni hərbi siyasi rəhbərliyi başlarına gələn bu qədər fəlakətdən dərs çıxarmayıb atəşkəsi pozmağa və Azərbaycan əraziləri üzərində dronla müşahidələr aparmağa cəhd edirlər. Son yarım gün ərzində Ermənistan tərəfi Naxçıvan istiqmətində iki dəfə atəşkəsi pozaraq bölmələrimizin mövqelərini atəşə tutublar. Yenə də Azərbaycan tərəfi Ermənistanı gərginlik yaratmamağa çağırır, lakin qarşı tərəf tərəf təxrabatlara son qoymaq əvəzinə rəsmi məlumatlarımızı təkzib edir. Bu isə vəziyyəti daha da gərginləşdirir.

Vaxtilə suveren ərazilərində Ermənistanın plasdarm yaratmaq cəhdinin qarşısını alan Azərbaycanı isterik bəyanatlarla dayandırmağa çalışan ABŞ və Qərb ölkələri, bu gün Ukraynanın Rusiya ərazisində hərbi əməliyyatlar keçirməsinə bəraət qazanıdırır, hərtəfli dəstək göstərir və hətta F-16 qırıcılarının, “Abrams”, “Challenger 2” və “Leopard” tanklarının, uzaqmənzilli “Storm Shadow” raketlərinin, M777 haubitsalarının, HIMARS reaktiv yaylım atəşi sistemlərinin, “Harpoon” raketlərinin, NLAW, “Stinger” və “Javelin” raket komplekslərinin və adını çəkmədiyim yüzlərlə texnika və vasitələrin Rusiyaya qarşı istifadəsinə imkan yaradır. Halbuki müharibə zamanı Azərbaycan ərazisindəki aerodromda dayanan və bir dəfə də olsun döyüş zonasına tərəf uçuş keçirməyən Türkiyənin F-16 qırıcıları ilə qərb mətbuatında yayılan dezinformasiyaları yaxşı xatırlayırıq.

Belə çıxır ki, Ukrayna Rusiya ərazisində öz dövlət maraqlarını qoruyanda və 1200 kvadrat kilometrlik ərazini nəzarət götürəndə ABŞ və Qərb ona hərtərəfli dəstək verir, Azərbaycan isə Ermənistan ərazisinə daxil olmadan sərhədində plasdarm yaradılmasının qarşısını almaq üçün əməliyyatlar keçirəndə eyni ölkələrin neqativ reaksiyası ilə qarşılasır. Bəziləri isə, xüsusilə Fransa Prezidenti Emanuel Makron və AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel qeyri adekvat və ikiüzlü bəyanatları ilə anti-Azərbaycan siayasəti aparmaqla bizə qarşı təzyiq göstərməyə çalışırlar. Lakin ermənipərəst qüvvələr unutmalı deyil ki, bütün bu bəyanatlar Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə təsir edə bilməz. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı öz fəaliyyətini Borel və ya Makron kimi sağlam məntiqdən uzaq siyasi cəsədlərin əsassız bəyanatlarına görə deyil, Azərbaycanın milli və dövlət maraqları çərçivəsində həyata keçirir. Ermənistan birdəfəlik anlamalıdır ki, atəşkəsin pozulması, Azərbaycan vətəndaşının həyatını itirməsi və ya xəsarət almasına görə İrəvan mütləq cəzasını alacaq və buna kimsə mane ola bilməyəcək.

Biz bir növ adət etmişik ki, ABŞ, Qərb ölkələri hər addımda ikili standartlar nümayiş etdirir, ikiüzlü siyasət yürüdürlər. Məhz bu münasibət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin 30 il sürməsinə şərait yaratdı. Ancaq necə olur ki, bir halda təcavüzə məruz qalmış ölkəyə hər cür dəstək verilir, yardım göstərilir, başqa halda isə digər ölkəyə öz torpaqlarını azad etmək, ədaləti bərpa etmək çox görülür. Bu nədir, geosiyasi maraqlar, xristian həmrəyliyi, yoxsa başqa səbəblər var ?

Ermənistana və oradan da digər ölkələrə miqrasiya edən ermənilərin dərdini çəkməkdən gözünə yuxu getməyən ikiüzlü siyasətçilər, nədənsə 30 illik işğal dövründə Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşən və haqqları müdafiə olunmayan yüzminlərlə azərbaycanlını heç görmədilər. Bu günə qədər davam edən Ermənistanın mina terroru və erməni vandalizmi nəticəsində dağıdılan Azərbaycan əraziləri barədə kəlmə kəsməyənlər heç olmazsa bir az səmimi olmalıdlrlar.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər:





Xəbər lenti